Hərbi-siyasi ekspert: “Silahlı qüvvələrin potensialı bütün istiqamətlərdə gücləndirilir”

Ötən il Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərclərinə 4 milyard 542 milyon manat vəsait ayrılıb. Bu da əvvəlki ildən 21 faiz və ya 787 milyon manat çoxdur.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2021-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsi zaman deyib. Nazir bildirib ki, Azərbaycanın müdafiə və təhlükəsizlik qabiliyyətinin artırılması Prezident İlham Əliyevin tapşırığı əsasında həyata keçirilib.

Azərbaycan 44 günlük müharibədə qalib gəldikdən sonra da hərbi və təhlükəsizlik xərclərini artırır, hərbi potensalını gücləndirir. Bu rəqəm yəqin ki, ilkindir və artırılacaq. Bu nəyə görə vacibdir? Azərbaycan dünyada artan təhdidlər qarşısında hərbi potensalını gücləndirməlidirmi?

Hərbi-siyasi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan hər il müdafiə və milli təhlükəsizlik xərclərini artırır. Son artım da 20 faizdən artıq təşkil edir. İl ərzində bu məbləğin daha da artması gözlənilir: “Bu artımların bir sıra səbəbləri var. Bir səbəb satınalmalar və əlavə xərclərlə bağlı ola bilər. Digər səbəb hər an müharibəyə hazır olmaq. Məsələ burasındadır ki, dünyada baş verən proseslər, regionda cərəyan edən proseslər hərbi büdcənin artırılmasını tələb edir. Çünki bu, birbaşa ordunun gücünün bütün istiqamətlər üzrə artırılması deməkdir. Müdafiə sənayesi məhsullarının və təhlükəsizlik sistemlərinin əldə olunması, onun istehsalı məsələləri ilbəil artır. Dünyada müdafiə sənayesi istehsalı üçün xammalın qiymətində artımlar olub. Bu amili də nəzərə almaq lazımdır. Müasir texnologiyaların əldə olunması üçün xərclər artıb”.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror, diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

 Ramil Məmmədli

Ekspert qeyd etdi ki, bundan başqa, hərbi qulluqçuların, təhlükəsizlik sistemində çalışanların sosial-iqtisadi durumunun artırılması üçün həyata keçirilən infrastruktur layihələri, yeni hərbi hissələrin qurulması üçün tədbirlər müdafiə və milli təhlükəsizlik xərclərinin artmasına gətirib çıxardır: “Bütün bunlar isə son nəticədə silahlı qüvvələrimizin potensialının güclənməsinə gətirib çıxarır. Azərbaycan özünün müdafiə və təhlükəsizlik xərclərini artırmaqla ordunun gücləndirilməsi işini dayandırmadığını, bu işə daha da önəm verdiyini bir daha göstərir. Müharibə oldu-olmadı, Azərbaycan dövləti öz ordusunu inkişaf etdirməkdə davamlı xətt götürüb”.