“90-cı illərin parlamentində mənə qarşı ən kəskin çıxışlar edən Tahir Kərimli idi”

Noyabrın sonlarında İspaniyanın Barselona şəhərində Sosialist İnternasionalının (Sosintern) Şura iclası keçirilib. Azərbaycandan bu qurumun üzvü olan ASDP sədri, deputat Araz Əlizadə də bu məqsədlə Kataloniyada olub. Müsahibimlə əvvəlcə separatçı bölgədə keçirilən toplantı barədə danışdıq, daha sonra isə digər mövzulardan da bəhs etdik.

– Araz bəy, belə bir həssas vaxtda separatçı bölgədə keçirilən tədbirdə iştirakınız xeyli maraq doğurdu. Sizi kim dəvət etmişdi?

– Qonaq dəvət edən tərəf İspaniya Sosialist Partiyası və Kataloniya Sosialist Partiyası idi. İclasda 90-na yaxın dövlətin nümayəndələri iştirak edirdi. Bizimçün əsas məsələ həmişəki kimi Qarabağ məsələsi idi. Bir də ki, biz orda Ecspo-25-in təbliğatını aparırdıq. Xüsusən də hakim partiyalara müraciət edirdik ki, seçki zamanı Azərbaycana səs versinlər.

– Qarabağ məsələsinə önəm verdiyinizi bildirdiniz. Mövqeyiniz və ordakı müzakirələr barədə nə deyə bilərsiniz?

– Qarabağla bağlı partiyamızın sədr müavini Səməd Əlizadə çıxış etdi. O qeyd etdi ki, çox qəribədir, hər hansı bir dövlət BMT Təhlükəsizlik Şurasının qərarlarını yerinə yetirməyəndə ona qarşı sanksiyalar tətbiq edilir. Dünyada yeganə dövlət var ki, o, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmir, ancaq ona qarşı heç bir sanksiya tətbiq edilmir. Hətta dünyanın aparıcı dövlətləri – ABŞ, Fransa, Rusiya Azərbaycandan, təcavüzə məruz qalmış ölkədən tələb edirlər ki, güzəştə getsin və danışıq aparsın.

– Maraqlısı budur ki, bu çıxışlar separatçılığın mövcud olduğu bir ünvanda edilirdi – müstəqillik sevdasına düşən Kataloniyada. Bu mənada erməni separatçıları və işğalla bağlı fikirlər necə qarşılandı?

– Elə Səməd Əlizadə çıxış edəndə onu da qeyd etdi ki, gördüyümüz kimi, dünya ictimaiyyəti sözü bir yerə qoyaraq, Kataloniyadakı kimi, separatizmin qarşısını rüşeym halında alanda yaxşı nəticələr əldə edilir. Amma burda biz istərdik ki, Sosialist İnternasionalı Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirib Sosinternin üzvü olan Daşnak partiyasına təzyiq etsin. Çünki Qarabağda separatizmin əsas ilhamçısı elə onlardır.

– Orada Daşnaksütyun Partiyasının üzvləri ilə hər hansı təmas, mübahisəniz oldumu?

“Bütün sahilboyu çox bahalı yaxtalar gördüm, əksər yaxtaların üstündə “satılır” yazılıb”

– Görüş olmadı. Onların nümayəndəsi Mario Nalpandyan çıxış etdi. Əvvəl dedi ki, bu gün Ermənistanın tarixində ən sevimli gündür, Avropa Birliyi ilə müqavilə imzalanıb. Qeyd etdi bu da sübut edir ki, biz Rusiyanın yedəyində getmirik, artıq Kremlin təsirindən çıxırıq. Daha sonra iddia etdi ki, Qarabağ heç vaxt Azərbaycanın olmayıb. Çünki Azərbaycan beynəlxalq hüququn subyekti olmayıb. Hətta bildirdi ki, ümumiyyətlə, SSRİ respublikalarının heç biri beynəlxalq hüququn subyekti olmayıb. Ona görə Qarabağ ola bilməzdi ki, Azərbaycanın tərkibində olsun.  Qarabağ SSRİ-nin tərkibində olub və SSRİ dağılanda təbii ki, öz müqəddəratını həll edib. O, bu cür iddialar səsləndirdi.

– Bəs, daşnakın sərsəmləmələrinə cavab verə bildinizmi?

– Əslində hər nümayəndə heyətinə bir dəfə söz verilir. Mən durdum, barmağımı qaldırıb dedim ki, bir dəqiqə imkan yaradın. Moderator deyəndə ki, artıq sizin nümayəndə heyəti çıxış edib, artıq mən tribunada idim. Dedilər çıxış elə. Mən dedim bir şeyi demək istəyirəm ki, insan – istəyir kişi, istəyir qadın heç vaxt yalan danışmaz. Nə öz həmkarlarına, nə öz xalqına. Burada çıxış edən insan tam yalançıdır və bilmədiyi şeylərdən də danışır. Dedim mən başa düşürəm, o, Argentinada yaşayıb, nə SSRİ-də olub, nə də Ermənistanda olub və bilmir ki, sovet respublikaları beynəlxalq hüququn subyekti idilər. Hər bir müttəfiq respublika əvvəla, SSRİ-nin tərkibindən çıxa bilərdi. Ukrayna və Belarus BMT-nin üzvü idi.  İntəhası Azərbaycan ittifaqa öz nümayəndəlik hüququnu vermişdi. Qarabağ isə həmişə Azərbaycanın tərkibində olub. Daha sonra bildirdim ki, nəzərinizə çatdırıram, Qarabağ erməni sözü deyil, erməni dilində belə bir söz yoxdur, mənası da “qara bağ” deməkdir. Ardınca da bildirdim ki, Səməd Əlizadə Cenevrədə çıxış edəndə demişdi erməni xalqının ən böyük fəlakəti onun siyasətçiləridir, erməni xalqı buna görə daim əziyyət çəkir. Erməni siyasətçiləri bir dəfə İranı satdılar, sonra Türkiyəni satdılar, daha sonra Azərbaycana xəyanət etdilər və biz gözləyirik ki, bir gün Rusiyaya da xəyanət edəcəklər. Dedim Rusiya nümayəndələri, təbrik edirəm, siz də bunu gördünüz. Bunu deyib tribunadan endim.

– Demək, İspaniya hökumətinin tədbirin Barselonada keçirilməsi ilə bağlı razılığı var idi?

– Bəli, əlbəttə.

– Kataloniya bölgəsində hazırda vəziyyət necədir? Müşahidələrinizi bölüşə bilərsinizmi?

– Təbii ki. Deyim sizə. Heç bir gərginlik yoxdur. Hər yerdə çox sakitlikdir. Deyək ki, iki qonşudur, biri İspaniyanın bayrağını asıb, digəri Kataloniyanın. Bu, onların etirazıdır. Sonra eyvanlarda insan başının maketi asılıb, ağzına “skoç” vurulub, altından “demokratiya” yazılıb.  Kataloniya meydanına 15-20 nəfər yaşlı adam çıxır, polis də onları mühafizə edir, bu adamlar dövrə vurur və şüarlar səsləndirirlər. Bu da olur onların “mübarizəsi”. Yəni hər yerdə sakitlikdir, hər şey normaldır. Dekabrın 21-də onlarda seçkidir, görək nə olacaq. Ola bilsin ki, yenə də millətçilər qalib gəlsinlər. Bu da onunla əlaqədardır ki, Katoloniya sosialistləri bu separatçılıqda iştirak etmirlər. Ancaq millətçilərin seçki kampaniyalarını necə aparacağından çox şey asılıdır.

– Amma istənilən halda Madrid güzəştə getməyəcək…

– Yox, deyiblər güzəşt olmayacaq. Hətta muxtariyyət hüququnu onlardan aldılar. Kataloniyada əsas məsələ odur ki, İspaniya büdcəsinin 70 faizini verir, amma Madrid Kataloniyaya 40 faiz vəsait qaytarır. İndi bunlar istəyirlər ki, bütün pullar özlərində qalsın. Lakin separatçılıq Kataloniyanın iqtisadiyyatına çox böyük zərbə vurdular. 100-ə yaxın şirkət artıq orada fəaliyyətini dayandırıb və başqa regionlara keçib. Bu, o deməkdir ki, əvvəlki kimi, 70 faizlik vergini yığa bilməyəcəklər.

– Tədbirdə ispanlarla katolonlar arasında münasibətlər necə idi?

– Normal. İkisi də sosialist idi. Mən güldüm, dedim bir dəqiqə, başa düşürəm ki, Sosialist Partiyasının Kataloniya şöbəsi ola bilər. Dedi yox, bizdə əvvəldən belədir ki, onlar da ayrıdır, biz də, amma həmişə bir blokdayıq.

“İqbal Ağazadə ilə nə əvvəl münasibətim var idi, nə sonra”

– Kataloniyanı gəzmək imkanınız oldu?

– Təbii ki. Amma müşahidə etdim ki, bütün sahilboyu çox bahalı yaxtalar gördüm, əksər yaxtaların üstündə “satılır” yazılıb. Yəni şirkətlər ki, ayrı regionlara keçiblər, dəniz kənarındakı yaxtalar lazımsız əşyaya keçdilib.

– Araz bəy, qayıdaq öz bölgəmizə. Azərbaycan ərazilərini işğalda saxlayan düşmənlə aparılan danışıqların perspektivini görürsünüzmü?

– Yox. Mən danışıqların heç bir perspektivini görmürəm. Dağlıq Qarabağ probleminin həllinin bircə yolu var: o da müharibədir. Bu qərarı da ancaq Ali Baş Komandan verə bilər. Bu barədə Səməd Əlizadə də öz çıxışında dedi ki, bizim prezidentimiz sülhpərvərdir, hətta o qədər sülhpərvərdir ki, cinayətkar Sərkisyanla sülh naminə danışıqlara gedir. Biz sosial-demokratlar adətən, sülh tərəfdarı olmuşuq, amma bizə belə sülh lazım deyil. Biz istəmirik ki, gənclərimiz bir-birinə nişangahdan baxsınlar. Amma ermənilər bizi vadar etmək istəyirlər ki, biz müharibəyə gedək. Yada salmaq istəyirəm ki, 1999-cu ildə Serj Sərksiyan müdafiə naziri olanda Strasburqda jurnalistlərə demişdi: “Biz bu torpağı tutmuşuq. Əgər sizin torpaqdırsa, gəlin müharibə yolu ilə azad edin”. Keçən ilin aprelində biz onların təxribatına cavab zərbəsi vurduqda Sərksiyan qaçıb bütün dünya rəhbərlərindən kömək istədi ki, ay aman, qoymayın, azərbaycanlılar bizi qırır. Özü də çox qəribədir ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiya Ermənistana silah verir, digər həmsədr ABŞ Ermənistana da, Qarabağa da maliyyə ayırır. Belə olan təqdirdə bu həmsədrlər necə obyektiv ola bilərlər?

– Vaxtaşırı Azərbaycandakı “5-ci kolon”dan danışılır.  Necə bilirsiniz, Yalama stansiyasında rus əsgərini qarşılamaq istəyənlərin sayı nə qədərdir?

– Düşünmürəm ki, rus əsgərini gözləyənlər çox olsun. Mən düşünürəm ki, NATO qoşunlarını gözləyən daha çoxdur. Amma mən istərdim ki, nə rus əsgərləri gəlsin, nə də NATO qoşunları.

– Bəs, Türk əsgəri necə?

– Mən ümumiyyətlə, xarici qoşunların əleyhinəyəm.

– Amma Rusiyanın Ermənistanı himayə etməsinin fonunda Türkiyə kimi böyük dayağımızın olması zəruridir… 

– Biz heç vaxt başqasına ümidli olmamalıyıq. Özgəsinə ümidli olan şamsız qalar.

 – Azərbaycanda Rusiyanın “5-ci kolon”u varmı?

– Xeyr. Mən Azərbaycanda rusiyapərəst qüvvələri görmürəm. Olsa da, özlərini elə məxfi saxlayıblar ki, heç mənim onlardan xəbərim yoxdur.

– Amma bəzən sizin də adınızı bu siyahıya daxil edirlər…

– Bizi daha nə “pərəst” adlandırmayıblar? 80-ci illərin sonunda bizə deyirdilər ki, onların Azərbaycanda kökləri yoxdur, qərbpərəstdirlər. Sonra millətçilərimiz Qərb ölkələri ilə əlaqələr quranda başladılar ki, bunlar ruspərəstdir. Daha sonra özləri Rusiya ilə dost oldular – Hikmət Hacızadənin diliylə desək, “bizim rus demokrat dostlarımız” bizi İranpərəst adlandırdılar. Mən Türkiyədə mühacirətdə yaşayanda deyirdilər ki, bunlar Türkpərəstdirlər (gülür). Amma mən Azərbaycançıyam, Azərbaycanpərəstəm.

Sizə bir faktı da deyim: “Rusiyapərəst” dediyiniz Araz Əlizadə 1993-cü ildə Boris Yeltsinə açıq məktub yazmışdı. Bizdə də çap olunmuşdu, Rusiya səfirliyinə də vermişdim, Rusiyada da çap olunmuşdu. Yazmışdım ki, Yeltsin vəzifəsindən getməlidir, o və onun kimi köhnə kadrlar postunda qaldıqca, ölkəyə rəhbərlik etdikcə postsovet məkanında demokratiya mümkün deyil. Onu da nəzərə almağınızı istərdim ki, Yeltsinlə çox yaxşı münasibətlərim var idi (gülür).

– Eyni məzmunlu məktubu Putinə yaza bilərsiniz?

– Hal-hazırda mən bu cür məktubu kimə istəsəm, yaza bilərəm, bu, bir. İkincisi, Putinə qarşı Rusiyada belə bir hərəkat yoxdur.

– Tahir Kərimli ilə münasibətləriniz necədir?

– Başa düşmürəm, mən Tahirlə göbəkkəsdiyəm ki, hər yerdə mənim adım olanda onun da adını salırsınız?(gülür) Tahirlə AQB-də olmuşuq. Amma 90-cı illərin parlamentində mənə qarşı ən kəskin çıxışlar edən Tahir Kərimli idi.

– Siz Ümid Partiyasının sədri İqbal Ağazadənin vaxtilə seçildiyi dairənin deputatısınız. Amma nədənsə büdcə müzakirələrində İqbal Ağazadə qədər fəal olmadınız…

– Büdcə müzakirələrində fəallıq olmamalıdır. Fəallıq komitə müzakirələrində olur. Siz görmüsünüzmü plenar müzakirələrdə hansısa təklif verilsin və keçsin? Amma komitə iclaslarında bu, olur.

– İqbal Ağazadə ilə münasibətiniz varmı?

– Yox. Nə əvvəl münasibətim var idi, nə sonra.

– Nə vaxtsa üz-üzə gəlib görüşməmisiniz?

– Yox. Məsələn, alman səfirliyində qəbulda o, o tərəfdə durmuşdu, pivəsini içirdi, mən bu tərəfdə…

 Elşad PAŞASOY, musavat.com