Dünyanın ən qorxunc nöqtələri
Poveqliya adası, İtaliya
“Vəba adası” olaraq da tanınan Poveqliya adası 1793-1814-cü illər arasında İtaliyada yayılmış dəhşətli vəba xəstəliyinə yoluxan 160 min nəfərin müalicə üçün cəmiyyətdən təcrid olunduğu yer idi. Demək olar ki, hamısı tələf olan vəba xəstələrinin kütləvi məzarları bu gün də adanı ziyarət edən turistlərin qarşısına çıxır. Bir zamanlar həkimlərin əqli problemləri olan insanlar üzərində apardığı sınaqların baş tutduğu yer olan adada addım başı insan sümüklərinə rast gəlmək adi haldır.
“Kəllə qalası”, Serbiya
Serbiyanın Niş şəhəri yaxınlığında Osmanlı əsgərləri tərəfindən serb üsyançıların kəsilmiş başlarından ucaldılmış qala görənləri olduqca vahiməyə salır. Üsyançı serblərə ibrət olması üçün ucaldılmış qalada 952 baş skeleti mövcuddur. Bu qala Serbiya Osmanlıdan müstəqillik qazandıqdan sonra tarixi abidə kimi restavrasiya edilmiş və ziyarət üçün istifadəyə verilmişdi.
“Cəhənnəm qapısı” Türkmənistan
Türkmənistanın Darvaza qəsəbəsi yaxınlığında yerləşən “Cəhənnəm qapısı” adı ilə məşhur krater ziyarətçilərini olduqca qorxuya salan maraqlı bir vulkanik göldür. Püskürdükdən sonra içindəki lavalarla birlikdə filmlərdə təsvir olunan cəhənnəm səhnələrinə bənzəyən krater dəhşətli görüntüsü ilə dünyanın müxtəlif yerlərindən çox sayıda turisti özünə cəlb etməyi bacarır.
Overtaun körpüsü, Şotlandiya
Tikildiyi gündən 600-dən çox intihar hadisəsinin baş verdiyi Overtaun körpüsü aşağısında torpağa qərq olmuş insan cəsədləri ilə olduqca vahiməli görüntüyə malikdir. Körpü ilə bağlı ən dəhşətli fakt isə hər il ortalama 15-dən çox itin toplaşaraq kütləvi şəkildə özünü körpüdən atması, yəni intihar etməsidir. Bu hadisənin hansı səbəbdən baş verməsi isə hələ də insanlar arasında müəmmalı olaraq qalır.
Okiqara meşəsi, Yaponiya
Yaponiyada yerləşən Okiqara meşəsi ötən əsrin 50-ci illərində insanların intihar etdiyi yer kimi tanınırdı. 500-dən çox insanın özünü asaraq intihar etdiyi meşə olduqca vahiməli görüntüsü ilə insanların əsla getməyi düşünmədiyi ərazilərdən biridir. Demək olar ki, hər ağacda intihar etmiş insanların cəsədlərinə rast gəlmək mümkündür.
Sedlek kilsəsi, Çexiya
Çexiyanın paytaxtı Praqa şəhəri yaxınlığında yerləşən Sedlek kilsəsi içində saxlanılan insan skeletləri ilə məşhurdur. Orta əsrlərdə çex islahatçılarının (husitlər) etdiyi basqın zamanı 500 keşişin qətlə yetirilməsi kilsədə baş verən qanlı hadisələrin dəhşətindən xəbər verir. Kilsəni vahiməli edən məsələ isə ətrafda yerləşən 40 min məzardan ibarət olan nəhəng qəbiristanlıqdan irəli gəlir. Qəbirsitanlıqda artan yer problemi səbəbilə din xadimləri sümüklərin məzardan çıxarılması və kilsədə “şapel” adı verilən otağa toplanması göstərişini verdi. Nəticədə kilsə yüzlərlə insan sümüklərinin olduğu qorxulu əraziyə çevrildi.
Nazim Hacıyev
Minval.info