Lerik rayonunun bir sıra kəndləri işıqsız qalıb.

“Report”un Cənub Mərkəzinin xəbərinə görə, rayon ərazisində əsən güclü külək elektrik təsərrüfatının işində problemlər yaradıb.

Blabənd kəndinin sakinləri bildirir ki, Zuvand ərazisinə elektrik enerjisi verilişini həyata keçirən 10 kv-luq xəttdə artıq iki gündür, elektrik enerjisi yoxdur. Bu səbəbdən 40-a yaxın kənd – Blabənd, Xəlifəkücə, Mondigah, Nisli, Hacovi, Hoveri, Şonaçola, Qələsər, Qosmalian, Tatoni, Mistan, Xəlifəkənd, Lələhiran, Kəlvəz, Kələxan və digərləri elektrik enerjisindən məhrum olub.

Lerik Elektrik Şəbəkəsinin rəisi Cavid Cavadov “Report”a bildirib ki, hazırda rayon ərazisinin 70%-nə elektrik enerjisinin verilişi təmin edilib: “İki gün ərzində davam edən güclü külək səbəbindən rayonun elektrik təsərrüfatına xeyli ziyan dəyib. Bir sıra yerlərdə elektrik naqilləri qılırıb, dayaqlar aşıb, habelə transformatorlarda qısaqapanmalar yaranıb. Hazırda operativ briqadalar işləyir. Rəhbərlik tərəfindən köməklik göstərilib. Dağlıq ərazilərə elektrik enerjisinin verilişi hələ ki, mümkün deyil. Bu ərazilərə enerji verilişinin dayandırılması təhlükəsizlik məqsədi daşıyır. Belə ki, külək 10 kv-luq xətti qıraraq yaşayış evlərinin üstünə ata, yanğın və ya bədbəxt hadisə baş verə bilər. Ona görə də küləyin zəifləməsini gözləyirik. Lənkəran və Yardımlı rayonları ərazisindən 35/10 kv-luq yüksək gərginlikli xətlər vasitəsilə rayon mərkəzi və ətraf kəndlər enerji verilişi bərpa olunub. Qeyd edim ki, bu ərazilərdə bu gün səhər saatlarında fasilə yaranmışdı”.