Dünya uzun müddətdir koronavirus təhlükəsi ilə mübarizə aparır.

Virusa yoluxanların sayı 1 milyonu ötüb və 70 mindən çox ölüm qeydə alınıb.

Dünya müxtəlif illərdə daha təhlükəli və ölümcül xəstəliklərlə mübarizədən qalib çıxıb. Lakin hər kəsi maraqlandıran suallardan biri də adi qrip virusu olan COVID-19-un bu qədər tələfata səbəb olmasıdır.

Bədənə daxil olan virus orqanizmdə hansı dəyişikliklərə səbəb olur? Necə olur ki, ölüm baş verir? Yoluxmadan sonra insanda hansısa problem qalırmı?

Mövzu ilə bağlı “MediaPost”a açıqlama verən cərrah, uzman həkim Elnur Əkbərov bidirib ki, bəzən tütün çəkənlər pnevmaniyanı rahat keçirir:

“Tütün çəkənlər müəyyən bir “staj” topladıqdan sonra ağciyər həcmləri, yəni ağciyərin bir anda ala biləcəyi hava tutumu azalır. Ağciyərlərin içində alveol dediyimiz vahid ki var, ağciyərin strukturunu təşkil edir. Həmin alveolların mənfəzinin qətranla dolması nəticəsində baş verir. Bu zaman ağciyərin nəfəsalma səthi kiçilir. Və bu kateqoriyadakı insanlar nəfəslə aldıqları oksigenin heç də hamısı mənimsənilmir. Müəyyən bir “staj” topladıqdan sonra oksigen azlığında yaşayırlar. Nəticə etibarilə tütünçəkmə orqanizmin həm yerli olaraq, yəni üst və alt tənəffüs yollarının örtüyünü, həm də ağciyər toxumasının özünün hüceyrə strukturunu dağıdır. Və immun sistemi yerli statusunu pozmuş olur. Sözsüz ki, yerli və ümumi immun sistemi zəiflədikdə insan orqanizminin hər hansı infeksiyalara yoluxma ehtimalı heç də azalmır, tam əksinə yüksəlir. Əgər diqqət yetirsək, davam edən pandemiya sırasında statistik araşdırma aparsaq, məlum olar ki, yoluxmuş insanların arasında müşahidə olunan fəsadlar ən çox yaşlı insanlardadır. Bunların da arasında daha çox xroniki xəstəlik daşıyan insanlar var. Xroniki ağciyər, qaraciyər, mübadilənin pozulması ilə seyr edilən digər xəstəliklər məsələn, şəkərli diabet bu kateqoriya insanlar orta yaşdan yuxarıdır. Məhz bu səbəbdən ölümlə nəticələnən hallar yaşlılarda müşahidə edilir. Gənc xəstələr arasında bu rəqəmlər daha azdır. Bunları nəzərə alaraq söyləyə bilərik ki, tütün çəkənlərin yoluxma ehtimalı olduqca yüksəkdir. Bu ehtimal deyil, qanundur. Yoluxduqdan sonra xəstəliyin rastlanan fasadlarından biri pnevmaniyadır. Tütün çəkənlər pnevmaniyanı nisbətən daha rahat keçirir. Amma xəstələnməyə gələndə daha tez xəstələnir və faciəvi son da onlarda görülür”.

Bu vərdişlər tənəffüs yolları infeksiyalarını ağırlaşdırır- RİSKLƏR, FƏSADLAR

Mütəxəssis virusdan sonra bədənimizdə hansı fəsadların qalacağını açıqlayıb:

“Koronaviruslar ailəsi çox böyükdür. Hər fərdinə biz ştamm deyirik. Bəs COVID-19 ştammının özəlliyi nədir? Bu ştamm yüksək kantagiozdur. Yəni yoluxma ehtimalı daha yüksəkdir. Buna qarşı vaksin yoxdur. COVID-19 ona görə təhlükəli sayılır ki, o, müalicə oluna bilmir. Vaksin olmadığı üçün xəstələyin fəsad vermə ehtimalı daha da yüksəlir. İnsan populyasiyası arasına düşdüyü zaman daha sürtlə yayılır. Burada ən çox zədələnmələr tənəffüs yollarında olur. Bayaq qeyd etdiyim kimi pnevmaniyaya səbəb olur. Virus pnevmaniyaları ümumiyyətlə, çox ağır gedişata malik xəstəliklərdir. Çünki qısa müdət ərzində ağciyər toxumasının böyük bir hissəsini tutmaqla ağciyərin nəfəsalma qabiliyyətini pozur. Amma bununla yanaşı, virus bronxitə də səbəb olur. Pasiyentlər qızdırma düşükdən, sağaldıqdan sonra belə, öskürürlər. Bir qismin səsində problemlər yaranır. Əlavə olaraq, pasiyentlərin bir qismi xəstəlik keçdikdən sonra iybilmə qabiliyyətlərini itirdiklərini söyləyir. Bu rinitin nəticəsində olur, insanın qoxu bölgəsi zədələnir”.