Rauf Arifoğlu: “Ramiz Mehdiyev getməli idi və getdi; onunla birlikdə böyük bir dönəm də tarix oldu”

“Yeni Müsavat’’ Media qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu BakuPost saytına geniş müsahibə verib. Musavat.com həmin müsahibəni təqdim edir:
– Rauf bəy, bu il “Yeni Musavat” qəzetinin 30 yaşı tamam olacaq. Müstəqilliyimiz ilə həmyaşıd olan “Yeni Musavat” bu 30 ildə nələri itirdi, nələri qazandı?

– Qəzetimiz əslində, Azərbaycanın müstəqilliyindən iki yaş böyükdür, müstəqilliyə aparan xalq hərəkatı ilə yaşıddır. Bu 30 il ərzində qəzetimiz Azərbaycan xalqının, oxucusunun etimadını, tarixdə yerini qazandı. Azərbaycanın ikinci dəfə dövlət olma prosesində bilavasitə iştirak elədi və mümkün qədər dəstəyini verdi. Nəticələr də ortadadır… İtirdiklərimiz də var. Bu yolda və bu müddətdə bir neçə əməkdaşımız, yaxın dostlarımız dünyasını dəyişdi. O cümlədən, qəzetimizin yaradılışının ilk illərində əlində silah, könüllü kimi Azərbaycan uğrunda şəhid olan yoldaşlarımız, dostlarımız, “Yeni Musavat”çılar da oldu. Çünki “Yeni Müsavat” yalnız qəzet deyil, milli azadlıq hərəkatının içindən və tələblərindən doğan, onun bir parçası olan mübarizə platforması kimi qurulub… Biz milli hərəkatın yaşayan ən uğurlu layihələrindən biri kimi, bu 30 il ərzində adımızı həm ölkə, həm də media tarixinə yazdıra bildik. Möhürümüzü tarixə basdıq da deyə bilərik. Üstəlik, son 10 ilimiz media platformasına keçid baxımından çox önəmlidir. Müstəqil ofisimizi qurduq, saytlar, sosial media səhifələri, “Minval” adlı ikinci media brendinin yaradılması, internet televiziya qurulması, print media auditoruyasını böyüdüb, nyu-mediaya tam keçidin təmin olunması məhz son 10 ilin nəticələridir.
– Amma əvvəlki dövrlərdə xalq sizi, həm də aktiv siyasətçi olaraq radikal mövqeyinizlə tanıyıb, sevdi. Hətta deyərdim ki, sizin bu radikallığınızın “Yeni Musavat”ın yaxşı mənada nüfuzuna çox ciddi təsiri olmuşdu. Amma artıq bir xeyli vaxtdır ki, Rauf Arifoğlu siyasi proseslərdə bir qədər susqunluğunu qoruyub saxlayır. Sizcə cəmiyyətə o dövrdəki Rauf Arifoğlu lazımdır, yoxsa məsələlərə hamı kimi üzdən yanaşan Rauf Arifoğlu?
– Özüm haqqında susqun tərifi işlətməzdim. Çox fəalam və özümü siyasətin tam mərkəzində hiss edirəm, üstəlik, əvvəlki zamanlardan da çox danışıram. Televiziyalarda, sosial media, saytlarda mənim çıxış, müsahibə və yazılarım sıraya düzülüb. Böyük siyasətə təsirlərim də heç zaman indiki kimi yüksək olmayıb… Bu sualı ünvanladığınız Rauf Arifoğlu son 30 ildə bir neçə formasiya yola salıb, 5 dövlət rəhbəri, iki prezident səlahiyyətlərinin icraçısı, çox sayda baş nazir və nazirlər, dövlət katibləri, bir neçə çağırış parlament və nələr-nələr yola salıb. Həm də onları yalnız müşahidəçi kimi yola salmamışam. Meydanlarda olmuşam, tarixi həm yaşayıb, həm də yazmaq şansını reallaşdırmışam… İndi də belədir. Siz məndən bu müsahibəni alan gün daha bir tarixi hadisənin, dövr-təslim prosesinin içindəyik. Yenə fəalıq, yenə mərkəzdəyik, yenə əsas tribunayıq, yenə proseslərə yön və rəng verməyə çalışırıq… Yəni son 30 ildə mənim işim ancaq bu olub.
– Ancaq qəzetiniz əvvəlki gücdə və populyarlıqda deyil, bunu inkar edirsiniz?
– İddia edirəm – hazırda şərti adı ”Yeni Müsavat” qəzeti olan media qrupumuzun nüfuzu və populyarlığı 90-cı illərlə müqayisədə çox üstündür, güclüdür. “Yeni Müsavat” Media Qrupuna aid olan istənilən bir elektron KİV-in imkanları və əhatə dairəsi 90-cı illərdəki kağız qəzetlə müqayisədə dəfələrlə üstündür. O dövrdə biz cəmi 25-30 min nüsxə kağız qəzet buraxırdıq. Başqa heç nə! Bu gün təkcə musavat.com saytının əhatə dairəsi gün yüzminlərlə ölçülən auditoriyadır. Qəzetə bağlı 140 min təqibçisi olan Facebook səhifəmiz var, 60 minlik rus dilində “Minval” adlı Facebook səhifəmiz, rusdilli arealda yayın yapan minval.az adlı saytımız, 75 min abunəçisi olan online televiziyamız var… Əvvəl bir qəzetimiz vardı, indi onun üzərində 4 saytımız, sosial mediada özəl seqmentimiz, televiziyamız var. Bunların hamısı da aktiv, populyar platformalardır. Hesab edirəm ki, hazırkı işim daha effektlidir.
Rəhbərlik etdiyim qəzetsə zaman- zaman mənim iradəmlə, mənim istəyimlə, eyni zamanda kollektivin maraqları ilə müxtəlif pozisiyalarda oldu. Bir zamanlar biz Sovet hakimiyyətinə qarşı mübarizə aparırdıq. O mübarizədə ön cərgədə idik. Hətta, həm silahlı müharibənin içərisində iştirak edirdik, həm də yazılı – informasiya savaşının. Sonra biz dövlətin qurulma prosesində iştirak etdik. Daha sonra iqtidarın, Elçibəy komandasının yanında olduq. Sonra Elçibəy komandası ilə birlikdə biz də müxalifətə keçdik. Uzun müddət müxalifətdə qaldıq. Çoxsaylı və təkidli dəvətlərə baxmayaraq, müxalifətdə lider dediyimiz şəxsin bütün siyasi teatrlarında, kampaniyalarında yanında olduq. O meydandan qəflətən çəkiləndən sonra isə bizim dəstəkləməyə adamımız olmadı. Mən İsa Qəmbərdən boşalmış meydanı “sulayan” Əli Kərimlini dəstəkləyə bilməzdim. Çünki o, məni, mən də onu özümüzə düşmən bilirik. Kim öz düşməninini dəstəkləyər ki? Siz dəstəkləyərsiz?
– Söhbət Əli Kərimlini dəstəkləməkdən getmir. Söhbət sizin siyasi mövqeyinizin istiqamət dəyişməsindən gedir…
– Ortada mövqe deyilən bir şey qalmamışdı və mən qəzetimi də götürüb, özümə mövqe qurmağa başladım. Mövqe dediyiniz yerdə bir Arif Hacılı vardı, bir də Əli Kərimli. Bir də “Yeni Müsavat” vardı, ortada qalmışdı. Seçimimi qəzetdən yana etdim, hər kəslə yeni münasibətlər sistemi yaratdım, bunun sayəsində gücləndim, indi sizinlə öz mövqeyimdə – özümün qurduğum ofis və platformamda danışıram. O qərarı verməsəydim, sizinlə ən yaxşı halda, Müsavat Partiyasının miz iyi verən ofisində danışacaqdım… Ən pis halda isə, Arifin yaxın ətrafı günün birində əllərinə ağac alıb, bizim jurnalistləri oradan qovub, küçəyə tökəcəkdilər və sizlər də gəlib “Yeni Müsavat”ın bu acınacaqlı, küçədə qalmış durumunu çəkib, göstərəcəkdiniz… Yox, bu ssenari məni qane etməzdi. O cür şikayətçi olmağımdansa, məndən şikayətçi olsunlar. Necə ki, indi elədir.
 Arif Hacılını, Əli Kərimlini niyə dəstəkləmədiniz ki? Onların hansı cəhətləri sizi qane etmədi?
– Əli Kərimli ilə düşmən kimiyik. Bayaq dedim, bunu. Siyasətdə öz düşmənini dəstəkləmək axmaqlıq nümunəsi olardı. Onu 29 ildir tanıyıram, bu müddətin ən azı, 22-23 ilini düşmən kimi olmuşuq. Elçibəyin Kələkiyə getməsindən bir müddət sonra Əli Kərimli qəfil fəallaşdı və təşkilatı ələ keçirtdi. Mən də Elçibəyin mövqelərini müdafiə edirdim və bəzən də ondan təlimat alırdım. “Yeni Müsavat” 1997-ci ilə qədər Kələkinin səsi, yayın orqanı olub. Yəni, Elçibəyin. Bax, bu konteksdə toqquşmalar başladı… Arada 1-2 il dost olmuşuq, sonra yenə dalaşmışıq. Qarşılıqlı ittihamların məzmunu dəyişir, amma mahiyyət dəyişmir.
Mənimki Əli Kərimli ilə tutmur. Amma onu yaxşı tanıyıram. Belə bir siyasət manyakının iqtidara iddia etməsi belə Azərbaycanı qarışdırır, gərginlik yaradır, mühüm, açar xarakterli proseslərə mane olur. Onun iqtidar olması, böyük fəlakət olardı. Bu baxımdan, Əli Kərimliyə ən kiçik dəstək vermək belə, Azərbaycanın gələcəyini təhdid altında qoymaqdır. Arif Hacılıya gəlincə… onu da yaxşı tanıyıram və buna görə də ona dəstək verə bilməz, yanında qalmağı da özümə sığışdırmazdım. Heç Arifə də mənim və “Yeni Müsavat”ın böyük dəstəyi lazım deyildi. O, öz mahiyyətinə uyğun balaca bir təsərrüfat qurmaq istəyirdi və buna görə də bütün böyük fiqurları Müsavatdan uzaqlaşdırdı. Arzusuna çatıb, təsərrüfatında oturub, özünü və yaxın ətrafını dolandırır…
– Yəni deyirsiniz ki, əslində, siyasi mövqeyinizi dəyişməmisiniz… İsa Qəmbərin mövqeyi dəyişdi?
– Məncə, siyasi mövqe məsələsini izah elədim. Sadəcə, onu deyim ki, siyasi mövqe bəzən elə dəyişmək üçündür. İsa Qəmbərə dair suala gəlincə…Əgər İsa Qəmbər meydanda və təşkilatda ən azı, 2015-ci ilin parlament seçkilərinə qədər qalsaydı, hər şey tamamilə başqa cür olacaqdı. Bunu dəqiq məlumatlar əsasında və əminliklə deyirəm. Mən də təbii ki, Müsavatda qalacaqdım. Lakin təəssüf ki, İsa Qəmbər, həm Müsavatdakı missiyasından, həm də hakimiyyət uğurundakı iddialarından tam halda geri çəkildi. Mən özümə tək siyasi lider hesab etdiyim İsa Qəmbərin bu çəkilişindən sonra, qərarımı verdim.
– Bir zamanlar hamınız eyni ideya ətrafında birləşmişdiniz. Cəbhəçilərin sonradan sizə qarşı bu aqressiyasını formalaşdıran amil nə oldu?
– Məncə bunu bayaq dedim. Mənim cəbhəçilər və ya özümünkü olan müsavatçılarla heç bir problemim yoxdur. Problem də, “amil” də Əli Kərimlidə və Arif Hacılıdadır. Mənə qarşı sosial mediada qarayaxma kampaniyasını da şəxsən onlar körükləyirlər. Məni cümlə xəyanətlərdə ittiham edirlər. Amma əslində əməllərinə, Azərbaycana, Cəbhə və Müsavat simvollarına vurduqları zərbələrə görə xain də, xəyanətkar da onlardır. Belə birilərinin, ölkə siyasətinə nifrət leksikonunu gətirənlərin iqtidar ola bilmə ehtimalını düşünün. Onlar Azərbaycanın yarısını öz kin və nifrətlərində boğarlar.
– Bayaq da dediniz ki, cəbhəçilər sosial şəbəkələrdə sizi söylədiyiniz fikirlərə görə təhqir edirlər. Çox qəribədir ki, siz bu söyüş və təhqirlərə rəğmən yenə, hətta bəzən çox da vacib olmadığı təqdirdə belə onların hiddətinə səbəb ola biləcək çıxışlar edirsiniz. Bəzən adama elə gəlir, bunu planlı şəkildə edirsiniz.
– Mən onlara sadəcə, əhəmiyyət vermirəm. Nə də onlara istinad edib işləmirəm, tarixə və Allaha istinad edib işləyirəm. Düz yolda olduğumu da bilirəm. 100-200, lap elə, 1000 adamın ağız-ağıza verib mənim haqqımda nə isə yazmasının əhəmiyyəti nədir ki? Mən 30 illik keçmişi olan bir qəzetin qurucusu və fəaliyyətdə olan baş yazarıyam. Bu 30 il ərzində mənim haqımda bilirsiniz nə qədər adam danışıb və yazıb? İstər iqtidardan, istər müxalifətdən… Onların çoxu həyatda yoxdur artıq, amma mən yaşayıb-yaradıram, fəaliyyətimə davam edirəm. İndi danışanlara da Allah ömür versin, onların sayəsində biz bilirik sağda-solda nə var və qiymətimiz də bəzən onların mənə qarşı fəallığı ilə ölçülür… Yəni, ölümlü bir bəndənin dediklərinə əhəmiyyət verməyə dəyməz. Doğru bildiyin nədirsə, onun arxasınca gedəcəksən. Allahın qarşısında hesabat verəcəksən. Sən doğrusanmı? Dürüstsənmi? Sən adilsənmi? Bu suallar qarşısında mənim alnım açıqdır – heç narahat deyiləm .
– Müsavat Partiyasının yaranmasında xidmətləriniz olub. Uzun illər qəzetiniz partiyanın maraqlarına xidmət edib. Belə bir müstəvidə partiyanın liderliyinə iddianız olmadımı?
– Arif Hacılının indiki vitrinindən fərqli olaraq İsa Qəmbərin vitrini çox parlaq idi. Heç olmasa onun ətrafında ən azı, on nəfər ikinci ola biləcək siyasətçi var idi. Arif də onlardan biri idi. Bizim içərimizdə ən çətin, ən konfliktli, ən kindar adam da Arif Hacılı idi. Lakin İsa Qəmbər onu seçdi – Arifi hələ də İsa Qəmbər seçir, qurultay-filan ikinci dərəcəlidir. Buna görə də orda bizim qalmağımızın mənası yox idi və heç kim də qalmadı. Çünki əvvəldən proqnozlaşdırılmışdı ki, idarəçilik Arif Hacılıya keçərsə, o ilk növbədə öz təsərrüfatını yaratmağa çalışacaq və bütün güclü adamları oradan uzaqlaşdıracaq. Elə bu cür də oldu.
– Siz çox idiniz əslində… Arif Hacılıya qarşı çıxa bilmədiniz?
– İsa Qəmbərə qarşı çıxmadıq… Niyə də qarşı çıxaydıq ki? Mən öz yaratdığım qəzeti və siyasətçinin ən böyük var-dövləti olan ‘siyasi mövqeyimi’ götürüb aralanmağı ən yaxşı yol bildim. Bu gün də əslində, onlara qarşı çıxmıram, Əli Kərimlini “vurduğum” kimi onları amansızca “vurmuram”. İstəsəm, partiyaya da, qərargaha da qarşı iddialar qaldıraram və bunları hüquqən nəticələndirərərəm. Lakin bunları etməyə nə həvəs var, nə də vaxt. Baxmayaraq ki, bəzi fraqmentlərdə tək qalaraq, bəzi fraqmentlərdə döyüşərək qurduğum, 25 ilimi həsr etdiyim partiyanı darmadağın etdilər. Amma daha kritik məqamlar üçün mənim hər zaman bir ehtiyat variantım vardır…
– Partiyadan ayrılandan sonra qəzetin də, sizin də siyasi mövqeyiniz nəzərə çarpacaq dərəcədə dəyişdi. Müxalifətçilərin sizə qarşı aqressiyasının səbəbi həm də bu ola bilərmi?
– Bu siyasi mövqe məsələsinin üstünə yenə gəldik. Bundan əvvəlki müsahibələrimdə də bu barədə demişəm. Siyasi mövqe siyasi platforma deməkdir, iqtidara gəlmək üçün nəzəri və əməli üsulların toplusudur, yol xəritəsidir. Onun zamana və şərtlərə görə dəyişməsi normaldır, hətta lazımdır. Siyasi mövqeni əqidə, doğma bilib, müqəddəsləşdirib, illərlə onu yeniləməmək, dəyişməmək Məğlubiyyət Partiyası formalaşdırır və minlərlə fəal insanı, tərəfdarları bədbəxt edir. Biz siyasətdəyiksə, iqtidar uğrunda mübarizə aparırıqsa, vətən müharibəsi və milli azadlıq mübarizəsi modellərini yığışdırmaq lazımdır! Bu model 90-cı illərdə qaldı. İndi yeni, çevik və bir qədər yumşaq modellər lazımdır. Hər bir siyasətçi öz partiyasını və mübarizəsini modelləşdirəndə, gərək nəticələri də hesablasın. Və həmin nəticələr insan amilinə – tərəfdarların maraqlarına hesablansın. Daha onların içsiz qalmasına, döyülüb, həbsxanalara salınmasına, vətəndən və dövlətdən küsdürülməsinə səbəb olmasın.
Məsələn, Əli Kərimli iqtidar uğrunda mübarizəsini vətən müharibəsi kimi modelləşdirib, hakimiyyətə gəlməyə “ana vətən” kimi baxır və tərəfdarlarını da bu prosesə, daha doğrusu, müharibəyə bu cür qoşub. Kənarda qalanları, onlar kimi düşünməyib, onların ‘vətən müharibəsinə’ dəstək verməyənləri də xain hesab edirlər. Mənə münasibətin bir kökü də buradadır. Mən onları nəinki təqdir etmirəm, əksinə, təftiş edirəm, səhv etdiklərini məntiq və detallarla yazıram. Əli və tərəfdarları bundan təbii ki, qəzəblənirlər. Mənim təsvir və təftişlərim Əli Kərimlinin ilğım və söz dekorlarını dağıdır. Ona görə də davam edəcəm. İnanıram ki, gələcək politoloqlar mənim həyatımı öyrənəndə, son siyasi manevrlərimi daha dərindən araşdıracaq və öyrənəcəklər…
– Hazırda özünüzü rahat hiss edirsinizmi?
– Mənim ruhum hər zaman rahat olub, indi də elədir. Ağlım və xarakterim isə rahatlıq tanımadan daim hərəkətdədir. 30 ildir, artan templə işləyirəm. Qarşıdan qəzetimizin yubiley günü gəlir. Çalışıram, yaddaşlara və tarixə yazılacaq bir törən edək. Bizim tərcümeyi-halımız və evalyusiyamız Azərbaycan mediasının tərcümeyi-halı, onun simasıdır. Gizli dərc olunan bir anti-kommunist dərgidən, kağız qəzetdən müasir media ofisinə qədər inkişaf etmək varsa, bu nailiyyət Azərbaycanındır.
– Oktyabrın 19 da 28 may ərazisində icazəsiz aksiya keçirildi. Bildiyim qədərilə heç bir münasibət bildirmədiniz. Sizə də elə gəlirmi ki, cəmiyyətdə, xüsusilə də mediada əhəmiyyətli hesab olunan şəxslərin münasibətləri gözləniləndir?
– Mənim fikirlərim, münasibətlərim rəhbərlik etdiyim qəzet və saytlardakı çoxsaylı yazılarda əksini tapıb. Lazımdısa, bir daha deyim. 19 oktyabr aksiyası bir siyasətçi kimi Əli Kərimlinin böyük səhvi idi. Ölkənin prezidenti bir gün öncə sensasion sayılacaq bəyanatla çıxış edib, öz komandasını islahatlara mane olmaqda suçlayıb, heç zaman olmadığı kimi, xalqa açıq məlumatlar və mesajlar verib, köhnə təfəkkürlü kadrları yeniləyəcəyini bəyan edib… Əli Kərimli bu ‘passı’ tuta bilərdi və hətta hakimiyyətə minnət qoyaraq, sabahkı qanunsuz aksiyasını təxirə sala bilərdi. Onun siyasi dividenti o aksiyadan əldə etdiyi nəticələrdən dəfələrlə çox olardı. Çünki Prezident əslində, özünü demokrat sayan və demokratiya platformasında dayanan hər kəsin maraq və istəklərini dilə gətirmişdi. Üstəlik, 19 oktyabr aksiyası öncəsi mesaj verirdi – mənim apardığım və aparacağım islahatlara mane olan məmurlar var! Yəni siyasi tərcüməsi bu idi ki, ey Milli Şura və 19 oktyabr provokasiyasına hazırlaşanlar, siz mənim o komandamdakı sabotajçılarla olmayın! Onların mövqelərini gücləndirməyin. Onların lazımlılıq əmsalını süni olaraq, artırmayın... Lakin Kərimli ya qəsdən, ya da bilərəkdən, bu təxribata getdi və iqtidar daxilində Azərbaycanın yenilənməsinə qarşı sabotaj edənlərlə eyni cərgədə dayandı. Mən əminəm ki, 14 il aradan sonra Əli Kərimlinin birdən-birə küçələrə çıxması, özündə bu qədər cəsarət tapması yalnız özünün qərarı deyil…
Bu baxımdan, 19 oktyabrda polis dövlət adından Əli Kərimlinin yox, onunla bərabər bu prosesin arxasında dayanan saraydaxili müxalifətin təxribatlarının qarşısını alırdı. Online medianın kameraları qarşısında dövlət öz gücünü məhz hakimiyyətdəki sabitajçılarla Əli Kərimlinin qurduğu gizli ittifaqa göstərirdi. Əslində, 19 oktyabr Əli Kərimlinin bir siyasi lider kimi iflası da sayıla bilərdi – minlərlə tərəfdarı ortada yox idi, onu Facebookdakı kimi “like” etməyə gəlməmişdilər; lider davamlı sola baxırdı, küçənin o başından çoxsaylı tərəfdarlarının sel kimi ona tərəf axacağını gözləyirdi; lakin küçədə 4-5 fəaldan, jurnalistlərdən və polislərdən başqa kimsə yox idi. Bəlkə də iqtidar daxilindəki dirənişçilər 1 gün öncədən xəbərdarlıq paylarını almışdılar, 19 oktyabr aksiyasının onca zəif olmasının bir səbəbi də yəqin ki, bu idi. İqtidardakı anti-islahat mafiyası ifşa olunduğunu anlamış və Əli Kərimliyə küçə dəstəyi verməkdən vaz keçmişdi. Yəni Prezident İlham Əliyevin 18 oktyabr müşavirəsinin əsas mahiyyəti haqda daha fərqli bir fikir yürütmək mümkündür…
– Əli Kərimlinin döyülməsinə reaksiyanız necə oldu?
– Onun özünün döyülməsi hekayəsi ilə bağlı danışdıqlarında ziddiyyətlər var. Lakin dediklərinin az qismi də doğrudursa, Əli Kərimlinin o meydanda döyülməsini təxribat hesab edirəm. Bu, Azərbaycan Respublikasına qarşı çox ciddi bir təxribatdır. Əgər Əli Kərimlinin iddiaları doğrudursa, onu doğurdan da avtobusda amansızcasına döyüblərsə, bu məsələ ciddi araşdırılmalıdır, günahkarlar cəzalandırılmalıdır. Çünki onu orada öldürə də bilərdilər… Təsəvvür edirsiz, bunun nəticələrini? Əli Kərimlini öldürürlər və suçu da atırlar dövlətə! Belə olan halda, islahat kursu başlatmış və həm müxalifətdən, həm də iqtidardan müqavimətlə rastlaşan prezident İlham Əliyevin düşdüyü vəziyyət necə olardı? Şantaj və ittihamlar, təxribatlar daha da böyüyər, sabitajçılara revanş imkanları yaranardı. Bundan sonra hesab edirəm ki, xüsusi xidmət orqanları və polis yenidən küçəyə çıxacağı təqdirdə Əli Kərimlini ən mədəni üsulla dərhal alıb, təhlükəsiz bir yerdə qorumalıdır.
– Müsahibələrinizin birində belə bir fikir bildirmisiniz ki “Bunlar prezidenti yaxşı qoruya bilmirlər, bizə də imkan vermirlər”. Kimdi onlar?
– O uzun bir təhlilin son cümlələridir. İndiki siyasi mənzərəyə baxın və mənim verdiyim o müsahibəni bir daha oxuyun. Görəcəksiniz ki, mən həm siyasi fəhmlə, həm də məlumat olaraq necə bilmişəm ki, ciddi dəyişikliklər olacaq. Sözlərimin üstündə qalıram – hesab edirəm ki, dövlət informasiya siyasətinə də baxmalı və çox ciddi dəyişiklilər etməlidir. İndiki informasiya siyasəti gerçəkdən də Azərbaycanı və Prezidenti qoruya bilmir.
– Son günlər mediada səs yazılarının yayılması gündəm olub. Mətbuatda bu cür halların baş verməsi doğrudurmu?
– Artıq yeni standartlar yaranıb. Yeni media, ancaq səs və görüntülərlə işləyir. Düzdür, vətəndaşın şəxsi razılığı olmadan onun səsinin yayılması etika cəhətdən doğru deyil. Amma biz artıq sosial şəbəkələrlə yarışırıq. Orda bir informasiya çıxırsa, onu biz də daxil olmaqla, bütün media orqanları onları verməyə məcburdur. Əks halda məlumat elə bir məhsuldur ki, o yeyinti məhsullarından da tez xarab olur. Zamanında verməsən əhəmiyyəti olmayacaq.
– Saytınız hər nə qədər hökumət yönümlü görünsə də, kifayət qədər radikal fikirlərin səsləndirildiyi debatlar yayımlanır. Bu sizə problem yaratmır?
– İradlar da olur, təhlükə də yaradır. Alışmışıq artıq bu kimi ekstrimlərə.
– Bu gün sosial şəbəkələrdə kifayət qədər özfəaliyyət media var ki, onlar hər hansı bir təxribat xarakterli informasiyanı müəyyən məbləğ ödəməklə bütün kütləyə yaya və təxribat yarada bilər. Bunun qarşısını almaq üçün ənənəvi media hansı addımları atmalıdır?
– Bunu edənlər kifayət qədərdir. Qarşısını almaq isə mümkün deyil. Media da artıq buna uyğunlaşmalıdır. Sosial şəbəkə deyilən bir anlayış da yoxdur artıq. İndi sosial media var və hamımızdan daha güclüdür. Biz indi ondan daha böyük olmaq üçün yarışmırıq, sosial medianın daha böyük hissəsi olmaq üçün yarışırıq… Dünya dəyişib, biz də o tempə uyunlaşmalıyıq.
– Ramiz Mehdiyevin tutduğu vəzifədən azad edilməsinə münasibətinizi də bilmək istəyərdik.
– Ramiz Mehdiyev getməli idi və getdi. Onunla birlikdə böyük bir dönəm də tarix oldu. Ramiz Ənvəroviç artıq siyasətdə və dövlət idarəçiliyində yoxdur. Mənə qalırsa, yaxşı ki, belə oldu. Prezident böyük, miqyaslı, həm də riskli bir islahatlara başlayıb. Uğur qazanmaq üçün ilk öncə həmin islahatlara sahə açılmalı, daha sonra isə etibarlı və yeni tələblərə uyğun gələn kadrlar irəli çəkilməlidir.