04.08.2026 - 15:37
Ölkə 22 baxış

Jurnalistlər qızılın sirrini açdı: AzerGold-un mediaturunda nələr öyrənildi?

AzerGold QSC, dağ-mədən sahəsində jurnalistlərin məlumatlılığını artırmaq məqsədilə yeni bir təlim və mediatur təşkil etdi. Bu tədbir, Səhmdar Cəmiyyətinin 10 illik fəaliyyəti çərçivəsində baş tutdu və ölkənin aparıcı onlayn media qurumlarından 28 jurnalist iştirak etdi.

Minval.info xəbər verir ki, tədbirin ilk günü Gəncə şəhərində AzerGold-un mütəxəssisləri tərəfindən geoloji kəşfiyyat, faydalı qazıntıların hasilatı və emalı, qiymətli metalların satışı, əməyin mühafizəsi, ətraf mühitin qorunması, kommunikasiya və korporativ sosial məsuliyyət mövzularında nəzəri təlimlər keçirildi. Sessiyalar interaktiv formatda təşkil olunaraq, media nümayəndələrinin sualları cavablandırıldı.

Səfərin ikinci günü jurnalistlər Gəncə Autizm Mərkəzində yaradılan şəraitlə tanış oldular və autizm spektr pozuntusu olan uşaqlar üçün reabilitasiya prosesini izlədilər. Daha sonra Daşkəsən və Göygöl rayonlarında həyata keçirilən sosial layihələr, o cümlədən kitab köşkləri və Səlmixan İsgəndərov adına tam orta məktəbin modul tipli binası ilə tanış oldular.

Səfər, AzerGold-un Daşkəsən rayonundakı Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə və “Çovdar” qızıl mədəninə təşkil olunmuş mediaturla davam etdi. Burada jurnalistlər müəssisənin fəaliyyəti, qızılın hasilatı və emalı prosesləri, tətbiq olunan müasir texnologiyalar və ekoloji tədbirlər barədə məlumat aldılar.

Jurnalistlər istehsalat sahələrini yerində müşahidə edərək, qızılın emal mərhələləri və ekoloji norma və tələblərə uyğun şəkildə həyata keçirilən istismar işləri ilə yaxından tanış oldular. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edildi.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: