Dünyagörmüş kişilərdən birinin bir sözü var, deyir: “Kişinin bir arvad alıb-boşaması yekə bir səhvdir, amma gedib yenidən arvad alması ondan da yekə səhvdir”.

Düzdür, dünyagörməmiş kişilərdən bir-ikisi səhvlər silsiləsinin başlanğıcını birinci arvad almaqdan başlayıb hesablayırlar, amma o qədər də olmaz. Uzun müddətli subaylıq da bir kişilik deyil və bu cür subaylığın sultanlığa-filana dəxli yoxdur. Birincisi, bəlli olduğu kimi, sultanların hər birinin 30-40, bəzən də 100-dən artıq arvadı olub və tək birini belə qardaşlarına güzəştə getməyiblər (Kösəmin kinosunda gördük).

İkincisi, bir şey ki, əqidəli subay corabını özü yuyacaq, eyzən kolbasa-sosiska ilə qidalanacaq, orda-burda sümsünəcək, ta bunun harası sultanlıq oldu?

Xüləs, durub-dururkən, bu mövzunun aktuallaşması boşuna deyil, Qırğızıstanın dini lideri media önündə ikinci arvad aldığını etiraf edib, başqa kişiləri də özündən nümunə götürməyə çağırıb.

Adamın adı Çubak ajı Cəlilovdur. O, yaydığı bir videoda deyib ki, birinci arvadını boşamayıb və indi arvad bir qədər qəzəblidir ki, nədən sevgili yarı onun üstünə günü gətirib. Razılaşaq ki, ortada günü söhbəti varsa, avtomatik olaraq ərin arvada dediyi “yarım” ifadəsi gücünü itirir, ən uzağı “şaqqam” deyə bilər.

Bu, strateji-romantik, bir az da demoqrafik-sentimental məsələ olduğuna görə hazırda qırğız kişiləri həyəcanlı, qırğız xanımları isə əndişəlidir. Bəlkə də kişilər əlavə informasiya almaq üçün kütləvi şəkildə internet resurslarına giriblər, qadınlar isə nigarançılıqdan üzülür, hətta ağlaşırlar.

Xoşbəxtlikdən, ya da tərs kimi, Qırğızıstan konstitusiyasına görə, çoxarvadlılıq ölkədə qadağandır. Amma bu təbii ki, qafasına ikinci arvad almaq ideyasını qoymuş kişilərə maneə deyil, imkanları varsa, mütləq alacaqlar. Əslində, elə dünyanın çox ölkəsində olduğu kimi, onlar da ikinci, üçüncü arvadı alırlar, sadəcə, onun adı başqadır və qeyri-leqaldır.

Qırğız kişiləri isə istəyirlər ki, hər şey dürüst, qanuni, necə deyərlər, halal olsun – həm şəriət baxımından, həm də ölkənin qanunları baxımından.

Bu məsələ bizdə, eləcə də söhbətə “bismillah”la başlayan bütün ölkələrdə həmişə aktual olub, aktualdır və belə görünür ki, həmişə də aktual olacaq. Çünki bu coğrafiyada başqa dərd-sər, qayğı-filan yoxdur. Əsas məsələ bacardıqca çox və tez-tez arvad almaqdır.

Elə çıxmasın ki, firavan Qərb ölkələrindəki kişilər bir arvadın dizinin dibini kəsdirib dururlar. Xeyr. Onların da bir xeylisi arvadı tez-tez dəyişirlər – hətta köhnəlmiş “Mersedes”lərindən daha tez-tez. Arsız-arsız təyyarəyə oturub Taylanddan arvad almağa gedənlər də minlərlədir. Amma qərblilərin bir işi var ki, özlərini paralel arvad saxlamaq zülmünə salmırlar, birini boşayırlar, o birini alırlar, hətta boşadıqları arvadlarla dost qalmağı üstün tuturlar.

Bizim regionda isə kişilər boşadıqları arvadların da qeyrətini çəkdikləri üçün ya boşasalar da, nəzarətsiz buraxmırlar, ya da ümumiyyətlə nə rəsmən boşamırlar, nə də ərlik eləmirlər, deyirlər, buralarda ol, uşaqları böyüt.

Heç demə, Cəlilov öz çağırışını bir çox qırğız qadınının Rusiya, Türkiyə və Çinə yollanıb qədim peşəylə məşğul olmaları ilə əsaslandırıb. Yəni millətin qalpağını (qırğız papağı) düşünüb, deyib, gəlin öz xatunlarımıza sahib çıxaq. Nə qədər də vətənpərvər! Necə bir milliyyətçi! Halal olsun o ikinci arvad ona.

Xatırladım ki, eyni səbəb bizim ölkəmizdə də mövcuddur. Bizim çoxarvadlılığı dəstəkləyənlərimiz də bəzi qadınların Dubaya, Türkiyəyə getmələrinin qarşısını almaq, eləcə də manyak ərəblərin ayağının Bakıdan kəsilməsini təmin etmək üçün bu “islahat”ı vacib saya bilərlər.

Adam oturub fikirləşir ki, görəsən, İndoneziyadan Albaniyaya qədər uzanan müsəlman dünyasında heç olmasa bir ruhani çıxıb deyəcəkmi, nəhayət, qurtarın bu söhbəti, abrınız, həyanız olsun, manyaklığınızı qanuniləşdirməyə çalışmayın.