Cari ay idmanın müxtəlif növlərində sevindirici, üz güldürən məqamlarla bol olsa da, sözsüz ki, diqqətlər, əsasən şahmata yönəlib. Bəli, zəka “savaşları”ndan gələn qələbə soraqları çox qısa zaman kəsiyində bir-birini əvəz edir. Teymur Rəcəbovun Dünya Kubokundakı parlaq zəfərindən heç 10 gün keçməmiş, ölkə ictimaiyyəti 14, 16 və 18 yaşadək şahmatçılar arasında Hindistanın Mumbay şəhərində keçirilən dünya çempionatında qazanılan qızıl medalı bayram etməyə başladı. Keçirdiyi 11 görüşdən 9 xal toplamaqla, öz yaş qrupunda birinci olan 14 yaşlı Aydın Süleymanlı, bir gündəcə bütün ölkənin diqqət mərkəzinə düşdü. Xəbər verdiyimiz kimi, dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu nailiyyəti yüksək qiymətləndirərək, çempionumuzu təbrik ediblər. Beləliklə, sizi, son günlərin əsas qəhrəmanı ilə bir qədər də yaxından tanış edəcəyik.

Bağçadan gələn həvəs

22 mart 2005-ci ildə Bakıda doğulan, 2011-ci ildə 249 saylı orta məktəbin birinci sinfinə qədəm qoyan Aydın, şahmatla hələ bağça yaşından məşğul olmağa başlayıb. Belə ki, beş yaşında ikən şahmat dərnəyinə yazılan gələcəyin ulduzu, qısa vaxtdan sonra təxminən 50 uşaq arasında keçirilən yarışda birinci nəticə göstərib. Beləcə, ağ-qara fiqurlara qarşı marağı birə beş artıb. Əvvəlcə evlərinin yaxınlığında yerləşən Xətai Rayon Mədəniyyət Mərkəzində şahmat məşğələlərinə başlayan Aydın, sonradan Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinə üz tutaraq, Xalid Atababayevin yanında qədim idman növünün sirlərini dərindən öyrənib. Bu arada, vunderkind, adıçəkilən mütəxəssislə 2010-cu ilədək birgə çalışıb. Ondan bu yana isə beynəlxalq qrossmeyster, yeniyetmələrdən ibarət komandamızın baş məşqçisi Fərid Abbasovun rəhbərliyi altında hazırlıq keçir.

Üçrəqəmli ədədləri hesablayan uşaq

Kiçik qəhrəmanımızın ailəsində, o cümlədən yaxın qohumları arasında şahmatla məşğul olan və ya hər hansı idman növündə uğur qazanan biri olmasa da, qeyd etməyi borc bilirik ki, o, ziyalı köklərə söykənən ailənin davamçısıdır. Adını daşıdığı mərhum babası Aydın Süleymanov fizika-riyaziyyat elmləri doktoru, hazırda Texniki Universitetdə çalışan digər babası Əliabbas Faxıyev eyni istiqamət üzrə dosent dərəcəsinə yüksəlib. Atası Elşən məşhur şirkətlərin birinin bölmə rəhbəri, anası Jalə xanım həkim, bacısı Nəzrin isə Bakı Dövlət Universitetinin ekologiya ixtisasının üçüncü kurs tələbəsidir. Övladının püxtələşməsində babalarının rolundan danışan Jalə Süleymanovanın sözlərinə görə, onların təsiri ilə Aydın, hələ məktəbə getməmişdən iki və üçrəqəmli ədədlərlə toplama-çıxma, hətta vurma-bölmə əməllərini yerinə yetirməyi öyrənib: “Yaddaşı həddən artıq güclüdür. Hər ay minimum 10 gün dərs buraxsa da, gəlib bütün sinif yoldaşlarını keçir. Digər uşaqların bir neçə saata öyrəndiyi mətni, məzmunu bircə dəfə baxmaqla yadda saxlayır. Üstündən neçə il keçir-keçsin, soruşsan, az qala, hər mövzunu xatırlayar”.

İkiqat Avropa çempionu

Məşğələlərə ciddi səy və sevgi ilə yanaşan, yuxudan ayılar-ayılmaz fiqurları qarşısına düzüb, kombinasiyalar fikirləşən, üstəlik, belə bir – hər addımında ona güclü dəstək verən ailə mühitində formalaşan Süleymanlının nəticələrini gözləmək üçün çox zaman lazım olmur. Belə ki, o, hələ altı yaşı tamam olmamış, Rumıniyada keçirilən məktəblilərin Avropa çempionatına qatılaraq, beşinci yeri tutur. Bu minvalla, ardıcıl olaraq respublikadaxili yarışlarda fərqlənən Aydın, 2013-cü ildə Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatında 8 yaşlılar arasında qalib adını qazanır, həmin il Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində təşkil olunan dünya çempionatında üçüncü nəticə göstərir. Müxtəlif ölkələrdə keçirilən “open” seriyalı turnirlərdə iştirak edərək, mükafata layiq yerlər tutan Aydın, 2014-cü ildə Estoniyanın ev sahibliyi etdiyi Avropa çempionatında həm rapid, həm də blits üzrə qızıl, məsələ həllində isə gümüş medala yiyələnir. Növbəti ildə Belarusda 10 yaşadək şahmatçılar arasında blits üzrə birinci olursa, 2017-ci ildə, dörd illik aradan sonra Rumıniyada klassik şahmat üzrə qitə çempionu adını qazanır.

Nəzərə çatdıraq ki, 2400 elo xalını keçən və digər normativləri yerinə yetirən 14 yaşlı Süleymanlı, cari ilin aprelində beynəlxalq usta dərəcəsi də alıb.

“İnanmadım, dedim ki…”

1-13 oktyabr aralığında şahmatın vətənində keçirilən dünya çempionatına qədər Şəhriyar və Zeynəb Məmmədyarovlar, Teymur Rəcəbov, Eltac Səfərli, Vasif Durarbəyli və digər şahmatçılarla müxtəlif aşağı yaş qruplarında dəfələrlə çempionluq sevinci yaşasaq da, sonuncu belə nailiyyətdən artıq 4 il keçirdi. Belə ki, axırıncı dəfə Məhəmməd Muradlı Yunanıstanda U-10 yaş qrupunda qızıl medal qazanmışdı. Dördillik sükutu pozan Aydın, qələbə qazanacağına inandığını, lakin birinciliyinin bu qədər ictimailəşəcəyini gözləmədiyini deyir: “Biz vətənə qayıdanda atam aeroportda mənə dedi ki, Aydın, səni Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva təbrik edib. İnanmadım, dedim ki, zarafat edirsən. Telefonu açıb təbriki görən zaman inandım. Bu təbrik məni qürurlandırdı. Mən qələbə qazanacağıma inanırdım, amma bu qədər təbrik almağım gözlənilməz oldu”.

“Şah”ın qiyməti: “Əsl ağsaqqal…”

Yeri gəlmişkən, Azərbaycan tarixinin ən güclü qrossmeysteri Şəhriyar Məmmədyarov da Aydının uğuruna biganə qalmadı. Süleymanlının sevincinə şərik olan “Şah”, sosial şəbəkə hesabında fikirlərini belə ifadə edib: “Aydın əsl ağsaqqal şahmatı göstərdi. Oyunları izləyirdim. Çox sevinirəm ki, belə rahatlıqla qalib gəldi. Özü də harada? Hindistanda!”

Maraq üçün qeyd edək ki, Azərbaycan son mundialda 5-i qız, 4-ü oğlan olmaqla, 9 nəfərlik heyətlə təmsil olunub. Onlardan sadəcə Aydın fəxri kürsüdə yer alıb ki, komandamız bu nəticə ilə yekun sıralamada ilk “beşlik”də qərarlaşıb. Süleymanlı ilə eyni yaş qrupunda yarışan Gövhər Beydullayeva (8 xal) 4-cü, Ayan Allahverdiyeva (8 xal) 5-ci, Jalə Kərimli (5 xal) 31-ci, Süleyman Süleymanlı (6 xal) 41-ci olub. U-16 yaş qrupunda Ləman Hacıyeva (7 xal) 12-ci, Vüqar Manafov (6,5 xal) 26-cı, U-18 yaş qrupunda Rəvan Əliyev (5,5 xal) 36-cı, Aytac Heydərova (4 xal) 55-ci pillədə qərarlaşıb.

Maqnusa bənzədirlər

Hər bir yeniyetmə şahmatçının bir kumiri olur. Süleymanlının kumiri isə əfsanəvi dünya çempionu Maqnus Karlsendir. Bu arada, yerli mütəxəssislər istər hücum, istərsə də müdafiədə yaradıcılığa üstünlük verməsi, habelə oyun tərzindəki bir sıra digər komponentlərə görə, onu məhz Maqnusa bənzədirlər.

“Hobbim kitab oxumaqdır” deyir. Vaxtının böyük hissəsini şahmata həsr etməsinə baxmayaraq, sinif əlaçısı olan Aydın, gələcəkdə informasiya texnologiyaları sahəsi üzrə ali təhsil almağı düşünür. 14 yaşlı dünya və Avropa çempionunun qarşısına qoyduğu əsas məqsəd isə şahmat tacını Azərbaycana gətirməkdir, şübhəsiz.

Təhsil mövzusunun davamı olaraq qeyd edək ki, 2018-ci ilin iyununda keçirilən Azərbaycan məktəblilərinin I Forumuna seçilmiş 40 istedadlı şagird arasında haqqında bəhs etdiyimiz yeniyetmə də olub.

Mumbay qəhrəmanımızın idman maraqları tək şahmatdan ibarət deyil, o, futbolla da yaxından maraqlanır. Azarkeşlik etdiyi kluba gəlincə, bu, “Barselona”dır.

Portret

Azərbaycan böyük şahmat ənənələri olan ölkə kimi tanınır. Hələ əsas hədəfə çatmasaq da, ölkəmiz artıq uzun illərdir elit qrossmeysterlər qrupunda təmsil olunur. Bütün aşağı yaş qruplarında dünya və Avropa çempionluqlarımız var. Lakin bu da bir faktdır ki, gənc çempionlarımızın əksəriyyəti sonradan onlara bəslənən etimadı lazımınca doğrulda bilməyiblər. Nəticədə, şahmat cameəsində “Şəhriyar və Teymur kimi qrossmeysterlərin yetişməsi üçün azı yarım əsr lazım olacaq” kimi bir fikir hökm sürür. Bütün bunlara rəğmən, Aydının 14 yaşa sığdırdığı parlaq nailiyyətlər, formalaşdırdığı xarakter gələcəyə ümidlə baxmaq üçün yetərincə ciddi əsaslardır. Bəli, bu gün o, “mənim böyük zəfərlərim hələ qabaqdadır” deyən təbəssüm dolu baxışları ilə hər birimizi sabahın aydınlığına inandırır.

Kaspi.az