İctimai nəqliyyatda yeni dövr: Məsafəyə görə gedişhaqqı dövlətin üzərinə keçir
Nazirlər Kabineti ictimai nəqliyyatda məsafə əsaslı sərnişindaşıma xidmətinə görə daşıyıcılara subsidiyanın hesablanması və ödənilməsi qaydasını təsdiqləyib. Yeni mexanizm, xidmətin dəyəri ilə gedişhaqqından toplanan vəsait arasındakı fərqin dövlət tərəfindən qarşılanmasını nəzərdə tutur.
Minval.info xəbər verir ki, nəqliyyat eksperti Elməddin Muradlı, bu qaydaların əslində ötən il təsdiqləndiyini bildirib. Onun sözlərinə görə, bəzi məsələlərin dəqiqləşdirilməsinə ehtiyac yarandığı üçün Nazirlər Kabinetinin müvafiq qərarı gözlənilirdi. Artıq baş nazir həmin qərarı imzalayıb və bu, məsafəyə əsaslanan maliyyələşdirmə mexanizminin tətbiqinə başlanılması deməkdir. Əsas məqam odur ki, məsafəyə görə gedişhaqqını hələlik vətəndaş ödəməyəcək. Məsafəyə görə ödəniş sərnişinlərdən deyil, dövlət tərəfindən daşıyıcı şirkətlərə ediləcək. Daşıyıcılar daşıdıqları sərnişinlərin sayı və qət etdikləri məsafəyə uyğun olaraq dövlətdən maliyyə dəstəyi alacaqlar.
Ekspert qeyd edir ki, bu mexanizm iki mühüm problemi həll edə bilər. Birincisi, şəffaflıq məsələsidir. İndiyə qədər bəzi daşıyıcı şirkətlər qeyri-rəsmi fəaliyyət göstərir və vergidən yayınırdılar. Lakin dövlət dəstəyindən yararlanmaq istəyən hər bir daşıyıcı artıq tam şəffaf fəaliyyət göstərməyə məcbur olacaq. Çünki dövlət heç kimə sənədsiz və əsassız ödəniş etməyəcək. Daşıyıcı istifadə etdiyi nəqliyyat vasitəsinin gün ərzində neçə kilometr hərəkət etdiyini, marşrut üzrə fəaliyyəti və digər göstəriciləri elektron sistem vasitəsilə təsdiqləməlidir. Yalnız bundan sonra ödəniş həyata keçiriləcək.
Elməddin Muradlı bildirib ki, dövlət bütün məlumatları nəzarət sistemi vasitəsilə yoxlayacaq və yalnız təsdiqlənmiş göstəricilər əsasında ödəniş edəcək. Digər mühüm məsələ isə xidmətin davamlılığıdır. Uzun illərdir müşahidə olunur ki, bəzi daşıyıcı şirkətlər axşam saatlarında sərnişin az olduğu üçün avtobusların sayını azaldır, bəzən isə marşrutun fəaliyyətini vaxtından əvvəl dayandırırlar. İndi isə dövlət bildirir ki, buna yol verilməyəcək. Daşıyıcı müəyyən edilmiş qrafik üzrə fasiləsiz fəaliyyət göstərməlidir.
Ekspertin fikrincə, təkliflər dinlənməli, iqtisadi hesablamalar nəzərə alınmalı və bütün tərəfləri qane edən obyektiv mexanizm hazırlanmalıdır. Belə olan halda nə daşıyıcılar narazı qalacaq, nə dövlət əlavə maliyyə yükü ilə üzləşəcək, nə də vətəndaş xidmət keyfiyyətindən məhrum olacaq. Bu sistemdə ciddi nəzarət mexanizmi də vacibdir. Ümumilikdə isə bu model düzgün tətbiq olunarsa, həm dövlətin maraqlarına xidmət edəcək, həm daşıyıcı şirkətlərin fəaliyyətini daha dayanıqlı edəcək, həm də vətəndaşların daha keyfiyyətli və fasiləsiz nəqliyyat xidmətindən istifadə etməsinə imkan yaradacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fədayə Laçın: Çətinliklər, xəyanət və həbsxanada öyrəndiklərim
Babək niftəliyevdən oğluna musiqi dolu ad günü sürprizi!
Fəxrəddin manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Kızılcık şerbeti serialında gözlənilməz ayrılıq: Feyza civelek niyə getdi?
Fədayə Laçın həbsxana xatirələrini paylaşır: Nifrət deyil, sevgi gördüm