Birinci dəfə 17 yaşımda məni məcburi olaraq öz qohumumuza verdilər. Xasiyyətimiz tutmadığı, həm də qohum olduğu üçün ayrıldım. Neftçalada yaşayırdıq. Ayrılandan sonra Bakıya köçdük. Normal qaydada işə gedib, evə gəlirdim. Heç bir ay olmadı ki, bir oğlanla tanış oldum. 19 günün içində cinayət törətdim. Onun kimi murdara görə az qala qatil olurdum.

Bunu Oxu.Az-ın müxbiri ilə söhbətində 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 23 yaşlı Abdullayeva Könül Azər qızı deyib.

A.Könül 1996-cı ildə Neftçala rayonunda anadan olub. Orta təhsillidir.

Məhbus deyir ki, həyatının ən gözəl günlərini dörd divar arasında keçirdiyi üçün özünü bağışlaya bilmir:

“Neftçalada doğulmuşam. Orta məktəbi bitirmişəm. Ailəmiz çox sadə, mehriban olub. 17 yaşıma qədər ailəmlə aramızda möhkəm bağlar olub. Elə ki, 17 yaşımı tamamladım, məni sevmədiyim  birinə məcbur ərə verdilər. Evləndik. Xasiyyətimiz də tutmadı, həm də qohum olduğu üçün mən istəmədim və ayrıldım.

Boşandıqdan sonra anam, qardaşım, balaca bacım və mən Bakıya gəlib işləməyə başladıq. Hər gün işə gedib, evə gəlirdim. Atam boşandığım üçün mənimlə danışmırdı. Soyuqluq yaranmışdı. Amma mən düzələcəyinə ümid edirdim”.

“12 yaş məndən böyük kişiyə aşiq oldum”

Məhbus qadın deyir ki, 2017-ci ilə qədər həyatlarını qaydasına salmaq üçün dörd bir əldən işləyirdilər. Hər şey həyatını dəyişən o kişi ilə qarşılaşana qədər baş verib:

“Mən istəyirdim ki, ailəm, uşaqlarım, ərim olsun. Xoşbəxt qadın olmaq istəyirdim. Bir gün onunla qarşılaşdım. 12 yaş məndən böyük idi. Mənim o vaxt 21 yaşım vardı. Danışmağa başladıq. Sonra bildim ki, o da əvvəl evli olub, ayrılıb.

Mənə o qədər vəd verirdi, yerimdə hansı qadın olsa, aldanardı. Deyirdi, ailəmiz olacaq, uşaqlarımız, xoşbəxt həyatımız olacaq. Hansı qadın şirin sözlərə aldanmayıb ki?! Sonra bir yerdə yaşamaq istədiyini dedi. Mən də razılaşdım.

Anama deyəndə, “getmə, bala, evdə qal” dedi. Amma mən “öz həyatımı qurmaq istəyirəm, xoşbəxt olmaq istəyirəm” deyib getdim. Atamla arada soyuqluq yarandı. Bir il dörd aydır həbsdəyəm, bir dəfə də olsun yanıma gəlməyib.

Biz birlikdə yaşamağa başladıq. Əvvəlcə hər şey yaxşı gedirdi. Sonra söz-söhbət düşməyə başladı. Mənə nalayiq sözlər deyirdi, təhqir edirdi. Amma vurmaq, döymək olmayıb.

2017-ci ilin oktyabr ayı idi. Aramızda mübahisə düşdü. Anama, 13 yaşlı balaca bacıma dil uzatdı. Təhqir edib, söyüş söydü. “Sözünü geri götür, anama dil uzatma” dedim. Eşitmədi. Mən də bıçaqla qarın nahiyəsindən vurdum. Yerə yıxıldı, amma ölmədi. Çiynindən tutub qapıdan çölə atdım”.

“Onun qardaşı mənə haqq verdi ki, düz eləmisən”

Məhbus deyir ki, bıçaqladığı şəxsin ölmədiyi üçün şükür etsə də, anasının əzab çəkməsi, gəncliyinin barmaqlıqlar arasında keçməsi onun tək peşmanlığıdır:

“Cinayəti törətdikdən sonra evdə qaldım. Bir müddət sonra qardaşı mənə zəng elədi ki, xəstəxanadayıq. Qardaşım əliyyata girir, amma səndən şikayətçi deyil. Bu sözü desə də, nömrəmi polisə vermişdi.

Polis mənə zəng edəndə dedim ki, işlərimi həll edib, özüm gəlib təslim olacağam. Elə də oldu. Getdim xəstəxanaya, hadisənin necə baş verdiyini ailəsinə danışdım. Qardaşı mənə haqq verdi ki, yaxşı eləmisən. Biz səndən şikayətçi deyilik. 2018-ci il fevralın 28-i tutuldum. Şikayətçi olmadıqlarına görə üç il həbs cəzası verdilər”.

“Həyatımda bir daha belə bir şey yaşasam, cəzasını verərəm, amma belə yox”

Anası ilə hər görüşdüyündə onun öyüd-nəsihətlərinə qulaq asdığını deyən K.Abdullayeva buna daha əvvəl riayət etmədiyi üçün peşman olduğunu deyir:

“Anam mənə “getmə, qızım” deyəndə ona qulaq assaydım, bəlkə də, indi burada deyildim. Bundan sonra həyatımda kim olacaq, necə olacaq bilmirəm. Qardaşım məndən böyükdür. Onun mənə münasibəti də atam kimidir. Bacım balacadır, hələ oxuyur.

Buradan çıxım, məhv etdiyim hər şeyi bərpa etmək üçün çalışacam. Mənim etdiyim səhvi etmək istəyən qızlar varsa, etməsinlər. Elə vicdansız kişilərə görə həyatlarını məhv etməsinlər”.