Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Bu tədbirlər nəticəsində ölkə ərazisində karantin və sərt karantin rejiminin tətbiqini, təhsil müəssisələrində tədrisin dayandırılmasını, sərhədlərin bağlanılmasını, kütləvi tədbirlərin qadağan olunmasını, insanların qrup halında bir araya cəmləşməsinin qadağan olunmasını, tibbi maskadan istifadənin vacibliyini və digər amilləri göstərə bilərik.

Bununla yanaşı, Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində şəhər və rayonlarda mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Dezinfeksiya işləri küçə və parklarda, dövlət və özəl qurumların inzibati binalarında, təhsil müəssisələrində aparılır. Bütün bunlar hamısı koronavirusun geniş yayılmasının qarşısının alınmasına yönəlib. Mütəxəssislər koronavirusla mübarizə çərçivəsində dezinfeksiya işlərinin böyük əhəmiyyətə malik olduğunu bildirirlər. Qeyd olunur ki, dezinfeksiyaedici məhlullar yuyulan bütün əraziləri virusdan təmizləyə bilir.

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentindən “Report”a bildirilib ki, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində şəhərin bütün rayonlarında müvafiq işlər görülür.

Qeyd olunub ki, mütəmadi olaraq insanların daha çox toplaşdığı yerlər, parklar, həyətlər, eyni zamanda küçə və prospektlər dezinfeksiya edilir:

“İlk növbədə özümüz özümüzü qorumalıyıq, bununla yanaşı, təmizlik işləri həyata keçirilməlidir. Artıq bir neçə aydır ki, dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər görülür. Çünki nəqliyyat vasitələrinin daim hərəkətdə olduğu yerlər də koronavirusla mübarizədə həyata keçirilən işlər çərivəsində dezinfeksiya olunmalıdır. Bununla yanaşı, paytaxtda koronavirus pandemiyası ilə mübarizə tədbirlərinin mühüm bir hissəsini yaşayış binaları, giriş blokları, ümumi istifadə yerləri, idman meydançaları, lift kabinaları və digər yerlərin təmizliyinin təmini, həmin yerlərin mütəmadi olaraq dezinfeksiyası təşkil edir”.

Məlumatda qeyd edilib ki, təmizlik işləri çərçivəsində məişət tullantılarının vaxtında daşınması da mühüm əhəmiyyət kəsb edir:

“Təmizlik işləri çərçivəsində iki günlük sərt karantin günlərində vətəndaşların üzləşdiyi müəyyən çətinliklərlə bağlı onların müraciətləri nəzərə alınaraq kommunal xidmətlər tərəfindən paytaxtın bütün rayonlarında məişət tullantılarının atılması üçün konteyner meydançası olmayan çoxmərtəbəli yaşayış binalarının həyətlərinə, blokların çıxışına yaxın yerlərdə məişət tullantılarının atılması üçün tullantı konteynerləri qoyulub. Bu konteynerlər və onların yerləşdiyi meydançalar da dezinfeksiya edilir. Təkcə iyunun 21-də, yəni bazar günü paytaxt ərazisində 450-dən çox küçə kimyəvi və köpükləndirici maddələrlə dezinfeksiya edildi. Həftəiçi isə mənzil kommunal departamentinin, yaşıllaşdırmanın əməkdaşları tərəfindən mütəmadi olaraq həyət-bacalarda dezinfeksiya işləri aparılır. Dezinfeksiya işləri xəstəlikdən qorunmağımız üçün lazımdır”.