Avropa Şurası (AŞ) ilə problemlər narahatlıq doğurur. Hətta demokratiyanı da bir yana qoyuram, hərçənd, indiyədək bir-birimizi, necə deyərlər, “həzmi-rabe”dən keçirməmişiksə, bu, da müəyyən qədər Avropa institutları, eləcə də AŞ ilə təmaslarımızın nəticəsidir.

Hətta bunları da unudub düşünəndə ki, Avropadakı azsaylı tirbunalarımızın birini, bizi formal olsa da, Avropaya bağlayan son telləri də itirə bilərik, adam lap dilxorlaşır. Belə önəmli isntitutu ermənilərin sərəncamına vermək olarmı?

Demirəm Şuradakı təmsilçilərimiz möhtəşəm iş görür, amma boş da dayanmırlar. Yada salım ki, Azərbaycan ilk status üçün Şuraya 92-ci ildə müraciət etmişdi və yalnız 2001-ci ildə tamhüquqlu üzv olduq.

AŞ bilavasitə Dağlıq Qarabağ problemilə məşğul olmasa da və onun predmetini üzv ölkələrdə insan haqlarının və demokratiyanın vəziyyəti təşkil etsə də, demək olmaz ki, təşkilatı regional münaqişələr, ümumiyyətlə, cəlb etmir. Son 16 ildə orada təmsilçilərimizin olması Şuranın da Qarabağ siyasətinə müsbət təsir etdi və bəzi vacib sənədlər qəbul olundu.

Təmsilçilərimiz daha çox iş görə bilərdi. Bununçün mühitlə qaynayıb-qarışmalıydılar. Bacarmırlar. Səbəbini də belə yozurlar ki, siyasi spektr genişdir: mühafizəkarlar, liberallar və sosialistlər, daha nə bilim, kimlər! Hamısıyla dil tapmaq, ünsiyyət qurmaq olmur…

Razıyam. Fəqət, məgər əvvəldən də aydın deyildimi ki, tək partiya olaraq YAP hətta cırtdan satellitlərilə birlikdə belə Avropanın bütün siyasi spektrini əhatə edə və cəmi qurumlarda təmsil oluna bilməz – bir təşkilatın imkanları xaricindədir bu…

Hələ onu demirəm ki, 25 ildir yaranmasına və 24 ildir hakimiyyətdə olmasına baxmayaraq, hakim partiya indiyədək ideoloji təmayülünü də müəyyənləşdirməyib, dünyadakı çoxsaylı partiya ittifaqlarından birilə kontakt qurmayıb, dünyanın çoxsaylı böyük partiyalarından birini Bakıya bir stəkan çay içməyə dəvət etməyib…

Düşünürlər, dövlət səviyyəsində iş görülürsə və əlaqələr varsa, yetər. Halbuki, bir partiya ilə dövlət arasında bərabərlik işarəsi yalnız totalitar sistemlərdə mümkündür.

Vaxtilə müxalifət partiyalarında xarici əlaqələr və ya xarici siyasət məsələləri üzrə müavinlik postu vardı. Bilmirik ki, YAP-da buna bənzər “beynəlxalq əlaqələr” bölməsi və ya beynəlxalq əlaqələr üzrə müavinlik postu var, ya yox? Varsa da, təzahürünü görmürük…

Bu konteksdə bir termini xatırladardım – çoxplanlı diplomatiya… Bir zaman partiyalarımızın da beynəlxalq əlaqələri formalaşırdı, Beynəlxalq

Demokratiya İttifaqının üzvləri, Sosialist İnternasionalına üzvlükdə irəliləyənlər vardı…
Amma proses dayandı, səbəbi də bəlli. Halbuki, normal şəraitdə həmim əlaqələr genişlənərdi və bundan ölkə faydalanardı.

Razılaşıram ki, siyasi qüvvələr hər şeydən irəli bir prinsipi qəbul etməlidir: siyasi mübarizə meydanı, hakimyyət iddialları üçün səhnə Avropa, Amerika və yaxud Avstraliya yox, buradır–Azərbaycandır! Digər ünvanlarsa milli problemlər üçündür.

Bu psixologiyanı oturuşdurmaq üçün isə sistemli siyasi islahatlar aparılmalı idi. Demirəm, müxalif partiyalar mələkdir, yox, vaxtilə onların da bəzisinin çıxmadığı oyun qalmadı və ölkədəki “siyasi temperatur”un aşağılığı həm də onların suçudur.

Müstəqilliyin ilk illərində lap çətin idi, elələri vardı, heç Azərbaycanın müstəqilliyini də qəbul etmir, Rusiyanın və İranın şəbəkəsi kimi fəaliyyət göstərirdilər. İndi hələ bir az “əhliləşiblər”…

Bəlkə də yanılıram, amma yenə də düşünürəm ki, müxalifətin “təkamül”ünü prinsipcə, azacıq sürətləndirmək də olardı və elə etmək olardı ki, dövlətçilik şüuru daha tez siyasət adamlarına hakim kəsilsin.

Bioloqlar da bildirir ki, təbiətin özündə belə təbii təkamül üçün tələb olunan zaman ən azı Yer kürəsinin kosmik yaşından qatqat artıqdır. Ona görə də sırf təbii təkamül nəzəriyyəsinə şübhə edən və kənar mülaxiləni istisna etməyənlər də var.

Dönüklər, başqalarına nökərçilik edənlər və ya sıyasi qısırlığını “kənar”ların hesabına kompensasiya etməyə çalışanlar hər vaxt olacaq.
Normal sistemlərdə və sosial immunitetli cəmiyyətlərdə belələri heç nəyə nail olmur, əksinə onlar “bulanıq su”da özlərini daha rahat hiss edir. Üstəlik, belələrinə qarşı qanunun və konstitusiyanın da gücü var…

Qayıdaq sırf Avropa Şurası ilə problemə. Səbəbi bəllidir. Konkret tələbdir və ən azı dövlət və ölkə naminə onu icra etmək lazımdır. Boş yerdən Nelson Mandela yaratmağın nə mənası?

Bu minvalla dünyadakı strukturların və dövlətlərin hamısı ilə əlaqələrimizi kəsəndən sonra durub deməyəcəyikmi, camaat, cəmi Yer kürəsi ermənilərə işləyir, gəlin başqa planetə köçək?..

Bəlli olduğu kimi, hakim YAP Heydər Əliyevin qurduğu partiyadır. İndiki siyasi komandanın da böyük hissəsi onun kadrlarıdır.
Ona görə də prosesləri düşünürkən özümə sual verirəm: Heydər Əliyev belə vəziyyətdə nə edərdi?

Məndə əminlik var ki, hətta AB ilə assosiasiya sazişi məsələsi belə onun vaxtında meydana çıxsaydı, ona da qoşulacaqdıq!
Birincisi, onun şəksiz üstünlükləri vardı. Heydər Əliyevin Moskvanın dəstəyinə, “xoş münasibət”inə ehtiyacı yox idi. Ona görə daha sərbəst idi və ehtiyac olanda axına qarşı da üzə bilirdi.

İkincisi, onda Azərbaycan MDB-də də öz müstəvisini müəyyən etmişdi və nəticədə GUAM yaranmışdı. Biz Ukrayna, Gürcüstan və Moldova ilə biriydik. Böyük ehtimalla indi də bir olar və birgə hərəkət edərdik.

Bir faktı bölüşmək istərdim. Dövlət müşaviri olarkən mərhum Vəfa Quluzadə qəfil “Ermənistanla İsrail arasında analogiyalar” aparmağı, hər şeydə Qərbi qınamağı dayandıraraq açıq anti – Rusiya və qərbpərəst bəyanatlarla çıxış etməyə başladı. Bəzən hətta diplomat üçün məqbul sərhədləri də aşırdı.

Onun istefasını bu amillə bağlayırdılar. Amma bir dəfə “Azadlıq” radiosunun redaksiyasında Quluzadə istefasının detallarını bizə danışdı və məlum oldu ki, Heydər Əliyev onun istefasını qəbul etmək istəmir və işini davam etdirməsini təkid edirmiş!

Sözlərimi başqa səmtə yozmayın. Sadəcə, bir siyasi təhlilçi kimi əminəm ki, Avropa ilə münasibətləri soyutmaq yaxşılığa aparmır. Bizsiz də Avropada müsəlman ölkələrini kontinentin strukturlarında görmək belə istəməyənlər, “təmiz Avropa” uğrunda çarpışanlar var.

Biz isə Avropadan iki əllə yapışmalıyıq, çünki onlardan çox şey öyrənmək olar və yalnız onlarla birlikdə olmaqla həm özlərinin, həm də başqalarının fitnə-fəsadından qorunarıq…