“Bu gün Ermənistanla Azərbaycan arasındakı atəşkəs rejiminin uzanması Ermənistanın xeyrindədir. Ermənistan bundan faydalanıb, işğlaçı siyasətini davam etdirir və oradakı mövqelərini möhkəmlətməklə məşğuldur. Düzdür, Azərbaycan da bu müddət ərzində iqtisadiyyatını inkişaf etdirib, güclü ordu yaradıb”.

Bunu “Ölkə.Az”a açıqlamasında  millət vəkili Aqil Abbas deyib.

Onun sözlərinə görə, artıq vəziyyət dəyişib və Azərbaycan da reallığa uyğun hərəkət etməlidir:

“Hələ  Ermənistanda Ter-Petrosyan hakimiyyəti dövründə  Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması məsləsi gündəmə  gəlmişdi. O  məsələnin hansısa formada həllini istəyirdi. “Yolagələn”  bir rəhbər idi. Ancaq nə baş verdi? Erməni qadınları  ayağa qalxaraq dedilər ki, əgər torpaqlar geri qaytarılacaqdısa, bizim oğullarımız niyə Ağdam, Kəlbəcər, Fizuli, Cəbrayılda öldü. Ondan sonra Petrosyan da geri çəkilməli oldu. Və onun hakimiyyətinin aqibətini də bilirsiniz necə oldu? Rusiya və bəzi başqa ölkələr onu hakimiyyətdən devirdilər”.

Deputat bildirib ki,  Azərbaycan Prezidenti İlham Əliyevlə Nikol Paşinyan görüş keçirir, onun müdafiə naziri Tonoyan ABŞ-da yeni torpaqları işğal etmək barədə bəyanat verir.  Bax, indi belə bir durumla üz-üzəyik. Ona görə də deyirəm ki, atəşkəsin uzanması onların xeyrinədir”.

Yaranmış durumdan çıxış yoluna gəldikdə millət vəkili deyib ki, bu məsələdə əsas oyunçu Rusiyadır və ilk növbədə  onunla dil tapmağa çalışmaq lazımdır:
“Siz bir  məsələni xatırladım, 1992-ci ildə döyüşlər zamanı ermənilər Azərbaycan ordusu qarşısında tab gətirə bilmirdi. O zaman Azərbaycan ordusu Xankəndinin 7 km-liyində, Laçın dəhlizini nəzarətə götürmək ərəfəsində idi. Ağdaərə işğaldan azad edilmişdi və sair. Nə zaman ki, nizamı Rus qoşunları ermənilərə dəstəyə gəldi vəziyyət dəyişdi. Çünki  Azərbaycanın könüllülərdən ibarət ordusu nizami ordu ilə üz-üzə dayan bilmədi və geri çəkilmək zorunda qaldı. Bax ona görə də deyirəm ki, bizim torpaqları erməni ordusu yox Rus ordusunun köməyi ilə işğal etdi”- deputat bildirib.
A.Abbac deyib ki, ona görə də Qarabağ məsələsinin həllində biz ilk olaraq Rusiya ilə danışmalıyıq:

“Əgər onlar  yola gəlməzlərsə başqa variantlar əl atmalıyıq. Ya Qarabağ, ya ölüm deyib, döyüşə atılmalıyıq.Onsuz da sonu döyüşdür. Torpaqları ermənilər verəsi deyilik ki?! Hansı yolla  olur-olsun biz mütləq torpaqları işğaldan azad edəcəyik.Bunun başqa yolu da yoxdur. Bunu Azərbaycanın Ali Baş Komandanı da  dəfələrlə bəyan edib. O, bəyan edib ki, danışıqlar nəticə verməzsə,  güc yolu istisna deyil. Çünki Ali Baş Komandan bildirib ki, Azərbaycanın xalqının səbri sonsuz deyil. Hər bir səbrin sonu var. Bu səbr tükənməkdədir və biz torpaqları işğaldan  azad edəcəyik”.