Piyada keçidlərinin olmaması və ya olub bərbad hala düşməsi ilə bağlı dəfələrlə məqalələr yazmışıq. Piyadaların yolu keçərkən etmələri və etməmələri olduqları şeylərdən bəhs etmişik.

Məqsəd isə hər il piyadaların ölümü nəticələnən qəzaların sayını mümkün qədər azaltmaqdır. Bunun isə iki yolu var. Vətəndaşların maariflənməsi və hökumət orqanlarının öz vəzifələrini layiqli yerinə yetirmələri.

Bu yazımızı da Bakıdakı çoxsaylı piyada keçidi problemlərindən birinə həsr etmişik. Nəsimi rayonu, Bakı metrosunun “Memar Əcəmi” stansiyasının yaxınlığında piyada keçidinin olmaması, sakinlərin həyatını təhlükə altında qoyur.

Musavat.com xəbər verir ki, bəhs edilən ərazidə sadəcə bir ədəd zolaqlı piyada keçidi var. Həmin keçidin də zolaqları demək olar ki, tam silinib. Üstəlik keçidin yanında heç bir keçid işarəsi yoxdur. Sürücülərin zolağı görməməsi də normaldır.

Gündüz vaxtı çətinliklə görünən zolaqları axşam saatlarında ümumiyyətlə görmək mümkün deyil. Vətəndaşlar üçün isə yolu keçmək üçün alternativ yol yoxdur. Belə ki, ərazidə metronun yeraltı keçidi var. O keçid isə sadəcə yolun digər tərəfinə, yəni park, univermaq tərəfə keçmək üçündür. Əgər bu keçiddən istifadə edib, qarşı tərəfə, yəni Hüseynbala Əliyev küçəsinə keçmək istəyən olsa, mütləqdir ki, 20 qəpiyindən də keçsin. Çünki yeraltı keçid yoxdur. Keçid sadəcə metro üçün nəzərdə tutulub. Bunun üçün isə ödəniş edilməlidir.

Məsələ də burasındadır ki, şəhərin bir çox yerinə gedən marşrut avtobusları adıçəkilən küçədə yerləşən dayanacaqda dururlar. Marşruta minmək istəyən vətəndaşlar mütləqdir ki, yolu avtomobillərin arası ilə qaça-qaça keçsinlər. Keçidi düzəltmək əvəzinə dayanacağın yerini dəyişmək istəyənlər üçün qeyd edək ki, məsələ təksə marşrut dayanacağı deyil. Həmin küçənin sağ və sol tərəfində “N” qədər restoranlar, kafelər, mağazalar var. İnsanlar yolu bir tərəfdən digər tərəfə keçməlidir. Bunun üçün isə keçid lazımdır. O da ki, yoxdur.

Rayon sakini Səkinə Allahverdiyeva deyir ki, o, hər gün 2 uşağı ilə yolu bu şəkildə keçməyə məcburdur: “Çünki başqa çarəmiz yoxdur. Uşaqları məktəbə aparanda da, gətirəndə eyni halı yaşayırıq. Marşrut ancaq ordan keçir. Qarşı tərəfə keçmək üçün ya metrodan istifadə edib, hər gün 1 manat 30 qəpik buna verməliyəm, ya da yolu qaça-qaça keçməliyəm. İkinci daha ucuza başa gəlir. Bizi bu hala düşürənlər utansın”.

Tural Dadaşov adlı rayon sakini bütün günahı sakinlərin özlərində görür: “Keçid yoxdur, tamam. İnsanları fikirləşən yoxdur, bu da düzdür. Bəs, bu camaat özünü düşünmür? Şikayət etmək lazımdır. Mən neçə dəfə qonşulara demişəm ki, ərizə yazaq. Aparaq soxaq buranı görməyən məmurların gözünə ki, camaat burada ölümlə qaçdı-tutdu oynayır, bir şey fikirləşsinlər. Amma heç bir qonşu yaxın durmadı. Sən çək, yaz. Bəlkə faydası oldu”.

Firudin Zamanov adlı Nəsimi rayon sakini həm piyadadır, həm də sürücü. O, deyir ki, piyada keçidi problemi burada uzun müddətdir var, amma insanlar alışıb: “Soruş, heç keçidin vacibliyi, yolu keçmək üçün həyatlarını nə qədər təhlükəyə atdıqlarını, bunun günahkarlarının kimliyi haqqında heç düşünmürlər də. Biz illərdir alışmışıq ki, yolu insan kimi yox, meşədən çıxıb yolu qaça-qaça adlayan dovşan kimi keçək. Bakının hər yerində metro keçidləri yolun dörd tərəfinə də çıxır. Metroya girmədən yolun istənilən tərəfinə keçmək olur. Amma burada keçid ikitərəflidir. Gülməli vəziyyətdə yaşayırıq. Bu boyda ərazidə piyada keçidi yoxdur. Vare, olmasa ondan yaxşıdır. Mən də sürücüyəm də. O zolağı kim görə bilər? Heç olmasa nişan qoysunlar, sürücü onu görüb, sürəti azaldar. Yoxsa ki, kimsə yarısilinmiş zolağa güvənib yola çıxacaq, sürücü də dayanmağa macal tapmayıb onu vuracaq. Bundan sonra telekanallar gələcək, çəkəcək. İki-üç açıqlama alınır, zolaq rənglənir və iş bitir. Yəqin bunu gözləyirlər”.

Məhəmməd Türkmən,
Musavat.com,
Fotolar müəllifindir.