Sabirabad rayonunun icra başçısı Siraqəddin Cabbarov  özünü yandıraraq intihar edən qazimiz Elvin Cəfərovun  yas mərasiminə gəlib. 

Sitat.info xəbər verir ki, yasda jurnalistin suallarını cavablandıran icra başçısı deyib ki, onun haqqında danışılanlar yanlışdır: “Hər həftənin 4-cü günü mənim qəbul günümdür. Elvinlə də əvvəllər görüşüm olub. Nə vaxt gəlibsə qəbul etmişəm, hətta qəbul saatı olmayanda da. Son vaxtlar isə ondan ümumiyyətlə xəbərim olmayıb. Onun istər rayon icra hakimiyyətindən, istərsə də yerli bələdiyyədən nə tələbi olubsa imkan daxilində həyata keçirilib. Daim qayğı ilə əhatə olunan qazilərdən biri də Elvin Cəfərov olub. 

Siraqəddin Cabbarov vurğulayıb ki, Sabirabad rayonunda 1164 müharibə iştirakçısı var, ondan 154-ü qazidir, 43-ü şəhid ailəsidir. Qazimiz müharibədən gələn gündən nə tələbi olubsa dərhal həyata keçirilib, sonrakı mərhələdə olan tələbləri də həyata keçirilib. DOST mərkəzi xətti ilə ictimai işlərə cəlb olunub, aylıq maaşını alıb. Mənzil üçün sənədlərini verib, növbəyə yazılıb. Elə bir hal olmayıb ki,  Elvinin qaldırdığı məsələ həllini tapmasın”.

Qazinin intiharınma gəlincə, icra başçısı deyib ki, qazi özünü icra hakimiyyətinin yox, mədəniyyət sarayının qarşısında yandırıb: “Gəlin hüquq-mühafizə orqanlarının səlahiyyətinə aid olan məsələni burada araşdırmayaq. Bu hüquq-mühafizə orqanlarının işidir, onlar araşdırırlar. Onlar necə lazımdırsa, səbəbləri üüzə çıxaracaqlar. Psixoloji durumunda problem varsa, bu da üzə çıxacaq”.