İllərdir “Nasist qızıllarını” axtaran və tapacaqlarına ümid edən xəzinə ovçuları bu dəfə Polşada 10 ton qızılın yerə basırıldığı iddia edilən qədim sarayın zirzəmisini qazmağa başlayıblar.

Teleqraf.com bildirir ki, Alman diktator Adolf Hitler 1939-cu ilin sentyabrın 1-də Polşanı işğal edərək II Dünya Müharibəsini başlatmışdı.

İddiaya görə, Polşanın cənubundakı Minkovskie qəsəbəsində işğal zamanı nasistlər tərəfindən istifadə olunan sarayda qızıl saxlanılıb.

Xəzinə ovçuları önümüzdəki həftələrdə zirzəminin qazılması ilə 48 saat içərisində 10 ton qızılı tapmağı planlayır. Qızıllar nasist təşkilatında SS-in rəhbəri Henrix Himlerin təlimatı ilə II Dünya Müharibəsinin sonunda perspektivdə yeni nasist dövləti qurmaq niyyəti ilə yerə basdırılıb. İddiaya görə, sarayın zirzəmisindəki seyflərdə populyar “Breslau” qızılı da var.

II Dünya Müharibəsi zamanı Polşada yoxa çıxdığı iddia edilən qızıl daxil olmaqla ölkənin bütün qiymətli əşyalarının bu sarayın altında olduğu qeyd olunur. Zirehli qatarın 1945-ci ildə SSRİ qüvvələrinin əraziyə yaxınlaşarkən Vroklak kəndi yaxınlığında yoxa çıxdığı haqda iddialar var.

Bütün bu iddialar bir SS hərbçisinin gündəlik qeyd dəftərində çəkdiyi xəritənin ortaya çıxması ilə kəşf edilib.