Bu gün fotoqraf Orxan Əzimin 35 yaşı tamam olur.

Azərbaycanın və dünyanın bir çox yerlərinə səfər edərək daha çox insan hekayələri, təbiət və sosial mövzuları işıqlandırmaq istəyini dilə gətirən fotoqraf Orxan Əzim kimdir?

Orxan Əzim 1986-cı il oktaybrın 28-də Bakı şəhərində anadan olub. 1993–2004-cü illərdə Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəbdə təhsil alıb. Ali təhsilini 2004–2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində, “Televiziya rejissoru” ixtisası üzrə alıb.

2001-ci ildən fotoqrafiya ilə maraqlanmağa başlayıb. 2007-ci ildən ixtisası üzrə Azərbaycan Televiziyasında rejissor asisstenti olaraq işə başlayıb. 2012-ci ildən peşəkar fotoqrafiya ilə məşğuldur. Azərbaycanın və dünyanın bir çox yerlərinə səfər edərək daha çox insan hekayələri, təbiət və sosial mövzuları işıqlandırıb. İndiyədək bir sıra beynəlxalq sərgilərdə iştirak edib. 2021-ci ildən Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür.

2014-cü ildə “Köç” adlı fərdi sərgisi keçirilib.

2016-cı ildə müəllifi olduğu Çernobıl qəzasının nəticələrini əks etdirən fotoşəkillərdən ibarət – qəzanın otuz illiyinə həsr edilmiş sərgi baş tutub. Sərgi 2019-cu ildə yenidən keçirilib.

2019-cu ildə Suriyanın Hələb şəhərində müharibədən sonrakı həyatı və İmadəddin Nəsiminin məzarını lentə alıb. Bu səfərdən sonra 2019-cu ildə “İtirilmiş şəhər və Nəsiminin məzarı” adlı fotosərgisi təşkil olunub.

2015-ci ildə Binəqədidə baş verən yanğın zamanı çəkdiyi fotoda polisin uşağı yanğından xilas etdiyi anı lentə alıb. Bu foto 150-dən çox xarici kütləvi informasiya vasitəsində “Qəhrəman polis” başlığı ilə yayımlanıb.

2016-cı ildə müəllifi olduğu Çernobıl qəzasının nəticələrini əks etdirən fotoşəkillərdən ibarət – qəzanın otuz illiyinə həsr edilmiş sərgi “İlin sərgisi” mükafatına layiq görülüb.

2016-cı ildə “Mədəniyyətlər arası dialoq gənclərin gözü ilə” adlı beynəlxalq müsabiqədə üçüncü yerə layiq görülüb.

2019-cu ildə Azərbaycan Fotoqraflar Birliyinin keçirdiyi “İlin fotoqrafı” müsabiqəsində “Müharibə fotoqrafı” nominasiyasında birinci yerin sahibi olub.

Orxan Əzim 2019–2020-ci illər ərzində beynəlxalq müsabiqələrdə üç qızıl, üç gümüş medal, iki diplom və iki xüsusi lentlə təltif olunub.