Şəhriyar Məcidzadə: “Heç kimin ağrısına, acısına sevinmək olmaz”

Bir aya yaxındır komadan ayılmayan sabiq daxili işlər naziri İsgəndər Həmidovun durumu ağır olaraq qalır. Onun nə zaman ayılacağı barədə həkimlər dəqiq bir söz deyə bilmirlər.

Tez-tez keçmiş nazirin vəfat etdiyi barədə sosial şəbəkələrdə, bəzi mətbu orqanlarda xəbərlər yayılır ki, bu da haqlı olaraq etirazla qarşılanır.

Sabiq nazirin müalicə həkimi professor, “City Hospital”ın həkimi Adil Qeybulla ümidli danışdı: “İsgəndər bəyin vəziyyəti stabil ağır olaraq qalır. Koma durumundadır. Amma müəyyən reaksiyaları var. Rahat nəfəs ala bilir. Belə vəziyyət adətən stabil ağır olaraq dəyərləndirilir. Geriləmə yoxdur, bu da çox sevindiricidir. Hissiyyatı var, nəyisə duyur. Məsələn, bərkdən çağıranda reaksiya verir, udqunma var”.

A.Qeybulla sabiq nazirin vəfatı barədə tez-tez xəbər yayanlara da səsləndi: “Məqsədli şəkildə belə xəbərlər yayırlar. Bunun qarşısını almaq çox çətindir. İsgəndər bəyin nə zaman komadan oyanacağı barədə tez-tez suallar verilir. Bunun cavabı çox çətindir. Burada vəziyyət kifayət qədər başqa cürdür. İntensiv müalicə gedir. Müəyyən qədər zaman lazımdır. Burada yaş da önəmlidir. Üstəlik, beyin qan sızma halı var”.

Sabiq nazirin qardaşı oğlu Şəhriyar Məcidzadə: “Vəziyyəti ağır, stabil olaraq qalır. Sonuncu dəfə fevralın 16-da baş çəkdim. Heç kimi yanına buraxmırlar. Amma hissiyyatının olduğunu deyə bilərəm. Bu barədə mənə həkimlər məlumat verdilər. Bir məsələyə də toxunmağı vacib bilirəm. Tez-tez əmimin ölüm xəbəri yayılır. Sanki bunu məqsədli şəkildə edirlər. Bu çox narahat doğuran bir məsələdir. İnsanlar narahat olurlar, xəstəxanaya gəlirlər. Hamıya zəng edirlər. Elə bir vəziyyət yaranır ki, təkrarən eyni acını yaşamalı oluruq. İsgəndər bəy və onun adı ətrafında spekulyasiya etməyə çalışırlar. Bu nə etik, nə mənəvi, nə də heç bir çərçivəyə sığmayan addımlardır. Azərbaycan xalqının oturuşmuş bir dünyagörüşü var. Bir insan ağır duruma düşürsə, buna necə sevinmək olar? Yaxud bunu necə özlərinin tiraj mənbəyinə çevirmək olar? İlk dəfə bu xəbəri yayanlara etika naminə heç nə demədik. Halbuki deyə bilərdik ki, kimlərə, nəyə istinadən belə xəbərlər yayırsız? Bu adamın ailə üzvləri, övladları var. Məndə belə təəssürat yarandı ki, bu məsələ ətrafında spekulyasiya etməyə çalışırlar. Bunda onların nə marağının olduğunu, nə qazandıqlarını deyə bilmərəm. Bütün hallarda bu bəyənilən bir şey deyil. Etik çərçivəyə heç bir halda sığmayan bir şeydir. Heç kim  bu dünyada əbədi olaraq yaşamayacaq. Heç kimin ağrısına, acısına sevinmək olmaz. Bizim yaşlı qohumlar var. Onlar belə xəbərləri eşidib zərər görə bilərlər. Bu insanlar yazıq deyillərmi? Bunların hamısını ən azından mənəvi olaraq düşünək. Bu haldan çox təəssüflənirəm”.