Yeni yaranan Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədovla eksklüziv müsahibə

– Fizuli müəllim, aprelin 27-də sizin təşəbbüsünüzlə yaradılan Rusiya Azərbaycanlıları İttifaqının ilk qurultayına hazırlıq prosesi necə gedir?

– Düşündüyümdən daha sürətli. Uzun illər Rusiya paytaxtında, eləcə də federasiya subyektlərində yaşayan çox nüfuzlu soydaşlarımızdan dəstək almışıq. Biz xoş niyyət ortaya qoyduq, geniş tərkibli forum keçirdik, həm ağsaqqalları, həm gəncliyi, həm Rusiya ictimaiyyətinin tanınan simalarını dəvət edərək, sağlam müzakirələr apardıq, mövcud problemlər səsləndirildi, uzun müddət diaspor təcrübəsi olan alimlərimiz tərəfindən təhlillər aparıldı bir sözlə şəffaflıq üçün nə mümkün idisə, hamısını etdik. Həmin forumda çıxış edənlər dəfələrlə belə bir fikir səsləndirdilər ki, ən böyük diasporumuz yaşayan Rusiyada bütün soydaşlarımızın maraqlarına cavab verən, millətimizi bir araya gətirən, geniş spektrli quruma ehtiyac var, eyni zamanda var olan diasor qurumları həmin qurumlara rəhbərlik edən 1-2 şəxsin iradəsinə tabedir və orada hər hansı kollegial müzakirədən, ortaq qərarlardan söhbət gedə bilməz. Bir-biri ilə davamlı münaqişə halında olan bu qurumlarla biz güclü diaspor yarada bilmərik. Soydaşlarımızın çoxu bizim təşəbbüsümüzü mərkəzləşmiş və sistemli şəkildə Rusiyada vahid Azərbaycan diasporun yaradılması üçün son şans kimi dəyərləndirdilər. Açığı mən də prosesə belə baxıram. Gerçəkdən də biz bu gün Rusiyadakı bu qədər ciddi potensialı olan icmamızı bir araya gətirə bilməsək, gələcəkdə bu dağınıqlığı aradan qaldırıb güclü təşkilat yaratmaq çox çətin olacaq. Aprelin 27-də keçirilən forumda bildirdim ki, düşüncəmizdəki diaspor modeli şəffaf, müzakirələ açıq, konkret dairələrin deyil, milli maraqlarımızın qorunmasına xidmət edən, çevik, soydaşlarımızı narahat edən məsələlərə zamanında reaksiya verən mütəqil qurumdur. Biz belə bir təşkilat yaratmaqla Rusiyada dağınıq halda olan kiçik diaspor qurumlarını da, indiyə qədər qurumlar arasındakı gərginliklərdən yorulub ictimai işlərdən uzaqlaşan nüfuzlu şəxsləri də bir yerə toplamaq istəyirik. Dediyim kimi, ötən 20 günə yaxın müddətdə diaspor təşkilatlarından, Rusiyanın dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində təmsil olunan yüksək potensiala malik yüzlərlə soydaşlarımızdan dəstək almışıq. Sıralarımız hər keçən kün dahada genişlənir, maraqlı təkliflər, təşəbbüslər səsləndirilir. Ümid edirəm, qurultaya qədər dəstəklər daha da genişlənəcək, biz Rusiya Federasiyasının bütün bölgələrində təmsil olunacağıq. Hüquqi prosedurlara da xüsusi həssaslıqla yanaşırıq. Rusiya Federasiyasının ən məşhur vəkilləri ilə çalışırıq. Nizamnamə, Məramnamə Rusiya Federasiyasının qanunvericiliyinə uyğun hazırlanır. Düşünürəm ki, Rusiya dövləti öz vətəndaşlarının qanun daxilində icma birliyi yaratmasını müsbət qarşılayacaq.

– Azərbaycandan sizin təşəbbüsünüzə reasksiyalar necədir?

– Biz bu qurumu Rusiyada, Rusiya vətəndaşı olan azərbaycanlılar üçün yaratdıq. Fəaliyyətimiz də əsasən Rusiyaya sərhədləri daxilində olacaq. Çünki diaspor fəlsəfəsinin əsasında məs bu dayanır. Çox təəssüf, dünyanın müxtəlif ölkələrindəki bəzi diaspor qurumları icma fəaliyyətinin bu prinsipinə cavab vermir və bu səbəbdən nə Azərbaycanın tanıdılmasına, nə icmanın güclənməsinə xidmət etmirlər. Biz klassik mənada bir qurum yaratdıq ki, yaşadığımız dövlətdə öz mədəniyyətimizin təbliğinə, ölkəmizin tanıdılmasına, Rusiya Azərbaycan münasibətlərinin daha üst səviyyəyə iyüksəlməsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət etmək istəyirik. Sözsüz, Azərbaycanın prosesə baxışı da bizim üçün önəmlidir. Hamımıza bəllidir ki, Azərbaycan diasporu yeni mərhələyə uğurla irəliləyir, dünyanın istənilən ölkəsində sağlam, güclü diaspor qurumlarımızın yaradılması Azərbaycan dövlətinin əsas siyasətidir. Fikrimcə, Rusiya Azərbaycanlıları İttifaqı bu mənada gözləntiləri doğruldacaq.

– Siz iş dünyasının tanınan şəxslərindənsiniz, eyni zamanda Dünya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidentisiniz. Belə geniş spektrli fəaliyyəti necə uzlaşdırırsınız?

– Bu işlər bir-birini inkar etmir. Əksinə, hər biznes uğurum Vətənimə, millətimə dəstək olmaq imkanlarımı genişləndirir. Mənimçün biznesimin stimulu da elə budur. İndi Türkiyədəyəm. Rəhbərlik etdiyim Dünya Azərbaycanlıları Mədəniyyət Fondu İstanbulda Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşlarda sağlamlığını itirən bir neçə qazimizin müalicəsini üzərinə götürüb. Qazilərimiz ailə üzvləri ilə buradadırlar. Onları ziyarət etmişik, həkimlərilə danışmışıq.

fab4ba93-fd3f-46a5-94b9-4203ad399bf0.jpg (46 KB)

Fizuli Məmmədov İstanbulda müalicə etdirdiyi qazimizlə

Qazilərimizin sağlamlığı üçün nə bacarırıqsa, əsirgəməyəcəyik. Çünki onlar bizim hamımız üçün müqəddəs olan Vətən uğrunda sağlamlıqlarını itiriblər. Şəhidlərimizin ailələrinin, qazilərimizin yanında olmaq hər bir azərbaycanlının borcudur. Etiraf etməliyəm ki, bu gün Azərbaycan dövləti mərhələli şəkildə bu qəbilədən olan insanların sosial problemlərini həll edir, onların qayğısına qalır. Bu addım təqdirəlayiqdir. Azərbaycan cəmiyyəti bir an belə onları unutmadığını göstərməlidir. Vətənin bütövlüyü üçün ölümün gözünə dik baxan qardaşlarımızın döyüş hekayələrini dinlədikcə mənsub olduğum xalqımla fəxr edirəm. Zaman bizi müvəqqəti məğlubiyyətə uğradıb, ancaq mən qəti şübhə etmirəm ki, bu cür qəhrəman oğlulları olan ölkə bir gün Ali baş komandanın əmri ilə ərazi bütövlüyünü bərpa edəcək. O oğulların ürəyindəki Vətən sevgisi, torpaq məhəbbəti bizim hamımıza örnəkdir. Bu ağır sağlamlıq durumlarında belə onların fikri Qarabağda, işğal altında olan torpaqlarımızdadır. Belə qəhrəman qardaşlarımızı tanıdıqca, dünyanın bütün intriqaları, bütün mübahisələri insanın gözündə cılızlaşır, insan yalnız böyük ideyalar, böyük amallar haqqında düşünür. Bir daha deyirəm Azərbaycan dövləti şəhid, qazi ailələrinə böyük dəstək verir. Mən də hər zaman qəhrəman Azərbaycan əsgərinin yanında olmağa hazıram.

– Fizuli müəllim, intriqalardan söz düşmüşkən, Rusiya Azərbaycanlıları İttifaqının yaradılması prosesini dəstəkləyənlər kimi, pozmağa çalışanlar da oldu. Jurnalist Fuad Abbasov bu prosesdə xeyli seçildi. Nədir məqsəd? Pozuculuqla məşğul olanlar sizcə, eyni mərkəzdən idarə olunur?

– Biz açıq şəkildə Rusiya azərbaycanlılarının maraqlarına xidmət edən qurum yaratdığımızı bildirir, bunun üçün konkret addımlar atırıqsa, buna qarşı gələn qüvvələr sözsüz ki, düşmən dəyirmanına su tökənlərdir. Onlar oynadıqları rolla bizim diqqətimizi çəkə bilməzlər. Fuad Abbasov Rusiyada basqı ilə üzləşəndə bir azərbaycanlı kimi hər kəsdən öncə açıq şəkildə ona çox ciddi dəstək vermişəm. Bu haqda açıqlamalarımız da olub, məsələyə yenidən qayıtmaq istəmirəm. Zaman göstərdi ki, özünün də ifadə etdiyi kimi, Fuad Abbasov reytinqi, biz isə xalqımız üçün çalışırıq. Bizim adını çəkdiyiniz şəxslə heç bir ortaq dəyərimiz yoxdur ki, hər sözünə fikir bildirim. Reytinq naminə səsləndirdiyi iddialar o qədər boş, o qədər mənasız, o qədər absurddur ki, cavaba da lüzum görmürəm. O, bir şəkildə proseslərin iştirakçısı olmağa çalışır, ancaq sadə bir səbəbi unudur ki, Azərbaycan vətəndaşıdır, Rusiya qanunları ona iddia etdiyi səviyyədə icma fəaliyyəti ilə məşğul olmağı qadağan edir. Fərq qoymadan hər bir azərbaycanlıya qarşı həssas olduğumu məni tanıyanlar çox yaxşı bilir. Bu gün böyük bir coğrafiyada yerləşən Rusiya Federasiyasında yaşayan soydaşlarımızı rəhbəri olduğum öz təşkilatımda birləşmək istəyirəmsə, hər düşüncədə, hər sosial statusda olan insanlara açıq olmalıyam.

386554ff-f300-4f2a-aefd-8be009ac37cc.jpg (111 KB)

Fuad Abbasovun Fizuli Məmmədovla anlaşdığı görüşdən fraqment

Rusiya Azərbaycanlıları İttifaqının təsis konfransından sonra dostlarımızın istəyi ilə Fuad Abbasovla görüşdüm. Baxmayaraq ki, bir gün öncə konfransın baş tutmaması üçün anti milli ünsürlərlə bir sırada duran bu şəxslə görüşdük. Fikirlərimi hər kəsin yanında ona bir daha bildirdim. Həmin masada əyləşən hər kəsə bəlli oldu ki, onun məqsədi yalnız birlik prosesini pozmaqdır. Rusiyanın başqa regionlarından gələn təşkilat rəhbərlərinin yanında forum və RAİ nin yaranmasının tarixi hadisə olmasını alqışladı və bizi RAİ- nin yekdilliklə təşkilatın prezidenti seçilməyimizi təbrik etdi. Və həmin gün onun tərəfindən müsbət fikirlər səsləndirildi. Bir neçə gün sonra nə oldusa yenidən öz ampulasına döndü…Bilirsiniz ona belə bir tapşırıq verənlər, məncə, düzgün seçim etməyiblər. Belə hərəkətləri ilə o, əslində özünü hər kəsdən təcrid edir. Seçim onundur. Bu gün bir, sabah başqa diaspor rəhbərini hədəf almaqla reytinq toplamaq milli məsələyə nə qədər xidmət sayıla bilər, normal düşüncə ilə bunu anlamaq mümkün deyil. Bildiyim qədərilə, Fuad Abbasov rəsmi olaraq heç bir media qurumu ilə əməkdaşlıq etmir, Rusiyada yaşamaq müddəti bitir. Necə deyərlər, bu gün var, sabah yox. Rusiyada yaşayan azərbaycanlılar dedi -qoduları bir tərəfə buraxaraq doğru qərar verib. 30 ildir diaspor fəaliyyəti ilə məşğulam, təkcə Rusiyada yox, Avropa, Asiya ölkələrində Azərbaycan dövlətinin, mədəniyyətinin təbliği, soydaşlarımıza ən müxtəlif məsələlərlə bağlı dəstək verilməsi mənim illərdir həyat tərzimə çevrilib. Bu 30 ildə qarşımıza saysız fuadabbasovlar çıxıb. Bu gün onların heç biri yoxdur. Biz isə öz yolumuzda, öz əqidəmizdə – dövlətimizin, millətimizin yanındayıq. Yeri gəlmişkən, bir daha Rusiyada yaşayan soydaşlarımızı Rusiya Azərbaycanlılar İttifaqında birləşməyə çağırıram. Əmin olsunlar ki, biz sağlam bir platforma yaratmışıq və yaşadığımız ölkədə söz sahibi olmağımız bu platformaya verilən dəstəkdən çox asılıdır. Zamanla hər kəs şahid olacaq ki, bu qurum Fizuli Məmmədovun yox, Rusiyada yaşayan bütün azərbaycanlıların təşkilatıdır.