22.07.2026 - 23:17
Siyasət 51 baxış

İsrailli nazir: Türkiyə ilə hərbi qarşıdurma sabah da baş verə bilər

İsrail rəsmisi Türkiyə ilə mümkün birbaşa hərbi qarşıdurma ehtimalı ilə bağlı sərt açıqlamalar verib.

Minval.info xəbər verir ki, İsrailin diaspor məsələləri naziri Amixay Şikli Qüds Tətbiqi Siyasət Mərkəzinin (JCAP) qapalı konfransında çıxışı zamanı ölkəsinin belə ssenariyə hazır olmalı olduğunu deyib.

Nazirin sözlərinə görə, Türkiyə ordusu ilə dənizdə birbaşa toqquşma ehtimalı istisna edilmir.

“Türkiyə ordusu ilə dənizdə birbaşa qarşıdurma baş verə bilər. Bu, mümkünsüz ssenari deyil – hətta sabah səhər də baş verə bilər”, – deyə Şikli bildirib.

O, həmçinin xatırladıb ki, İsrail 2023-cü ildə Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra bu ölkəyə xilasedici qrup göndərərək yardım göstərmişdi. Şikli əlavə edib ki, təxminən yeddi il əvvəl İsrailin “İxilov” xəstəxanasının həkimləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı onkoloji xəstəliklə bağlı müalicə ediblər.

“Bu, son dərəcə məyusedicidir, amma qarşılaşdığımız reallıq budur”, – deyə israilli nazir vurğulayıb.

Amixay Şikli eyni zamanda Qüdsdə fəaliyyət göstərən Türkiyə konsulluğunun dərhal bağlanmasının və İsrail ərazisində Türkiyənin bütün fəaliyyətinin dayandırılmasının tərəfdarı olduğunu bildirib.

Qüds Tətbiqi Siyasət Mərkəzi (JCAP) isə iddia edir ki, Türkiyənin Qüdsdəki konsulluğu Ankaranın bölgədəki əsas təsir vasitələrindən biridir. Mərkəzin iddiasına görə, konsulluq Fələstin Administrasiyası ilə əməkdaşlıq edir, islam yönümlü qruplara və yerli təşkilatlara dəstək verir, həmçinin şəhərdə təsir şəbəkəsinin formalaşdırılmasında rol oynayır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: