Zamin HACI Zamin Hacı“Yüz il gərək qanqal otlayasan ki, ağzın eşşək ağzına oxşasın”
(Azərbaycan ata sözü; fikrimcə, burada təkamül nəzəriyyəsi əla izah edilmişdir)

Xalqla onun artistinin arasına girmək ətlə dırnaq arasına soxulmaq kimi bir şeydir, yaxşı perspektiv vəd etmir, o baxımdan, mən Afaq Bəşirqızı temasına heç qarışmaq istəmirəm. Bu gün dalaşarlar, sabah barışarlar. Hətta heç sabaha ehtiyac yoxdur, artist bu gün xalqın arasına çıxsın, xalq karantin rejimini gözləməyərək cumub öz artistini qucaqlayar. Sadəcə, xalqımızın gələcəyi sarıdan müəyyən narahatçılıq keçirdim. Sanki bir nərmənaziklik duydum. Hamı deyir, gərək efirdə söyüş söyməzdi, guya bizdə efirdən söyüş söyülmür. (Bu məqamda bir başqa xalq artistimizin “söyüş 80 manat pensiyadır” tarixi afyorizmi yadıma düşür, qəmlənirəm, gözüm nəmlənir). Hətta biz xalq artistinin kişi çıxmasına sevinmək yerinə dilxor olmuşuq!

Ortada qanunverici orqana yüksək etimadın əlaməti də vardır, məncə buna diqqət etməliyik, çünki parlamento seçkiləri təzə başa çatıbdır, deputatlarımız bizi yeni qələbələrlə sevindirirlər. Yoxsa nigarançılıq yaranmışdı, millət düşünürdü Hadı müəllimin müqəddəs yeri bəlkə boş qalacaqdır. Qalmayıb. İki-üç cavan deputatın müəyyən açıqlamaları, intervüləri, yazı-pozuları çıxır, estafetin uğurlu əllərdə, lafetin uyğun traktorun arxasında, trafaretin tarixi şablonda olmasını (bekarçılıqdan estafet, lafet və trafaret qafiyəsi qoşdum, yoxsa mənasız cümlədir) göstərir. Bəs Afaq xanımın məlum diskursunu itqusdu edənlərin yurisdiksiyasını (təzə qafiyə açdım) nədə görürəm? İzah edim, siz də baxın. Afaq xanım deputat olmasa da, fikrimcə, əsl millət vəkili kimi davranaraq idarənin qanun-qərarlarını təbliğ etmişdir.

Aprelin 17-də Milli Məclis uzun sürən karantin həsrətindən sonra toplaşanda kütləvi informasiya vasitələri (KİV) haqda qanunun 6-cı maddəsinə dəyişiklik etmək qərarına gəldi. Qərarla hər bir jurnalistə yaradıcılıq azadlığı verildi… Zarafat edirəm, dəyişiklik dillə bağlı idi. İndiyəcən olan qanunda yazılmışdı ki, Azərbaycanda KİV-lər dövlət dilindən istifadə eləməlidir. Dəyişikliyə görə isə, KİV-lər dövlət dili normalarına əməl etməlidir. ARB kanalının efirindəki qalmaqal zamanı biz bu dəyişikliyin həyata keçməsini əyani gördük. Hər halda, insafla danışsaq, xalq artisti təmiz azərbaycanca söydü, bəzi manqurtlar kimi rus, ingilis, fars, erməni söyüşləri işlətmədi. Dövlət dili normaları elə gözəl qorundu ki, aparıcı Elgiz müəllim söyüşü eşidəndən sonra çoxlu minnətdarlıq etdi, bu da düzgün hərəkət sayılmalıdır.

Yenə qeyd edirəm, xalqımız gərək özünü məsum uşaq, nəcib qızlar seminariyasının buraxılış sinfinin tələbəsi, nə bilim, “günahsız Abdulla” kimi aparmasın, guya heç biri söyüş-zad bilmirmiş, birdən Afaq Bəşirqızı efirə çıxıb biabırçılıq salıbdır. Belə şey yoxdur. Xalqımızın olduqca gözəl söyüş potensialı vardır, təklif edirəm, bununla maraqlananlar dəyərli yazarımız Rasim Qaraca ilə əlaqə yaradıb onun “Türkün məsəli. Arqo deyimlərimiz” kitabını alsınlar. Orada o qədər maraqlı söyüş-möyüş toplanıb ki, min il söyəsən, bitən deyil. Hətta kitaba yüksək tələbatı və hər il yeni-yeni söyüşlərin tapılmağını nəzərə alan naşir onu indiyəcən yanılmıramsa, 4 dəfə təkrar nəşr edibdir. Maraqlansan bəlkə Anar müəllimin “Ağ qoçun antrikotu və qara qoçun ağ əti” romanı o qədər təkrar nəşr olunmamışdır.

Söyüş hər bir dilin üzvi tərkib hissəsidir, sayca böyük, imperiya qurmuş xalqlarda (ingilis, rus, türk, ispan və sairə) söyüşlə danışmaq adi hal sayılır. Heç kim də söyüşün başına ip salıb gündəmi belə bekar temalarla məşğul etmir. Təhqirə görə diffamasiya, məmurunu şərəf-ləyaqətinin qorunması tipli cəzaları da ləğv etməliyik. O cümlədən, hansısa telekanalizasiyaya söyüşə görə yox, yalan və yaltaqlığa görə efir cəzası kəsilməlidir, çünki ikincilərin ziyanı qat-qat ağır olur.

Dünyada ən absurd vəziyyətlərdən biri yəqin ki, belə olur: artist xalq kimi danışır, xalq isə artistlik edir.