Bakıda səfərdə olan İngiltərə vətəndaşı Freddie Fitches Azərbaycan bayrağı ilə fotolarını, ölkəmiz barədə isti yazılarını sosial şəbəkələrdə paylaşıb.

İnternet resurslarından istifadə, xüsusən də sosial şəbəkələrin milyonlarla insanı bir araya gətirməsi günümüzün reallığıdır.

Bu yaxınlarda bir İngiltərə vətəndaşının facebook, youtube və instagram platformaları üzərindən Azərbaycanla bağlı etdiyi paylaşımları diqqətimi çəkdi.

Şəxsi məlumatları ilə tanış olduqda və Azərbaycana səfərlərini əks etdirən şəkillərini gördükdən sonra bu paylaşımları edən şəxsin vətənimizlə bağlı təəssüratlarını öyrənmək marağım üstün gəldi. İngilis dilində “hello” yazanda aldığım cavab daha gözlənilməz oldu: “Salam, xoş gördük. Sizinlə ana dilinizdə ünsiyyət qurmaq mənə çox xoşdur və Azərbaycanı, onun xalqını, o gözəl dili sevirəm” deyən İngiltərə vətəndaşı  gözlərimdə elə doğmalaşdı ki…

Birdən onun “Mən hazırda Bakıdayam, vaxtınız olsa, görüşüb, mürəbbəli çay içərik” deməsindən sonra əcnəbi də olsa bir Azərbaycan sevdalısı ilə söhbətləşməyə can atdım və “Harda görüşək”,- deyəndə: “Mən fəvvarələr bağında sizi gözləyəcəm”,- dedi…

Görüş yerinə çatanda onu bir polis əməkdaşı ilə gördüm. Yaxınlaşdım və özümü təqdim etdim. “Bu da mənim dostum, polis serjantı Elvin Süleymanov” deyəndə  eşitdiklərim məni təəccübləndirdi.

Freddie Fitches 1985-ci ildə İngiltərədə doğulub. Azərbaycanı internet üzərindən görüb və bəyənib. Özü belə deyir. O, vətənimizdə olduğu üçün gəlişi gözəl sözlərlə fikirlərini ifadə etmir və əsl ingilis soyuqqanlığı ilə müşahidələrini bölüşür.

Deyir ki, ölkəmizə səfər etməzdən öncə Daxili İşlər Nazirliyinə məktub ünvanlayaraq polisimizlə tanış olmaq istəyini açıqlayıb. Müsbət cavab alıb və səfəri gerçəkləşib.

 “Bəs bu polisləri hardan tanıyırsınız” sualıma cavab da gözlənilməz oldu: “Onlar mənim dostlarımdır. Polislərlə tanışlığıma gəlincə, demək istəyirəm ki, Bakıya gəlməmişdən öncə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə paytaxtınıza səfər edəcəyim, mümkün olduğu təqdirdə isə polis əməkdaşları ilə görüşmək, hətta onlarla birgə şəkil çəkdirmək arzum barədə ünvanladığım məktubda bildirmişdim. Ən maraqlısı isə Bakıya gələndə məni elə polislərin əsl azərbaycanlı istiqanlılığı ilə qarşılamaları oldu. Harada oldumsa, mənə kömək etdilər, bələdçim oldular, polislərdən xoş rəftar, səmimi ünsiyyət və isti münasibət gördüm. Pasportla bağlı üzləşdiyim problem də onların vasitəsilə aradan qalxdı.

Azərbaycan polisi ölkənizin xoş və gülərüz simasıdır. Hətta sosial şəbəkələrdə mən Azərbaycan polisi ilə bağlı çoxlu paylaşımlar edirəm. Onu da bilirəm ki, sizin tarixi torpaqlarınız ermənilər tərəfindən işğal olunanda ilk döyüşlərə atılan, vətəninizi müdafiə edən polis olub. Mən bu fikirlərə həm də polisinizin tarixi ilə bağlı youtube kanalında izlədiyim filmlərdə rast gəlmişəm. Azərbaycanın qurucusu Heydər Əliyevin Azərbaycan polisi haqqında dediyi fikirlər mənim heyrətimə səbəb olmuşdu.

Facebook və digər sosial şəbəkələrdə mən Azərbaycan polisini, Azərbaycanı müdafiə edəndə bəziləri icazəsiz aksiyalarda polisin fəaliyyətini nümayiş etdirən fraqmentlər yerləşdirib mənə “bu, zorakılıqdır” deyirlər və bu təəccübümə səbəb olur. Axı başqa ölkələrin polisi ilə müqayisədə Azərbaycan polisi çox humanistdir. Dünyanın ən demokratik ölkələrində polisin insanlara qarşı etdiklərini məgər onlar görməyiblər?”…

Freddie özünün dediyi kimi daha bir sirrin də üstünü açdı. Ölkəmizə üçüncü səfərindən sonra Azərbaycan Polisinin onda yaratdığı xoş təəssürata görə o, vətəninə qayıdıb və İngiltərə polisinin sıralarına qatılıb. Hazırda metro polisində xidmət edir.

Söhbət əsnasında o, DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsinin əməkdaşı, polis kapitanı Vaqif Əzizovun, Səbail RPİ-nın rəis müavini, polis polkovniki Sadiq Mədətovun adını razılıq hissi ilə çəkdi.

O, ingilis olsa da Azərbaycan həqiqətlərini bilən və onu təbliğ edən insandır. Bir maraqlı faktı da diqqətimizə çatdırdı. Dedi ki, milliyyətcə erməni olan iş yoldaşı Azərbaycan sevgisindən qıcıqlanıb, Friddei Azərbaycan bayrağı ilə çəkdirdiyi şəklə görə hətta qınayıb da. Dostumuzun cavabı isə ona belə olub: “Mən Azərbaycanı öz Vətənim kimi sevirəm, çünki orda heç bir millətə qarşı nifrət hissi yoxdur”…

Freddienin Azərbaycanda çəkdirdiyi şəkillərə baxıram. O, bu şəkillərdə çox xoşbəxtdir, sevinclidir.

Etiraf edim ki, biz azərbaycanlıların əksəriyyəti ingilis futbolunun azarkeşi olsaq da evimizdə Böyük Britaniyanın bayrağı yoxdur. Onun evində isə Azərbaycan bayrağı var. Məhz onun ingilis polisinin uniformasında və Azərbaycan bayrağının fonunda çəkdirdiyi şəkil də milliyyətcə erməni olan iş yoldaşını əməllicə özündən çıxarıb.

“Sizin polislərin içində həm də çox maraqlı insanlar var və onlardan biri mənə öz kitabını hədiyyə etdi” deyərək çantasından çıxardığı kitabı sevə-sevə mənə təqdim etdi. Polis mayoru Hafiz Təmirovun “Xatirən var” kitabı çox xoşuna gəlmişdi. Kitabda torpaqlarımız uğrunda şəhid olan, sağlamlığını itirərək əlil olan polislərin həyatından bəhs edən məqalələr, oçerklər barədə fikirləri də  diqqətçəkən idi.

Freddie gələn il yenə də ölkəmizə səfər edəcəyini və mənimlə mütləq görüşəcəyini dedi.