18.09.2026 - 13:52
Ölkə 16 baxış

KOBİA sahibkarlara 20 mindən çox lisenziya verdi

Bu ilin sentyabrın 1-nə qədər İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən sahibkarlara müxtəlif sahələr üzrə 20 397 lisenziya təqdim edilib. Bu lisenziyalar Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərən KOB evləri vasitəsilə verilib.

Minval.info xəbər verir ki, təqdim edilən lisenziyalar əsasən tikinti-quraşdırma işləri, özəl tibb fəaliyyəti, əczaçılıq, baytarlıq preparatlarının satışı, sürətli poçt xidməti, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin idxalı kimi müxtəlif fəaliyyət növlərini əhatə edir. Sahibkarlar hazırda 23 fəaliyyət növü üzrə lisenziya almaq üçün KOB evlərinə müraciət edə bilərlər.

KOB evlərində sahibkarlar lisenziyaların alınması üçün informasiya dəstəyi ala, müraciət edə və tələb olunan sənədləri təqdim edə bilərlər. Lisenziyalaşdırma prosesinin vahid məkanda həyata keçirilməsi sahibkarların vaxtına və əməliyyat xərclərinə qənaət etməsinə imkan yaradır. Lisenziya almaq üçün sahibkarlar həmçinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə elektron müraciət edə bilərlər.

Lisenziya, müəyyən sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsinə hüquqi əsas verən rəsmi sənəddir və “Lisenziyalar və icazələr haqqında” Qanunla tənzimlənir. Lisenziya üçün tələb olunan sənədlər fəaliyyət növündən asılı olaraq dəyişir və qanunvericiliyin tələblərinə uyğun olduqda 10 iş günündən gec olmayaraq təqdim edilir. Dövlət rüsumu ödənildikdən sonra lisenziya verilir və regionlarda sahibkarlığın təşviqi məqsədilə dövlət rüsumuna 50% güzəşt tətbiq edilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: