“İdman jurnalistikası – jurnalistikanın bir sahəsi olsa da, sahə jurnalistikası kimi qəbul edilməməlidir”.

Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) İdarə Heyətinin üzvü, İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov Report Media Məktəbinin tələbələri ilə görüşündə belə deyib.

E.Məmmədovun fikrincə, Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə, dövlət rəsmilərinin müxtəlif idman federasiyalarına rəhbərlik etdiyi bir şəraitdə idman jurnalistikasına da münasibət adekvat olmalıdır. İdman sahəsindəki problemlərlə bağlı çoxsaylı sualları cavablandıran həmkarımız bildirib ki, çatışmazlıqlar idman jurnalistikasında da mövcuddur: “Bu baxımdan, təmsil olunduğum AİJF müəyyən layihələr həyata keçirir. Yeni yaradılan Medianın İnkişafı Agentliyi rəhbərliyi ilə görüşlərimizin nəticəsi olaraq, idman mediası və jurnalistləri üçün müəyyən addımlar atılıb”.

E.Məmmədov şərhçiliyi idman jurnalistikasında piramidanın üst qatlarından biri adlandırıb. Onun fikrincə, şərhçi olmaq üçün idman jurnalisti uzun yol keçməlidir: “İdman şərhçiliyi o deməkdir ki, sən artıq idmanda hər şeyi bilirsən. Xəbərləri, statistikaları izləməli, təhlillər aparmalısan. Natiqlik qabiliyyəti də normal olmalıdır. 90 dəqiqə tamaşaçını sənə qulaq asmağa sövq etməlisən. Hazırda keçirilən futbol üzrə Avropa çempionatının elə bir marağı da şərhçinin peşəkarlığına bağlıdır. Yoxsa tamaşaçı elə səsi azaldıb tək oyuna baxacaq”.

Dünyanın 25-dək ölkəsində müxtəlif növlər üzrə idman yarışlarını işıqlandırmış təcrübəli jurnalist rastlaşdığı maraqlı hadisəni də nəql edib: “2013-cü ildə Böyük Britaniyanın paytaxtı Londonda İddiaçılar Turnirində olduğum vaxt qəribə hadisə ilə üzləşmişəm. Bu yarışda sakitlik tələbi var, amma hər partiya yeri gəlsə, 7 saat da davam edə bilər. Öz gedişini etmiş oyunçu durub gəzə, özünə çay və ya qəhvə süzə bilər. Londonda uzun və cansıxıcı oyun vaxtı tamaşaçılardan biri zaldakı sükut fonunda yuxuya getmişdi, hətta xorultusu eşidilirdi. Bu, rusiyalı şahmatçı Aleksandr Qrişuku bir qədər qıcıqlandırdı. Nəticədə o, tamaşaçılar sektoruna yaxınlaşaraq yuxulu tamaşaçının çiyninə toxunub onu oyatmağa çalışdı. Amma qəribədir ki, həmin şəxs oyandıqda, digər tamaşaçılar heç qımışmadılar da”.