“Azərbaycan Dəmir Yolları”: “Bəzi piyadalar əksər hallarda yolu ən yaxın məsafədən keçməyə can atırlar və..”

Saatlıda avtomobil qatarla toqquşub. Rayonunun Hacıqasımlı kəndi ərazisində şlaqbaum qoyulmayan dəmiryolu keçidində “VAZ 2106″ markalı, Az 54 BJ 612 dövlət nömrə nişanlı avtomobil Şirvan-İmişli xətti üzrə hərəkət edən qatarla toqquşub.

Nəticədə minik avtomobilində olan sürücü və sərnişini – rayonun Kovlar və Qəzli kənd sakinləri, 1962-ci il təvəllüdlü Cəbrayıl Həmid oğlu Abbasov və 1964-cü il təvəllüdlü Eldar Gülbala oğlu Məmmədov hadisə yerində ölüb. Meyitlər Saatlı morquna təhvil verilib. Qəzanın səbəbi araşdırılır.

Bu qatarın digər nəqliyyat vasitəsi ilə toqquşduğu ilk qəza deyil. Noyabrın 30-da Bakının Pirşağı qəsəbəsində dəmiryol keçidində qatarla kran toqquşub. Pirşağı stansiyasında qatar krana çırpılıb. Qəza zamanı xəsarət alan olmayıb. Qəzanın nəticələri bir müddət sonra aradan qaldırılıb.

2019-cu il iyulun 29-da Xəzər rayonunun Zirə qəsəbəsində (Qala yolu) qatar taksi ilə toqquşub. Həmin qəza nəticəsində taksidə olan 5 sərnişin yaralanıb.

Azərbaycanda qatarların iştirakı ilə qəzalar tez-tez qeydə alınır. Nəqliyyat vasitələri ilə yanaşı piyadaların da qatarların altında can vermələri xəbərləri də var.

Nə etməli? Qatar relslərinin üzərində can verməmək üçün nələrə diqqət etməliyik?

İlgili resim

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən (QSC) “Yeni Müsavat”a bildiriblər ki, dəmir yolu sərnişinlərin və piyadaların təhlükəsizliyinin təmini məsələsini daim diqqətdə saxlayır. Amma təhlükəsizlik qaydalarına qarşılıqlı əməl olunmalıdır. “Azərbaycan Dəmir Yolları” QSC bu məsələnin həlli ilə bağlı  müxtəlif istiqamətlərdə iş aparır. Həm qatarlarda, həm də dəmir yolu infrastrukturunda  aparılan yenidənqurma işləri təhlükəsizliyin maksimum təmin edilməsinə yönəlib. Dəmir yollarının mühafizə zolağının yaxınlığında yaşayan sakinlərin təhlükəsizliyi nəzərə alınaraq,  müasir standartlara uyğun yerüstü piyada keçidləri tikilərək istifadəyə verilib. Bununla yanaşı, yolboyu mühafizə çəpərləri çəkilib. Müəyyən ərazilərdə  avtomobillərin təhlükəsiz keçidi üçün tikilən tunellər də bu istiqamətdə görülən işlər sırasındadır. Amma təəssüf ki,  bəzi piyadalar əksər hallarda yolu ən yaxın məsafədən keçməyə can atırlar.  Apardığımız monitorinqlər də göstərir ki, qəzalar çox vaxt piyadaların təyin edilməyən ərazidən keçməyə cəhd etdikləri ərazidə baş verir. Bəzən dəmir yolunu telefondan istifadə edərək, hətta qulaqcıqla keçməyə cəhd göstərənlərə də rast gəlirik. Bu zaman da qəza şəraiti qaçılmaz olur. Dəmir yolu nəqliyyatında vətəndaşların təhlükəsizliyi qaydalarına görə, dəmir yollarında gəzmək, yaxınlaşan qatara 400 metrdən az məsafə olarsa onun qarşısından dəmir yolunu keçmək, kənar relsdən 5 metrdən az olmayaraq məsafədə dəmir yolu boyunca getmək və digər qadağalar nəzərdə tutulub. Nəzərə alaq ki, qatarın əyləc sistemi fərqlidir. Yəni maşinist piyadanı görüb əyləcə bassa da, qatarın  müəyyən sürüşmə  məsafəsi var. Odur ki, vətəndaşlardan təhlükəsizlik qaydalarına əməl edərək, dəmir yolunu yalnız təyin olunan ərazidən keçmələri xahiş olunur” deyə, məlumatda bildirilir.