11.10.2026 - 11:54
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
CƏMİYYƏT 163 baxış

Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?

Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlılığı hər zaman təmin edilmir. Baku.ws-ın məlumatına görə, Azərbaycanda əcnəbilərlə bağlanan nikahların sonrakı taleyi də bu çətinlikləri göstərən diqqətçəkən statistika ortaya qoyur.

Ədliyyə Nazirliyinin məlumatına əsasən, 2024-cü ildə Azərbaycan vətəndaşlarının əcnəbilərlə bağladığı 1 784 nikah pozulub. 2025-ci ildə bu rəqəm 1 629, 2026-cı ilin ilk səkkiz ayında isə 1 034 olub. Ümumilikdə bu dövrlərdə 4 447 belə nikahın pozulması rəsmiləşdirilib. Bəs bu ailələr niyə dağılır?

Sosioloq Naib Niftəliyev bu mövzuda bildirir ki, əcnəbilərlə qurulan ailələrdə boşanmaların səbəbləri müxtəlifdir. Bəzən tərəflərdən biri nikaha ciddi yanaşdığı halda, digəri yaşayış hüququ və ya vətəndaşlıq əldə etmək məqsədi ilə ailə qurur. Fərqli mentalitet və dəyərlər də bu nikahların pozulmasına təsir edən əsas amillərdəndir.

Mədəni və dini fərqlər

Psixoloq İlhamə Mustafayeva isə qeyd edir ki, mədəni və dini fərqlər də münasibətlərə təsir edən mühüm amillərdəndir. Tərəflər bir-birinin dəyərlərini qəbul etmədikdə, qarşılıqlı anlaşılmazlıqlar və təzyiqlər meydana çıxa bilər. Bu fərqlər xüsusilə uşaqların tərbiyəsi məsələsində fikir ayrılığı yaradır.

Mustafayeva əlavə edir ki, hüquqi, peşə və maddi problemlər də qarışıq nikahlara təsir göstərə bilər. Tərəflərdən birinin başqa ölkədə diplomunun tanınmaması və iş tapmaması maddi asılılıq yaradır, bu da münasibətlərin davamlılığına mənfi təsir göstərir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: