Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək büstü önünə gül dəstələri düzüblər. Dövlət himninin səsləndirilməsindən sonra ölkəmizin bötüvlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vətən Müharibəsi qəhrəmanı polkovnik Vüsal Sultanov çıxış edərək özünün və döyüş yoldaşlarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında torpaqlarımızın azad olunması uğrunda müqəddəs savaşın iştirakçıları olmaqdan qürur duyduqlarını bildiriblər.

Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin qarşısında Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra olunduğu, istər hava məkanında, istərsə də yerüstü əməliyyatlarda Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və şücaət nümunələri göstərmələri qeyd edilib, sərhədçilərin keçdikləri döyüş yolu, azad etdikləri ərazilər barədə məlumat verilib.

Tədbirdə çıxış edənlər müharibənin ilk günlərindən sərhədçilərin Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad etdiklərini, 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirərək yüzlərlə canlı qüvvəsini məhv etdikləri bildirilib.

Sərhədçilərin xalqımızın tarixi, milli-mənəvi sərvətinin rəmzi olan Xudafərin körpüsündə, Zəngilan şəhərində və Zəngilanın Ağbənd qəsəbəsində Dövlət bayrağını sancdıqları, Ermənistanla sərhəddə “Bartaz” və “Şükürataz” strateji
yüksəkliklərini azad etdikləri, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut qəsəbəsi və Şuşa şəhərinin düşmən tapdağından təmizlənməsində qəhrəmanlıq və şücaət göstərdikləri vurğulanıb.

Vətənimizin bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş hərbi qulluqçuların göstərdikləri igidlik və fədakarlıqlarından danışılıb və onların əziz xatirələrinin hər zaman ehtiramla yad ediləcəyi və əziz tutulacağı vurğulanıb.

Çıxış edənlər qalib xalqımızın şərəfli tarixinin şahidləri olan kursantların gələcəkdə onlara əmanət ediləcək sərhədçilərin qəhrəmanlıq, Vətənə sədaqət ənənənələrini layiqlə davam edəcəklərinə əminlik bildiriblər.

Xüsusi Məktəbdə keçirilmiş tədbirdə kursantlar tərəfindən Vətən müharibəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Sonda Vətən Müharibəsi Qəhrəmanları Dövlət Sərhəd Xidmətinin Akademiyası və Xüsusi Məktəbinin kursant heyəti ilə xatirə fotoşəkli çəkdirilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi