2021-ci ilin ilk 6 ayında Azərbaycanda 37 047 ölüm halı qeydə alınıb.

Minval.info xəbər verir ki, bunu Modern.az saytının sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsinin (DSK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Suleymanov bildirib.

Şöbə müdirinin sözlərinə görə, ötən illə müqayisədə bu ilin I yarısında 6031 ölüm halı çoxdur:

“Belə ki, 2020-ci ilin I yarısında Azərbaycanda 31 016 nəfər dünyasını dəyişib. 2019-cu ilin I yarısında isə ölənlərin sayı 28745 nəfər təşkil edib”.

Əvvəlki iki ilin müqayisəsi göstərir ki, pandemiya elan olunandan ölkəmizdə 6 ayda 8302 nəfər daha çox ölüb.

Son 5 ildə isə ümumilikdə Azərbaycanda 357 267 nəfər vəfat edib. Belə ki, 2015-ci ildə 54697 nəfər, 2016-cı ildə 56648 nəfər, 2017-ci ildə 57109 nəfər, 2018-ci ildə 57250 nəfər, 2019-cu ildə ölkədə ümumilikdə 55916, 2020-ci ildə isə 75647 nəfər dünyasını dəyişib.

COVID-19 infeksiyasının ilk qeydə alındığı 28 fevral 2020-ci ildən 1 yanvar 2021-ci il tarixinə qədər Azərbaycanda koronavirusdan ölənlərin sayı 2670 nəfər olub. 1 yanvar 2021-ci ildən 9 sentyabr 2021-ci ilə qədər isə bu virusdan dünyasını dəyişənlər 3289 nəfərdir. Ümumilikdə COVID-19 qurbanlarının sayı 5959 nəfərdir.

Əvvəlki illər ərzində azərbaycan vətəndaşları əsasən, infeksion və parazitar xəstəliklərdən, yenitörəmələrdən (şiş xəstəliklərindən), qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozuntulardan, endokrin sisteminin xəstəliklərindən, qidalanma və maddələr mübadiləsi pozuntularından, qan-damar, sinir sistemi və tənəffüs orqanlarının xəstəliklərindən dünyasını dəyişib.