24.08.2026 - 18:03
Kriminal 15 baxış

Azərbaycanda ilk kriptovalyuta müsadirəsi baş verdi

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən B.H.R. və İ.R.F. barəsində məhkəmə prosesi başa çatıb.

Minval.info xəbər verir ki, Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, ittiham olunan şəxslər Cinayət Məcəlləsinin 206-1.3-cü maddəsi üzrə xüsusilə külli miqdarda pul vəsaitlərinin qanunsuz köçürülməsində təqsirli biliniblər. B.H.R. 2 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması və 3 milyon 623 min 568 manat cərimə cəzasına, İ.R.F. isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması və 31 milyon 399 min 709 manat cərimə cəzasına məhkum edilib.

Məhkəmə qərarı ilə ibtidai istintaq dövründə üzərinə həbs qoyulmuş “Binance” beynəlxalq virtual aktiv xidməti təminatçısındakı hesabda saxlanılan 830 ədəd kriptovalyuta dövlət nəfinə müsadirə olunub. Bu, Azərbaycanda kriptovalyutanın dövlət nəfinə müsadirə edilməsi ilə bağlı ilk hadisədir.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət törədilərkən istifadə olunan alət və vasitələrin, cinayət yolu ilə əldə olunan əmlakın məcburi və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutur. Eyni zamanda, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna görə, cinayət yolu ilə əldə edilmiş əmlak dedikdə, virtual aktivlər də nəzərdə tutulur.

Bu hadisə, kriptovalyutanın hüquqi tənzimlənməsi və müsadirə mexanizmlərinin tətbiqi baxımından yeni bir mərhələ açır. Hazırda Azərbaycanda virtual aktivlər və kripto bazarlarının hüquqi tənzimlənməsi istiqamətində işlər davam etdirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: