Heydər Əsədov: “Bunlar mənim dövrümə aid deyil”

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti “Aqrolizinq” ASC-də yoxlama aparıb və ciddi maliyyə pozuntuları aşkar edib.

Xidmətdən musavat.com-a bildirildiyinə görə, “Aqrolizinq”də yoxlama 2017-ci ilin yanvarından 2019-cu ilin sentyabrına qədər olan dövrü əhatə edib, yoxlama zamanı ciddi mənimsəmə və korrupsiya halları aşkarlanıb. “Bu pozuntular 2006-2019-cu illər ərzində kənd təsərrüfatı texnikasının lizinqə verilməsinə, texnoloji avadanlıqların alınmasına, göstərilmiş xidmətlərə görə mövcud olan borclara aid olub”, – məlumatda deyilir.

Yoxlamanın gedişində bir sıra təchizatçı şirkətlər və borclular tərəfindən 14.3 milyon manat vəsaitin “Aqrolizinq”in hesabına ödənilməsi təmin edilib, dövlət büdcəsinə çatmalı olan 52.4 min manat da ödənilib.

Habelə aqrotexniki xidmətlər göstərən şirkətlər tərəfindən daha 7.5 milyon manatın “Aqrolizinq”ə 2020-ci ilin sentyabrına qədər ödənilməsi üçün vaxt qoyulub.

“Bundan əlavə, cins mal-qaranın, texnoloji avadanlıqların alınması üçün 11 milyon 259 min manat alan, amma işləri yerinə yetirməyən bir sıra şirkətlər barədə materiallar yoxlamaq üçün hüquq-mühafizə orqanlarına göndərilib”, – Maliyyə Nazirliyi bildirir.

““Aqrolizinq” ASC-də aparılan yoxlamaların materialları borcların 2006-cı ildən bu günə qədər yarandığını göstərir. Ancaq söhbət korrupsiya və mənimsəmə barədə deyil, fermerlərin və şirkətlərin ASC-dən aldıqları borcların qaytarılması ilə bağlıdır”.

Bu sözləri virtualaz.org-a Kənd Təsərrüfatı Nazirliyinin keçmiş rəhbəri Heydər Əsədov “Aqrolizinq”də aparılan yoxlamaların nəticələrini şərh edərkən deyib.

“Bu borcların yaranmasına gəlincə, çalışdığım dövrdə texnoloji avadanlıqlar, ümumiyyətlə, alınmayıb. Texnoloji avadanlıqlar üzrə bütün borclar əvvəlki vaxtda verilib. Bəli, nazirliyə rəhbərlik etdiyim müddətdə heyvanların alınması ilə əlaqədar müəyyən borclar yaranmışdı. Onların geri qayıtması normal bir prosedurdur. Vaxtı keçmiş borcların qaytarılmasını sürətləndirməyə gəlincə, mən özüm bu məsələ ilə bağlı iki dəfə prokurorluğa müraciət etdim. Bütün müvafiq sənədlər var və Maliyyə Nazirliyi bunu təsdiqləyəcək. Müraciətlərimdə bu kimi borcluların ödənişləri gecikdirdiyini qeyd etdim”, – eks-nazir əlavə edib.

Heydər Əsədov bir daha vurğulayıb ki, söhbət korrupsiya və mənimsəmədən getmir.

“Söhbət fermerlərin aldıqları borcları qaytarmaqdan gedir. Texnoloji avadanlıqların alınmasından yaranan borclara gəldikdə isə bir daha təkrar edirəm ki, bunlar mənim dövrümə aid deyil”, – H. Əsədov qeyd edib.

Qeyd edək ki, H.Əsədov 1959-cu il oktyabrın 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.

1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışıb. 1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləyib, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.

Aqrolizinq ile ilgili görsel sonucu

1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub.

1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə maliyyə nazirinin müavini təyin edilib, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası maliyyə nazirinin müavini, 2007-2013-cü illərdə isə Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifələrində çalışıb.

2013-cü il oktyabrın 22-dən 2018-ci il aprelin 21-dək Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsində işləyib.

2011-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 3 monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir. Prezident ötən ilin aprelində Heydər Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Yada salaq ki, Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti  2004-cü il oktyabrın 23-də  prezidentin imzaladığı sərəncamla yaradılıb.

Səhmlərinin 100 faizi dövlətə məxsus olduğundan yarandığı vaxt cəmiyyətə İqtisadi İnkişaf Nazirliyi nəzarət edib. 2009-cu il iyulun 21-də isə Prezident sərəncamla “Aqrolizinq”i Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verib.

“Aqrolizinq”in yaranması zamanı onun qarşısına qoyduğu məqsəd ölkədə kənd təsərrüfatı texnikası çatışmazlığını aradan qaldırması, fermerlərə güzəştli şərtlərlə bu cür texnika və avadanlıqlar verməsi idi. Sonradan prezident 2007, 2008, 2009-cu illərdə verdiyi sərəncamlarla onun funksiyalarını daha da genişləndirib.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əsasən “Aqrolizinq” dövlət büdcəsi hesabına alınmış texnika və avadanlıqları fiziki və hüquqi şəxslərə dəyərinin 20 faizini qabaqcadan, qalan hissəsini isə 10 il müddətinə qədər (dəyərindən asılı olaraq) ödəmək şərti ilə lizinqə verməlidir.

Cəmiyyət həmçinin gübrələri, damazlıq mal-qaranı, məhsuldar toxum sortlarını da alaraq fermerlərə güzəştli şərtlərlə satmalıdır.