Rusiya və İran Türkiyəni Suriyadan kənara atmağa çalışır

İran Türkiyə və Suriya arasında vasitəçilik etməyə, ortada olan fikir ayrılıqlarını ümumi məxrəcə gətirməyə kömək etməyə hazırdır. “Reuters” agentliyi bildirir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif belə bir bəyanatla çıxış edib.

Agentlik xatırladır ki, rəsmi Tehran əsas regional müttəfiqi olan Dəməşqin suverenliyini dəstəkləyir və Suriya prezidenti Bəşər Əsədin iqtidarda qalmasına çalışır.

Türkiyə isə Bəşər Əsədi devirmək istəyən üsyançılara dəstək verir, Rusiya da İran kimi Bəşər Əsədə bağlı hərbi qüvvələrin yanında yer alır. Buna baxmayaraq, bu üç ölkə münaqişənin siyasi həlli istiqamətində əməkdaşlıq edir.

BMT-nin Suriya üzrə xüsusi elçisi Geir Pedersen və İran rəsmiləri arasındakı görüşdə Tehran Suriyadakı məsələlərin diplomatik yolla tənzimlənməsinin vacibliyini vurğulayıb.

Görüş zamanı İran Suriyadakı mülki şəxslərin canlı qalxan kimi istifadə edilməsinin yolverilməz olduğunu bildirib.

Agentlik qeyd edir ki, Bəşər Əsədə bağlı hərbi qüvvələr Suriyanın İdlib əyalətini ələ keçirməyə çalışır. Bu səbəbdən də Türkiyənin ciddi müqaviməti ilə üzləşib.

Türkiyə bu ərazidə 8 əsgərini itirib, ondan sonra isə əraziyə əlavə qoşun yeridib. Bu isə bölgədə vəziyyəti daha da gərginləşdirib.

Elbəyi Həsənli, Sürix

Musavat.com