Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında” sərəncam imzalayıb.

Minval.info xəbər verir ki, təltif olunan hərbçilər arasında polkovnik Mənsimov Tehran Cavid oğlu da var.

Ümumilikdə Şuşa şəhərinin işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 4646 hərbi qulluqçu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.

Bu medala layiq görülən hərbi qulluqçuların 1-i general-leytenant, 4-ü general-mayor, 31-i polkovnik, 141-i isə polkovnik-leytenantdır.

Qeyd edək ki, Tehran Mənsimov 1972-ci il avqustun 24-də Qusar rayonunun Düztahir kəndində anadan olub. Milliyyətcə ləzgidir. Tam orta təhsilini Qusar şəhərində alıb.

O, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin Komandanlarından biridir.

Polkovnik Tehran Mənsimov Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2005-ci il tarixli 860 nömrəli Sərəncamına əsasən “İgidliyə görə”, 20 iyun 2017-ci il tarixli 3006 nömrəli Sərəncamına əsasən “Vətən uğrunda” medallar ilə də təltif edilib.

Tehran Mənsimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələri başçılarından olub. O, noyabrın 4-dən 8-nə qədər davam edən Şuşanın azadlığı uğrunda döyüşlərə rəhbərlik edən şəxslərdən biri olub.

15 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdi.