Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərindən ibarət qrup hazırda Azərbaycandadır, “COVID-19”-a cavab planı və 3-6 aylıq milli hazırlığı inkişaf etdirmək üçün milli cavab (reaksiya) komitəsi ilə işləyir.

APA-nın xəbərinə görə, ÜST-ün Avropa üzrə Regional Ofisinin məlumatında bildirilir ki, ÜST qrupu 6 nəfərdən ibarətdir.

Qrup aşağıda qeyd olunanlarla yanaşı, müxtəlif tədbirlərin görülməsində Azərbaycan hökumətinə yardım edir:

– cavab planlaşdırması;

– zəruri səhiyyə xidmətləri və biznesin davamlılığı;

– keyslərin araşdırılmasından tutmuş milli sınaq laboratoriyalarına qədər nəzarət strategiyası;

– xəstəxana hazırlığı və halların klinik idarə olunması;

– evdə və milli sərhədlərdə infeksiyanın qarşısının alınması profilaktikası və nəzarət;

– zəruri dərman, diaqnostika və sağlamlıq üçün avadanlıqları təmin etmək;

– məlumatları paylaşmaq, icmalar və təsiretmə gücü olanlarla əlaqə yaratmaq və şayiələri idarə etmək üçün risk ünsiyyət strategiyasını hazırlamaq;

– Ağır nəticələri minimuma endirmək üçün səyahət və ticarətlə bağlı tövsiyə olunan tədbirlər barədə məlumatlandırmaq;

– beynəlxalq tərəfdaşlıq çərçivəsində gələcək əməkdaşlıq imkanlarını müəyyənləşdirmək

Məlumatda qeyd olunur ki, bu günə qədər, Azərbaycan az sayda “COVID-19”-a yoluxma halını təsdiqləyib. Ölkə çox sayda “COVID-19”-a yoluxma halı təsdiqlənən İranla sərhəddir.

5 günlük missiya çərçivəsində 9-13 mart tarixində komanda Səhiyyə Nazirliyi və TƏBİB-lə işləyir, milli və regional xəstəxanalara, Qida Təhlükəsizliyi Agentliyi laboratoriyalarına, Azərbaycan Tibb Universitetinə və sərhəd-keçid nöqtələrinə baş çəkir. Missiyaya ÜST-nin Azərbaycandakı nümayəndəliyi dəstək verir.

ÜST-dən sınaq və fərdi qoruyucu vasitələrin təchizatı

Qeyd olunur ki, Azərbaycan ÜST-ün Avropa Regionundakı 17 ölkədən biridir ki, laboratoriya müayinəsi dəstlərini alıb. İlk dəstlər fevral ayında paylanıb, ikinci dəst isə hazırda göndərilməkdədir. Ölkə həm “COVID-19” virusuna yoluxmaqda şübhəli və virusa yoluxduğu təsdiqlənmiş xəstələrə qayğı göstərən tibb işçiləri üçün, həm də şübhəli halları yoxlayan laboratoriya heyəti üçün lazım olan fərdi qoruyucu vasitələr alacaq.

Qlobal cavab səylərinə dəstək

Məlumatda deyilir ki, Azərbaycan hökuməti qonşu ölkələrlə koordinasiyalı şəkildə “COVID-19” problemini həll etmək üçün qlobal səylərə töhfə verir və ÜST-nin strateji hazırlıq və cavab planına 5 milyon ABŞ dolları ayırıb. Bu plan ÜST də daxil olmaqla beynəlxalq səhiyyə təşkilatları tərəfindən ehtiyac duyulan fəaliyyət və resursları, 2020-ci ilin aprel ayına qədər “COVID-19”-a hazırlaşmaq və ona cavab vermək üçün ölkələrə dəstək məqsədilə prioritet ictimai səhiyyə tədbirlərini həyata keçirməyi əhatə edir. Həmçinin bu plan beynəlxalq koordinasiya və əməliyyat dəstəyini, ölkələrin hazırlığı və cavab əməliyyatlarının miqyasını genişləndirməyi, prioritet tədqiqat və innovasiya işlərini sürətləndirməyi nəzərdə tutur.