Xeyli müddətdir səhhətindəki problemlərlə bağlı müalicə alan deputat Vahid Əhmədov Milli Məclisin bugünki plenar iclasına qatılaraq çıxış etdi.

Millət vəkili Türkiyəyə qarşı aparılan qaralama kampaniyasına etiraz edərək bildirdi ki, 40 ilə yaxın idi ABŞ prezidentləri “soyqırım” sözünü dilə gətirmirdilər. Yalnız Reyqan 1982-ci ildə bu ifadədən istefadə etmişdi, ondan 39 il sonra Bayden belə bir sözü işlətdi və böyük bir səhvə yol verdi.

“Türkiyənin dünya düzənində rolunun artması dünya güclərini qane etmir”, deyən millət vəkili bildirdi ki, Türkiyə və Azərbaycan bir yerdə bu sınaqdan da çıxmağı bacaracaq.

V.Əhmədov qeyd etdi ki, bir çox dövlətlərin Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi zəfəri qəbul etmək istəmədikləri üçün belə davranırlar: “Fransa 44 günlük müharibə dövründəki xidmətindən bundan sonra da əl çəkən deyil. Fransa Türkiyə və Azərbaycana qarşı belə murdar əməllərini davam etdirəcək. Digər tərəfdən, 40 ildir ABŞ prezidentləri “soyqırımı” sözünü dilə gətirmirdi. Bayden seçki dövründə ermənilərə verdiyi sözü yerinə yetirmək üçün indi bu sözü işlətdi və çox böyük səhv etdi. Onsuz da Amerika-Türkiyə münasibətlərində soyuqluq var idi. Türkiyə və ABŞ prezidentləri Brüsseldə görüşəcəkdilər. Əlbəttə, Türkiyənin dünya düzənində rolunun artması bu dövlətləri qane etmir. Azərbaycan Prezidenti bu məsələyə Ərdoğanla telefon danışığında çox yaxşı qiymət verdi”.