Alma sirkəsi dərini təmizləyən, ləkələri azaldan, qara nöqtələrin yaranmasını əngəlləyən, toksinləri cilddən kənarlaşdıraraq toxumaları bərpa edən təbii vasitədir.

Vitamin və minerallarla zəngin olan alma sirkəsi məsamələri açmağa, ölü dəri hüceyrələrini təmizləməyə yardımçı olur. Davamlı olaraq tərkibi kimyəvi maddələrlə zəngin olan krem və təmizləyicilərdən istifadə cildin müdafiə sistemini qırır. Lakin alma sirkəsi təkrar dərinin pH balansını bərpa etməklə bakteriyaları öldürür, kiri, yağı, makiyaj qalıqlarını və ölü dərini çıxarır.

Bəs, alma sirkəsindən necə və hansı formada istifadə etmək olar?

Axşam.az cild baxımında alma sirkəsindən düzgün istifadənin qaydalarını təqdim edir:

1. Üzü yumaq

Üzünüzü bu sirkə ilə yumaq məsamələrdən yağı və qara nöqtələri təmizləməyə yardımçı olacaq. Bunun üçün daimi istifadə etdiyiniz üz yuma vasitəsinə bir çay qaşığı alma sirkəsi əlavə edə bilərsiniz. Bundan başqa üzünüzü yuduğunuz suya 1 çay qaçığı əlavə edərək istifadə edin.

2. Tonik kimi

Dərini təmizlədikdən sonra alma sirkəsinin tətbiqi inadkar kir və yağı çıxararaq məsamələri daraldır. Alma sirkəsini su ilə qatışdırmadan dərinizə çəkməməyiniz tövsiyə olunur, çünki dərini yandıra bilər.

Alma sirkəsini su ilə qarışdırıb üzünüzü yuduqdan sonra pambıqla dərinizə çəkin. Üzü sonda yenidən su ilə yumağa ehtiyac yoxdur. İki tərkibli tonik hazırlamaq üçün su əvəzinə yaşıl çaydan istifadə edə bilərsiniz. Bu dərinizin pH balansını tarazlayır, qızartı və sızanaqları azaltmağa kömək edir.

3. Qara nöqtələr

Qulaq çöpünün ucuna az miqdarda sirkə töküb qara nöqtələrin və ləkələrin üzərinə sürtün. Ləkə yox olana qədər hər gün təkrar tətbiq edin. Yaşla bağlı yaranan ləkələri də alma sirkəsi ilə aradan qaldırmaq mümkündür.

4. Alma sirkəsi ilə sızanaqları aradan qaldıran üz maskası

Maska hazırlayarkən istifadə olunan kömür və bentonit gili (hər birindən bir qaşıq) qatı məhlul alana qədər alma sirkəsi ilə birlikdə qarışdırın. Bu maskanı təmiz üzə çəkib, 15 dəqiqə saxlayın. Soyuq su ilə yuyun və nəmləndirici krem çəkin.

5. Dəridə pilinq təsiri

1 çay qaşığı alma sirkəsini 1 xörək qaşığı alma püresi ilə birləşdirib, dəriyə çəkin. 10-15 dəqiqə gözlədikdən sonra yuyun. Bu dərinizdə pilinq təsiri buraxaraq ölü hüceyrələri təmizləyəcəkdir.

6. İzləri yox edin

1 çay qaşığı alma sirkəsi, su və bir qaşıq bal qarışdırıb, gündə bir dəfə sızanaq izlərinə çəkin. Maskanı üzünüzdə 20-30 dəqiqə saxlayıb, yuyun.