24.07.2026 - 11:15
Gündəm 37 baxış

Vəkil açıqladı: Ev dustaqlığında sosial şəbəkə qadağası necə tətbiq olunur?

“Arzum 9999” ləqəbi ilə tanınan bloger İlduzə Hacıyevanın ev dustaqlığına buraxılması və ona sosial şəbəkələrdən istifadənin qadağan edilməsi müzakirələrə səbəb olub. Minval.info xəbər verir ki, vəkil Vamiq Şükürov bu məhdudiyyətlərin hüquqi əsaslarını izah edib.

Vəkilin sözlərinə görə, ev dustaqlığı Cinayət-Prosessual Məcəlləsinin 163-cü maddəsi ilə tənzimlənir və həbsə alternativ qətimkan tədbiri hesab olunur. Bu zaman şəxs cəmiyyətdən tam təcrid edilmədən onun azadlığına müəyyən məhdudiyyətlər tətbiq edilir.

Şükürov bildirib ki, məhkəmə qərarı ilə təqsirləndirilən şəxs yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsi (bilərzik) daşımaq, müəyyən olunmuş ərazidən kənara çıxmamaq və məhkəmənin icazəsi olmadan yaşayış yerini dəyişməmək kimi öhdəliklər daşıyır.

Onun sözlərinə görə, məhkəmə əlavə məhdudiyyətlər də müəyyən edə bilər. Bunlara kütləvi tədbirlərdə iştirak etməmək, müəyyən şəxslərlə ünsiyyət saxlamamaq, bəzi yerlərə getməmək və digər öhdəliklər daxildir.

Vəkil qeyd edib ki, sosial şəbəkələrdən istifadənin qadağan olunması qanunda ayrıca göstərilməsə də, Cinayət-Prosessual Məcəlləsinin 163.3-1.5-ci maddəsində nəzərdə tutulan “digər vəzifələr” çərçivəsində tətbiq oluna bilər. Məhdudiyyətin konkret həcmi isə məhkəmə qərarında müəyyən edilir.

Şükürov əlavə edib ki, ev dustaqlığında olan şəxsin müəyyən edilmiş qaydalara əməl etməsinə daxili işlər orqanları nəzarət edir. Qaydaların pozulması ilə bağlı əsaslı şübhə yaranarsa, prokurorun qərarı əsasında yaşayış yerində yoxlama aparıla bilər.

Vəkilin sözlərinə görə, Cinayət-Prosessual Məcəlləsinin 163.9-cu maddəsinə əsasən, ev dustaqlığının şərtləri pozulduğu halda təqsirləndirilən şəxs barəsində yenidən həbs qətimkan tədbiri seçilə bilər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: