Şirvanşahlar və Səfəvilərin yadigarları toz-torpaqdan təmizlənib, dünyaya təqdim olunur 

Azərbaycanı dünyaya tanıdan ünvanlardan birindəyik. Bakının Balaxanı qəsəbəsi tariximizin bir parçası, parlaq səhifələrin yazıldığı məkanlardandır. Hazırda Balaxanıda 2 əsas küçədə – Səfəvilər və Dirçəliş küçələrində təmir işləri aparılır, tarixi abidələri ziyarət etmək istəyən turistlərin gəlişinə uyğun şəkilə salınır. Qədimi məhəllə plan-forması qorunmaqla, Balaxanı küçələrində divarların bərpası, yolların yenilənməsi həyata keçirilir.

(əvvəli ötən sayımızda)

https://musavat.com/news/balaxani-tekce-neftle-deyil-qedim-tarixi-ile-taninan-kend-reportaj_641853.html

Qəsəbə sakini, bu yerlərin tarixi ilə bağlı arxivlərdə araşdırmalar aparmış Bəxtiyar İsrafilov torpağın altında tikilən, Balaxanıda nadir hamamlardan sayılan Qum hamamı haqda maraqlı bilgilərə malikdir.

O, deyir ki, 2 əsas və 16 kiçik otaqdan ibarət olan Qum hamamı XVII əsrə, Səfəvilər dövrünə aiddir. O dövr Azərbaycanda iqtisadi, ictimai inkişaf dövrü olub. Qum hamamından təxminən 700-800 metr aralıda karvansaray var. Karvansaray 1636-cı ildə Səfəvi şahı Səfinin əmri ilə inşa olunub. Hamamdan 50 metr aralıda XIV əsrdə, daha bir qədim tarixə malik tikili diqqət çəkir. Şirvanşah əmiri Xacə Zeynəddinin göstərişi ilə inşa olunan Ovdan da bu ərazidə yerləşir: “Bu tikili özlüyündə unikal sənət abidəsidir. Nağıllarımızda yer alan 40 pilləkən bu Ovdanda var. Pilləkənlərin quruluşu Şirvanşahlar sarayında olduğu kimi, bir qədər hündürdür. Çox güman ki, Qum hamamının inşasından sonra ilk dövrlər Ovdandan götürülən su ilə təhciz olunub. Ovdan tikinti quruluşu etibarı ilə unikaldır. Ovdan mənbəyindən su götürmək üçün 40 pilləkəni üzü aşağı düşmək lazımdır. Pilləkənlər lay daşlardan, xüsusi ustalıqla yonulub, düz su mənbəyinə qədər enir. Ümumiyətlə Ovdanın tikintisində istifadə olunan daşların yonulması, kənarlarının bir-birini tamamlaması, simmetrik olmaları tikintiyə böyük əmək sərf olunmasını, babalarımızın çox yaxşı ustalıqlarını, əl qabiliyyətlərini  ortaya qoyur. Ovdanın çox az bir hissəsi torpağı üzərində, əsas hissəsi torpağın altındadır. Ovdanın girişindən su mənbəyinə qədər üzü aşağıya 15 metr məsafə var. Tikilinin yerin altındakı hissəsinin tağvari dəhliz şəkilində olması üzərindəki torpaq qatı ağırlığının təzyiqi nəticəsində çökməsi ehtimalını heçə endirir. Bu da tikilini inşa edənlərin həm də müvafiq hesablamalar aparmaq bacarığının sübutudur. Giriş qapısından üzü aşağı baxarkən Günəşin işığı quyu ağzı hissəsindən Ovdan mənbəyindəki suyun üzərində sayrışır.

Ovdan 1920-ci ilə qədər əhali tərəfindən istifadə edilib. Sonrakı dövrlərdə isə baxımsız qalmışdı. Təsəvvür edin ki, Ovdandan 20-30 maşından çox torpaq-tullantı çıxarılıb. Bununla belə, tikintinin möhkəmliyi onun tarixin arxivinə qovuşmasının qarşısını alıb. Bu tikilinin məhz Balaxanı ərazsində inşası ümumilikdə kəndin strateji mövqeyindən xəbər verir. Pilləkənlərin bir qədər hündür olmasına baxmayaraq istifadəçilərin su səhəngləri ilə mənbəyə düşməsi üçün ideal olub. Ovdana düşüb-qalxmaq o qədər də çətin deyil. Pilləkənlərin quruluşu yorucu hərəkətlərin qarşısını alır. Düz həmin mənbəyin üzərindən torpağın üst qatına qədər də şaquli olaraq quyu ağzı açılır. 7-8 metrlik həmin quyu ağzı bir tərəfdən ovdanın düz sonuna, suya qədər daim gün işığının düşməsini təmin edir, Ovdanın daxilindəki nəmişliyin tikili üçün təhlükəli həddə qədər artmasının qarşısını alır, hava axınını təmin edir ki, içəri su götürməyə düşənlər havasızlıqdan əziyyət çəkmirlər. Başqa bir özəlliyi də odur ki, həmin quyu ağzından Ovdana kəndirlə xüsusi hazırlanan qabları endirməklə oradan su çəkiblər. Belə məlumatlar var ki, Ovdandan su çəkilməsi üçün atlardan istifadə olunub. Kəndirin bir tərəfinə at bağlanıb, digər tərəfinə isə Ovdandan su götürmək üçün xüsusi qablar bərkidilib. Beləcə Ovdanın mənbəyindən su çıxarılıb. Abşeron quyuları üçün xarakterik cəhətlər odur ki, quyu qazılardı, su aşkarlanandan sonra xüsusi palıddan təməl, bünövrə qoyulurdu. Həmin o palıd çeşmə adlanırdı. Çeşmənin içindən su axıb gəlirdi. Çeşmənin üzərində sonradan tikili inşa edilirdi. Ovdanın Qum hamamının yaxınlığında olsa da, tikililər arasında əlaqə yoxdur. İlk dövrlərdə Qum hamamında Ovdandan götürülən sudan istifadə edildiyi ehtimalları var. Sonrakı dövrlərdə isə hamamın su təhcizatı Ovdanın əks tərəfində, Qum hamamının arxasında qazılmış 2 su quyusu vasitəsi ilə təmin olunub. Bu gün o quyuların üstü torpaqla örtülüdür. Qazıntılar zamanı su quyularının da üzə çıxarılacağı ehtimalı böyükdür.

Qeyd olunan quyulardan su xüsusi tinglərlə, yəni saxsıdan olan borularla hamama axıb. Hamamın qızdırılması ilə bağlı ziddiyyətli məlumatlar var. Hamamın qazıntısını aparan mütəxəssislər ərazidən daş kömürə bənzəyən bir neçə parça aşkar ediblər. Amma Balaxanıda hamamların daş kömürlə qızdırılması praktikası demək olar ki, yoxdur. Bu isə belə ehtimalları irəli sürməyə əsas verir ki, həmin hissələrin ərazidə olması sırf təsadüfdür. Hamamın neftdən və ya mazutdan yanacaq kimi istifadə edilərək qızdırılması ehtimalı daha böyükdür. Hazırda qazıntı işləri davam edir deyə birmənalı fikir söyləmək mümkün deyil. Əlimizdə Qum hamamının sxemi var. Sxemdən də göründüyü kimi hamam kompleksi o dövr üçün böyük bir kompleks olub. Hamamın ortasında 2 hovuz olan hissə var, o hissələr xəzinə adlanır. Hər iki xəzinənin ətrafında isə 8 otaq var. Hansılar ki, qapıları hovuz olan otağa açılır. Qum hamamı elə inşa edilib ki, bura istirahətə gələn müsafirlər hovuzlardan rahat şəkildə istifadə edə biliblər. Hamamın unikal kanalizasiya sistemi olub. Divarların kənarından xüsusi düzəldilmiş novlara daxil olaraq çölə axıb. Hamamın hündür olmaması istiliyin təmin olunmasına hesablanıb. Kompleksin əsas hissəsinin torpağın altında olması da məhz istiliyin təmini üçündür, adı da bu özəlliyinə uyğun seçilib. Hamam kompleksinin o dövrə görə ölçüləri böyükdür. Hamamdan Balaxanı sakinləri ilə yanaşı kəndin ərazisindən keçən İpək Yolunun yolçuları, tacirlər də istifadə edib. Hamamdan 300 metr aralıda, bu gün Balaxanı qəbristanlığının yerləşdiyi təpənin üstündə Hacı Şəhla məscidi var. Həmin məscid qəsəbənin salınmağa başlandığı ərazidə, Balaxanının ən hündür nöqtəsində yerləşir. Qəbristanlıq isə vaxtilə Hacı Şəhla məscidinin cənubunda, bu gün 69 saylı məktəbin olduğu hissəyə yaxın ərazidə olub. Qəbristanlığın həmin hissəsində XII əsrə aid qəbirlər var. Səndüqə şəkilində olan həmin qəbirlərə qəbiristanlığın digər hissələrində rast gəlinmir”.

Qəsəbə sakinləri deyirlər ki, bu gün İçəri Şəhərdəki Şirvanşahlar sarayında o dövrə aid səndüqələr sovet dövründə Balaxanı qəbiristanlığından ora aparılıb.

“Hacı Şəhla məscidi o dövrdə qəbiristanlığın kənarında inşa edilib. Sonradan əhalinin artması, müvafiq olaraq dünyadan köçənlərin sayında da özünü göstərib və məscid qəbirlərlə əhatələnib, qəbiristanlığın ortasında qalıb” – deyə həmsöhbətimiz Bəxtiyar İsrafilov qeyd edir.

Onun sözlərinə görə, Balaxanıda əhalinin sayı 1900-cü ildən sonra sürətlə artıb.

(davamı növbəti sayımızda)