Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının koronavirusa yoluxan reanimasiya şöbəsinin müdiri Cavid Paşayevlə bağlı məlumat yayıb. 

ATU-nun Mətbuat xidmətindən “minval”a verilən məlumata görə, Cavid Paşayev aprelin 1-dən etibarən ATU Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsində ən ağır koronaviruslu xəstələrin qulluğunda dayanıb, bu müddət ərzində yüzlərlə xəstənin həyatını xilas edib.

C.Paşayev həm də daim maarifləndirmə işini aparıb, sosial şəbəkələrdəki hesabından insanlara qorunmağın vacib olduğunu yazıb. İşdən sonra digər xəstəxanalara köməyə gedən həkim C.Paşayev yoluxma sayının artdığı son dönəmdə daha gərgin işləyib və nəticədə özü də virusdan qoruna bilməyib. Hazırda Cavid Paşayev koronavirusla gərgin mübarizə aparır. Təəssüf ki, son günlər onun səhhəti ağırlaşıb”.

Cavid Paşayev

ATU-nun Tədris Cərrahiyyə Klinikasından bildiriblər ki, C.Paşayevin KT müayinələrinin nəticəsində mənfi dinamika qeyd olunduğundan o, klinikanın reanimasiya şöbəsinə yerləşdirilib: “Daha sonra Universitet rektorunun iştiraki ilə klinika rəhbərliyi arasında konsilium keçirilib. Aparılan konsiliumda vəziyyətə uyğun olaraq, ATU rektoru Gəray Gəraybəyli ilə Gömrük Tibb Xidməti İdarəsinin rəhbərliyi arasında aparılan danışıqlar əsasında, Cavid Paşayev müalicənin daha effektli və sürətli aparılması üçün ECMO cihazının mövcudluğu nəzərə alınaraq Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Cihaza qoşulu olan C.Paşayevin vəziyyəti hazırda stabil ağır olaraq qalır. Onun durumu, müalicə prosesi bilavasitə universitet rektoru və klinika rəhbərliyinin nəzarəti altındadır”.