Anar Vəliyev: “Ermənilər qəbiristanlıqları da minalayırlar”

Minalar dünyanın bir çox ölkəsində qadağan olunub. Buna baxmayaraq, milyonlarla mina bu gün də dünyanın ən müxtəlif bölgələrində öz qurbanlarını gözləməkdədir. İşğaldan azad olunan Azərbaycanın Qarabağ bölgəsi də istisna deyil.

Müsahibimiz ANAMA EOD qrupunun supervayzeri Anar Vəliyevdir. Onun bu sahədə 20 il iş stajı var. A.Vəliyev bu dövrdə minlərlə minanın müəyyən edilməsi və zərərsizləşdirilməsində iştirak edib.

Müsahibiz deyir ki, üzərində “Dayan! Mina təhlükəsi!” sözləri olan lövhə hər kəsi dayandırmaq gücündədir, ANAMA mütəxəssislərindən başqa. Hər gün həyatlarını təhlükəyə atan minaaxtaranların bir amalı var – Azərbaycan ərazilərini işğalın, müharibənin zərərli qalıqları – minalardan təmizləmək.

-Qarabağ bölgəsində daha çox hansı növ mina basdırılıb?

– Həmin ərazilərdə piyada əleyhinə minalar, PMN, PMN-2, PMD-6, OZM-72, MON-200 və başqa minalar basdırılıb. Bundan əlavə, PMN-Э markalı az metal tərkibli minalar, tank əleyhinə minalar, TM-57, TM-62P, TM-62P2, TM-62P3, TM-62M və başqa minalar basdırılıb.

– Ümumilikdə bütün minalar təhlükəlidir, ən təhlükəlisi də olmamış deyil – hansıdır?

-Əlbətdə, bütün minalar təhlükəlidir. Nəzərə alsaq ki, minalar uzun müddət torpaq altında qalıb və nəticədə metal korpusu, ümumiyyətlə, partladıcı mexanizmləri zamanla korroziyaya məruz qalıb, aydın olur ki, hazırda işğaldan azad edilən torpaqlarda olan minalar daha həssas vəziyyətə gəlib. Minaaxtaran torpaq altında aşkar etdiyi hər siqnala ən təhlükəli mina kimi yanaşmaq məcburiyyətindədir.

– Qarabağda sensorlu minalara rast gəlinirmi?

-Agentliyin fəaliyyəti dövründə mina surprizlərinə (MS-3, MS-4) və sensorlu minalara rast gəlinməyib. İşğaldan azad edilmiş ərazilərdə icra olunacaq genişmiqyaslı minatəmizləmə fəaliyyətləri zamanı ola bilər ki, bu növ minalara və ümumiyyətlə, ətrafına surprizlər yerləşdirilmiş tank əleyhinə minalara rast gəlinə bilər.

– 1 ANAMA mütəxəssisi gün ərzində nə qədər ərazini minadan təmizləyə bilir?

-Bildiyiniz kimi, Agentlik humanitar minatəmizləmə sahəsində əl ilə minaaxtarma, minaaxtaran itlərin dəstəyi ilə minaaxtarma və mexaniki minatəmizləmə maşınlarının dəstəyi ilə minaaxtarma metodlarından istifadə edir. Əl ilə minaaxtarma fəaliyyətlərində ərazinin metalla çirklənmə sıxlığı minaaxtarma sürətinə təsir edir. Nəzərə alsaq ki, mina detektoru torpaq altındakı hər metala siqnal verir və minaaxtaran aşkar edilən siqnalların hər birini təhqiq etmək məcburiyyətindədir. Beynəlxalq Humanitar Minatəmizləmə Standartlarına (IMAS) əsasən mina sahəsində buraxılan hər bir siqnal buraxılmış bir minaya bərabərdir. Bununla bərabər mina sahələrindən başqa döyüş getmiş ərazilərin partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və müharibənin partlayıcı qalıqlarından təmizlənməsi fəaliyyətləri də icra olunmaqdadır. Bu sahələrin təmizlənməsi mina sahələrinə nisbətən daha tez müddətdə icra edilir.

– Erməni silahlı qüvvələri mina basdırmaq üçün daha çox hansı əraziləri seçiblər?

-Əlbəttə, kriteriyalara uyğun olaraq köhnə təmas xətti dediyimiz müdafiə zolağının birinci, ikinci, üçüncü eşelonu ən böyük minalanmış ərazilərdir. Həmin ərazilərdə piyada və tank əleyhinə minaların daha çox olduğu müşahidə olunur və qeyd olunmuş minalar düşmən tərəfindən xaotik şəkildə yerləşdirilib. Lakin buna baxmayaraq, hərbi əməliyyatlar zamanı köhnə təmas xəttindən başqa ərazilərdə də mina sahələrinin olduğuna dair məlumatlar əldə edilir. İşğaldan azad edilən ərazilərin 30 ilə yaxın düşmən nəzarətində olması bu ərazilərin şübhəli və təhlükəli olmasına dəlalət edir.

-Dünyada qəbristanlıqlar mina basdırılmaq üçün ideal məkan kimi nəzərdən keçirilir. Qarabağda da belədirmi?

-Bəli, bu hallarla biz də rastlaşmışıq. Torpaqların işğaldan azad olunması sevinci ilə vətəndaşlarımızın öz yurdlarına gedərək dədə-baba məzarlarına baş çəkmək istəklərini təxmin edən ermənilər qəbiristanlıqları da minalayıblar. Füzuli və Ağdam rayonlarında qəbiristanlıqlarda piyada əleyhinə mina və mina qalıqları ilə üzləşmişik. Qəbiristanlıqların minalanması çox həssas bir məqam olduğu üçün tərəfimizdən xüsusi nəzarətdədir və işğaldan azad olunmuş digər rayonlarımızda da bu kimi hallara rast gəlsək sübutedici faktlarla ictimaiyyətə təqdim olunacaq.

– Mina və partlamamış döyüş sursatlarının zərərsizləşdirilməsi üçün nə qədər vaxt lazım olacaq?

-Tam təmizlənəcək müddəti dəqiq demək çətindir. Amma, əlbəttə, Agentlik öz fəaliyyətini Azərbaycan hökümətinin planına, tapşırıq və tövsiyələrinə uyğun olaraq təşkil edir və yerinə yetirir. Həmin prioritetlərə görə birinci dərəcəli yollar, elektrik xətləri, su təminatı, dövlət mülki əhəmiyyətli obyektlər və başqa ərazilər təmizlənilir. Ondan sonra, ikinci dərəcəli prioritetlər gəlir. Daha sonra şəhərlər, qəsəbələr salınacaq, evlər tikiləcək ərazilər təmizlənəcək. Bunun ardınca camaat köçürüləndən sonra yaşamaq və işləmək üçün əkin sahələri, otlaq sahələri təmizlənəcək. Axırıncı prioritet – meşə sahələri, dağlıq ərazilər, ərazilər təmizlənəcək. Cocuq Mərcanlı nümunəsində olduğu kimi minatəmizləmə fəaliyyətləri ilə tikinti-quruculuq işləri koordinasiyalı şəkildə icra ediləcək.

-Mina formulyarları Azərbaycana təqdim olunsa, bu müddət neçə ilə qədər azala bilər?

-Bu barədə müzakirələr aparılır, əlbəttə ki, mina sahələrinə aid formulyarların əldə edilməsi mina təmizləmə fəaliyyətlərinin planlaşdırılması və icra edilməsinə öz müsbət töhvəsini verəcək. Lakin bu spesifik sahədir və bu məqsədlə əldə olunacaq həmin xəritə və koordinasiyalar yoxlanılmalıdır və həqiqətə uyğun olarsa istifadə oluna bilər. Çünki döyüşlər zamanı düşmən silahlı qüvvələri torpaqlarımızı tərk edən zaman yeni minaların yerləşdirməsi sual altındadır və bu səbəbdən mütləq şəkildə araşdırılmalıdır.

– Birləşmiş Millətlər Təşkilatı (BMT) minaların təmizlənməsi proqramı çərçivəsində Azərbaycana bu sahədə dəstək təklif edibmi?

-ANAMA fəaliyyətə başladığı gündən bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. 1999-cu ildən etibarən Azərbaycanda həyata keçirilən minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT İP) “Azərbaycanda minatəmizləmə potensialının gücləndirilməsi və genişləndirilməsinə dəstək” layihəsini həyata keçirir və qeyd olunmuş layihə uğurla davam etdirilir.

– Azərbaycan BMT-yə və digər ölkələrə minaların təmizlənməsi ilə bağlı yardım, dəstək üçün müraciət edibmi və ya etməyi planlayırmı?

– Agentlik yarandığı gündən bir çox beynəlxalq minatəmizləmə qurumları ilə əməkdaşlıq edir. Hazırda da humanitar minatəmizləmə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar və donor ölkələrindən bu sahədə gələcək əməkdaşlıq üçün təkliflər alırıq və bu təkliflərin zəruri istiqamətləri üzrə fəaliyyətinə dair danışıqlar aparılır.

-Müxtəlif hesablamalara görə bu gün dünyanın 60 ölkəsində 110 milyon mina “yatır”. Qarabağ bölgəsində ermənilərin basdırdığı minaların təxmini sayı bəllidirmi?

-Bu gün ərazidəki minaların və partlamamış hərbi sursatların nə qədər olduğunu dəqiq demək çətindir. Bu ərazilərdə geniş miqyaslı tədqiqat aparıldıqdan sonra nə qədər mina və partlamamış hərbi sursatların olduğunu təxmin edə bilərik.

-Minaların işğaldan azad edilən ərazilərdən 100 faiz təmizlənməsi mümkündürmü?

-Agentlik Beynəlxalq və Milli Minatəmizləmə Standartlarına uyğun olaraq humanitar minatəmizləmə fəaliyyətlərini icra edir və təmizlənmiş ərazini, ərazinin təhlükəsizliyinə dair zəmanət Sertifikatı ilə son istifadəçiyə təhvil verir.

– Minaların təmizlənməsi üçün Azərbaycanda xüsusi texnika varmı?

-Hazırda Agentlikdə 6 ədəd Slovakiya və Xorvatiya istehsalı olan xüsusi təyinatlı mexaniki minatəmizləmə maşınları mövcuddur. Texniki tədqiqat prosesində şübhəli ərazilərin qısaldılması məqsədilə tətbiq olunan mexaniki minatəmizləmə vasitələri əməliyyatların vaxt, səmərəlilik və təhlükəsizlik baxımından ən başlıca yer tutmaqdadır. Mexaniki minatəmizləmə vasitələrinin tətbiqinə ilk dəfə 2004-cü ildən başlamış ANAMA Mexaniki dəstək Qrupu, uzun illər boyunca keçdiyi təcrübə və qarşıya çıxmış olan çətinliklərin dəf edilməsi üslubları ilə artıq ölkədə və kənarda bu vasitələrin daha səmərəli istifadəsinə dair təlim, təcrübə mübadiləsi üçün yararlı olacaq imkanlara malikdir.

-Texnikanın ideal sayı nə qədərdir və hər kilometr üçün ANAMA-ya neçə işçi, hansı texniki vasitələr zəruridir?

-Hazırda Agentlikdə 600 nəfərə yaxın işçi heyət, 40 ədəd xüsusi təlim keçmiş minaaxtaran it və 6 ədəd xüsusi təyinatlı mexaniki minatəmizləmə maşınları, maqnetik lokatorlar, minaaxtaran detektorlar, eləcə də dərinlik ölçən cihazlar möcuddur. İşğaldan azad edilən ərazilərdə genişmiqyaslı minatəmizləmə fəaliyyətlərinin icra edilməsi məqsədi ilə Agentliyin potensialının mərhələli şəkildə artırılması planlaşdırılmışdır.

-ANAMA-da olan texnikaların effektivliyi, iş zamanı – mina partlayışından sıradan çıxması ehtimalı nə qədərdir?

-İstifadə olunan hər bir mexaniki minaaxtarma maşınının mina partlayışından təsirlənməsi müxtəlifdir və bu onların texniki parametrləri ilə müəyyən olunur. Agentlikdə istifadə olunan mexaniki minatəmizləmə maşınlarının bir neçə piyada eləyhinə minalara davamlı olması və hər tank əleyhinə mina partlayışından sonra qısa müddət ərzində yerində texniki müayinə olunaraq işinə davam etməsi üçün sahələrdə yerində xidmət göstərilməsi məqsədilə texniki yardım xidmətindən istifadə olunur.

-Azərbaycanlı minaaxtaran mütəxəssislər qoruyucu şlemlərində GPS ötürücülüər istifadə edirlərmi?

-Agentlik tərəfindən icra olunan humanitar minatəmizləmə fəaliyyətləri daha öncə qeyd etdiyimiz standartlara əsasən icra olunur. Agentliyin istifadə etdiyi qoruyucu geyimlər, texnika və ləvazimat, alət və avadanlıqlar humanitar minatəmizləmə sahəsində dünyada istifadə olunan ən müasirlərindəndir. Humanitar minatəmizləmə fəaliyyətləri kollektiv şəkildə icra olunan fəaliyyət növüdür. Bütün minaaxtaranların fəaliyyətləri təhlükəsizlik məsafələri nəzərə alınmaqla sahə rəhbərlərinin nəzarəti altındadır. Bunun üçün hər minaaxtaranan qoruyucu dəbilqələrində GPS ötürücülərindən istifadə olunması məqsədəuyğun hesab edilmir. Ümumiyyətlə minaaxtaranların qoruyucu dəbilqələrində GPS-in yerləşdirilməsi Beynəlxalq Standartlarda nəzərdə tutulmayıb. Buna baxmayaraq, hər hansı koordinatların götürülməsi üçün sahə rəhbərlərində GPS cihazları mövcuddur və bunun vasitəsilə aşkar olunmuş obyektin koordinasiyası götürülür.

-ANAMA-nın texniki vasitələri sırasında minaaxtaran dronlar varmı və minaaxtarma əməliyyatlarında istifadə edilirmi?

-Humanitar minatəmizləmə fəaliyyətlərində dronlardan istifadə olunması yenilik deyil. Lakin bu dronların minaaxtarma fəaliyyətlərində deyil, ərazilərin tədqiqatı zamanı şübhəli və təhlükəli sahələrin perimetrlərinin müəyyən olunması üçün istifadə edilməsi daha məqsəduyğundur. Eyni qaydada Agentlikdə mövcud olan dronlardan bu istiqamətlərdə istifadə olunur. Dünyada bu sahədə istifadə olunan yeni texnologiyalardan və avadanlıqlardan əldə etmək üçün Agentliyin mütəxəssisləri tərəfindən araşdırmalar aparılır və yaxın müddətdə Azərbaycana gətirilərək humanitar minatəmizləmə fəaliyyətində hər növ metal, plastik, taxta minaların, partladıcı maddələrin, partlamamış hərbi sursatların müəyyən edilməsində, dərinliyinin ölçülməsində və xəritə üzərində qeyd olunmasında istidafə ediləcək.

– Mina tapdaladığını hiss edən şəxs nə etməlidir?

-Əfsuslar olsun ki, minanı tapdalayan şəxs heç özü də tapdaladığını hiss etmədən mina partlayışına məruz qalır. Nadir hallarda hər hansı səbəblə mina partlayışı baş verməsə və ümumiyyətlə səhvən mina sahəsinə daxil olduğunu hiss edən şəxs tərpənmədən yardım çağırmalıdır. Əgər yardımın gəlmə ehtimalı yoxdursa, o zaman həmin şəxs ehtiyatla öz ayaq izləri ilə eyni qaydada geri qayıtmalıdır.

– “Minaaxtaran həyatında 1 dəfə səhv edir” deyimi var. Torpaqlarımız işğaldan azad ediləndən sonra ANAMA mütəxəssislərinin minaya düşmələri xəbərləri gəlir. Səbəbi nədir – tələskənik?

-Minaxtarma peşəsi yüksək diqqət, səbr və peşəkarlıq tələb edən fəaliyyət növüdür. Agentliyin əməkdaşlarının minaya düşməsi və ümumiyyətlə insanların minaya düşməsi çox üzücü hadisədir. Bildiyimiz kimi, Füzuli rayonu ərazisində 2020-ci ilin noyabr ayında iki qardaşın mal-qara otarması məqsədi ilə minalı ərazilərə daxil olmaları, bir qardaşın vəfat etməsi və digərinin xəsarət alması ilə nəticələnib. Vəfat edən və xəsarət alan vətəndaşların mina sahəsindən çıxarılması üçün Agentliyin əməkdaşı yardım göstərib. Bu zaman emosional vərdişlər minaaxtaranın icra etməsi tələb olunan standart qaydalardan irəli keçib, daha tez yardımın göstərilməsinə səy göstərən Agentliyin əməkdaşı da minaya düşub. Vətəndaşların təhlükəli və girişi qadağan olunan ərazilərə icazəsiz daxil olmaları, bunun nəticəsində baş verəcək mina partlayışı hadisəsi minaaxtaranın təhlükəli və riskli işini daha da qəlizləşdirir. Bu məqsədlə vətəndaşlarımızın tələb olunan qaydalara ciddi riayət etmələri təkrar-təkrar xahiş olunur.

-Minaaxtarma sahəsində yeni kəşflər də dünyanın diqqət mərkəzindədir. Peyklər vasitəsi ilə minaların müəyyən edilməsi üçün texniki həllər var. 2023-cü ilə qədər bu sahədə ciddi nəticələr əldə olunacağı gözlənilir. ANAMA minaaxtarma sahəsində yeni yanaşmaları öyrənib tətbiq etməyi planlayırmı?

-Əlbəttə, minatəmizləmə fəaliyyətləri çərçivəsində dünyada istifadə olunan yeni yanaşmalar Agentliyimizdə də uğurla tətbiq olunur. İşğaldan azad edilən ərazilərin çirklənmə faizlərinin müəyyən olunmasına yardım məqsədi ilə Agentliyimiz “Azerkosmos” ASC və digər aidiyyəti qurumlarla bu hüdudlarda sıx əməkdaşlıq edir.

Əlavə olaraq fəxrlə qeyd etmək istərdik ki, dünyada fəaliyyət göstərən Humanitar Minatəmizləmə Təşkilatları arasında ANAMA-nın müstəsna yeri vardır. Birləşmiş Millətlər Təşkilatının, Birləşmiş Millətlər Təşkilatının Mina Faəliyyəti Xidmətinin (UNMAS), NATO-nun, eləcə də digər beynəlxalq minatəmizləmə qurumlarının hesabatlarına əsasən ANAMA 2009-cu ildən etibarən öz milli potensialı ilə Humanitar Minatəmizləmə sahəsində fəaliyyət göstərən milli agentliklərdən biridir.

– ANAMA işğaldan azad edilmiş ərazilərə səfər edən vətəndaşlara nələrə diqqət etməyi tövsiyə edir?

-İşğaldan azad olunmuş və müharibə zamanı düşmən atəşinə məruz qalmış ərazilərin minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə çirkləndiyini nəzərə alaraq, vətəndaşlardan təhlükəsiz səfər imkanlarının yaradılacağı müddətədək müvəqqəti olaraq bu ərazilərə daxil olmaları qəti qadağandır və bu ərazilərə edəcəkləri səfərlərdən çəkinmələrini artıq dərəcədə xahiş edirik.

Agentlik bir daha sakinləri naməlum və şübhəli əşyalara toxunmamağı, xüsusilə də uşaqları tanımaqdıqları əşyalara əl vurmamağı və dərhal aidiyyatı üzrə “102” və “112” Xidməti-Zəng Mərkəzlərinə müraciət etməyə çağırır.