Türkiyəyə köçüb, orada yaşamağa başlayan müğənni Səbinə Selcan tanınmışları başına toplayaraq yeni klipini təqdim edib.

Musavat.com xəbər verir ki, sözləri və musiqisi Fərid Fətullayevə, aranjimanı Cüneyt Yalmaza məxsus “Bu gün” adlı mahnıya ekran həyatını Türkiyənin populyar rejissoru Tamer Aydoğdu ekran həyatı verib. Ekran işinin  nümayişindən sonra ifaçı komandası ilə jurnalistlərin suallarını cavablayıb.

Səbinə bildirib ki, klip üçün 70 min lirə xərc çəkib: “Klip Ağ köşk adlanan yerdə çəkilib. Orada klip çəkdirmək üçün dövlət orqanlarından icazə almaq və 20 min dollar pul ödəmək lazım idi. Ancaq həyat yoldaşımın yaxşı əlaqələri var deyə, pul ödəmək məcburiyyətində qalmadıq”.

Təqdimata qatılan prodüser Tarix Əliyev isə müğənni haqda maraqlı açıqlama verib. O, söyləyib ki, Səbinə beş ildir, xərçəng xəstəliyindən əziyyət çəkir: “Bunu deməyim Səbinəyə pis təsir etsə də, deyəcəyəm. Bu gün bəzi məşhurlar xərçəng xəstəliyi adı ilə pul yığıb, mal-mülk alırlarsa, Səbinədə bu, tərsinədir. O, beş ildir bu xəstəlikdən əziyyət çəkir. İstərdim ki, belə ayaq üstdə dura bilən xanımlar hər kəsə örnək olsun”.

İfaçı prodüserin sözlərindən sonra göz yaşlarına boğulub: “Artıq o günlər geridə qaldı. Sağalmışam. Düzdür, bu müalicə üçün xeyli xərcim çıxdı, ancaq hər şey geridə qaldı. İndi istəyirəm ki, xalqımız məni səsimlə, yeni işlərimlə tanısın”.

Ekran işinin rejissoru Tamer Aydoğdu Səbinə ilə işbirliyindən məmnunluq duyduğunu dilə gətirib: “İndiyədək Demet Akalın, Petek Dinçöz, Gülşen kimi məşhurlara klip çəkmişəm. Demetin 35-dən çox klipinə ekran həyatı vermişəm. 8 il öncə İradə İbrahimovanın klipini çəkmişdim. Səbinədən öncə isə Sibel Can və Tan Taşçının duetinə klip çəkdik. Çox məmnunam ki, onunla ilə işbirliyimiz oldu. Kaprizli müğənnidir əslində. O qədər dikdabanda gəzdi ki, yoruldu. Dedi ki, o ayaqqabıları çəkilişdən sonra sizə geyindirəcəyəm”.

Sonda ekran işinin kamera arxası görüntüləri yayımlanıb.

Qeyd edək ki, təqdimatda prodüser Tolik, aktyor Elcan Rəsulov, müğənni  Şəbnəm Tovuzlu, rejissor Nail Naiboğlu, aparıcı Vüsalə Kərimova və başqaları çıxış edib.