Diabetin gözlənilməz səbəbləri açıqlandı
Son dövrlərdə aparılan tədqiqatlar, şəkərli diabetin səbəblərini daha dərindən anlamağa imkan tanıyır. Alimlər mədəaltı vəzinin beta hüceyrələrinin proinsulin molekullarını düzgün şəkildə necə qatladığını araşdırıblar.
Minval.info xəbər verir ki, Sanford Burnham Prebys Tibbi Kəşflər İnstitutu və Miçiqan Universitetinin mütəxəssisləri tərəfindən aparılan bu tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” (PNAS) jurnalında dərc olunub.
Hüceyrələrdəki zülalların funksional olması üçün origami kağızı kimi dəqiq üçölçülü formaya qatlanması vacibdir. Ancaq şəkərli diabetin inkişafı ilə bu proses pozulmağa başlayır ki, bu da insulin istehsal edən beta hüceyrələrinə zərər verən hüceyrədaxili stressin yaranmasına səbəb olur. Araşdırma nəticəsində məlum olub ki, proinsulinin düzgün qatlanması BiP şaperon zülalı və digər köməkçi zülallar tərəfindən idarə olunur, lakin onların qarşılıqlı əlaqəsi əvvəllər aydın deyildi.
Tədqiqatçılar beta hüceyrələrində BiP zülalının fəaliyyətini izləmək üçün genetik cəhətdən dəyişdirilmiş siçanlardan istifadə ediblər. Araşdırma zamanı p58IPK zülalının proinsulinin düzgün qatlanmasında xüsusi rol oynadığı aşkar edilib. Bu zülal olmadıqda düzgün qatlanmamış proinsulin daha çox toplanır və beta hüceyrələri insulin istehsalını azaldır.
p58IPK zülalının hüceyrələrə qaytarılması proinsulinin qatlanmasını yaxşılaşdırsa da, bu yalnız BiP zülalı mövcud olduqda baş verir. BiP-in miqdarının artırılması isə p58IPK olmadan cüzi nəticələr verir. Tədqiqatın həmmüəllifi İnsuk Can qeyd edir ki, “Tək oynayan tennisçi cütlər arasında keçirilən oyunda uğur qazana bilmədiyi kimi, BiP də proinsulinin düzgün qatlanmasını təkbaşına təmin edə bilmir”.
Araşdırmanın aparıcı müəllifi Rendal Kaufman isə vurğulayır ki, proinsulinin qatlanmasının pozulması ikinci tip şəkərli diabet zamanı beta hüceyrələrinin funksiyasını itirməsinə səbəb olan hüceyrədaxili stresslərə qarşı həssasdır. Hazırda şəkərli diabetin müalicəsində istifadə olunan dərmanların əksəriyyəti bu problemi aradan qaldırmır, lakin BiP sisteminin gücləndirilməsi yeni müalicə strategiyası olaraq ortaya çıxa bilər.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda ehtiyatda olan polkovnik dünyasını dəyişdi
Bakının üç ərazisində qaz təchizatı dayandırılacaq
Bu universitetlərdə müəllim çatışmazlığı problemi gündəmə gəldi
Afaq Bəşirqızı nəvəsini Vətənə yola saldı
Gəncədə baba və nəvəsini moped vurdu
Fransa, Martin Rayan məsələsindəki bəyanatını qətiyyətlə rədd etdi
Türkiyə-Azərbaycan Universitetinə yeni rektor təyin edildi