Onlar 27 ildir ki, öz ata yurdlarından didərgin düşüblər. İllərdir, hər cür çətinliklərə dözür, övladlarını şəraitsiz, darısqal yerdə böyüdüb, təhsil verib, boya-başa çatdırıblar.

Burda böyüyən uşaqlar indi cəbhədə torpaqlarımızın alınması uğrunda düşmənlə döyüşürlər…

Haqqında bəhs etdiyimiz məkan Bakının Dərnəgül qəsəbəsində yerləşən, məcburi köçkünlərin yaşadığı yataqxana haqqındadır. Burda Dağlıq Qarabağ və ətraf ərazilərdən məcburi köçkün düşmüş 2500 ailə müvəqqəti məskunlaşıb.

Bu gün onlar çox sevinclidirlər. Azərbaycan ordusunun uğurlu əməliyyatları nəticəsində bir neçə rayon və 150-dən artıq kəndimiz işğaldan azad olunub. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının və digər kəndlərimizin alınması ilə bağlı müjdəli xəbərləri bu şəhərcikdə az qala toy-bayrama səbəb olub.
“TV Musavat”ın əməkdaşları ilə söhbətləşən sakinlər göz yaşlarını saxlaya bilməyiblər…

Qarabağdan gələn müjdəli xəbərlər Bakıda məskunlaşan digər məcburi köçkünlərimizin də evinə sevinc gətirib. Üz tutduğumuz Nizami rayonu, Elşən Süleymanov 148 a ünvanında, “Yarımçıq” adlanan binada yaşayan 100-dən çox qaçqın və məcburi köçkün ailəsi öz torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Onlar da Dağlıq Qarabağ problemi başlayandan bu yana öz doğma yurdlarından uzaq düşüblər.

Bu darısqal, üfunət iyi verən, şəraitsiz yerdə məskunlaşmaq onlar üçün arzuolunmazdır. Amma uzun illər bu ağır şəraitdə yaşamağa ona görə qatlaşıblar ki, bir gün həsrtələ gözlədikləri doğma yurdlarına geri qayıdacaqlar. O gün isə çox yaxındadır…

Füzuli, Cəbrayıl, Zəngilandan olan həmvətənlərimiz “TV Musavat”-a bu illər ərzində yaşadıqları, gördükləri, eyni zamanda öz torpaqlarına qayısacaqları günlə bağlı ağız dolusu danışıblar.

Daha ətraflı videoreportajımızdan izləyə bilərsiniz.