05.08.2026 - 13:57
Ölkə 30 baxış

Universitetlərin bağlanma təhlükəsi: Akkreditasiya yoxlamaları nələri üzə çıxarır?

Bakı Qızlar Universitetinin bağlanması qərarı ali təhsil müəssisələrinin akkreditasiyası məsələsini yenidən diqqət mərkəzinə gətirib. Bu qərar, universitetlərin hansı hallarda akkreditasiya baxımından risk altında olduğunu və bu risklərin hansı göstəricilərdən əvvəlcədən hiss edilə biləcəyini cəmiyyət arasında müzakirəyə açıb. Eyni zamanda, akkreditasiya zamanı ali məktəblərin fəaliyyətində hansı çatışmazlıqların daha ciddi qiymətləndirildiyi də önəmli məsələlərdən biri kimi ortaya çıxıb.

Minval.info xəbər verir ki, təhsil eksperti Ramin Nurəliyev bu mövzuda açıqlamalar verərək, ali təhsil müəssisəsinin fəaliyyətinin dayandırılmasının akkreditasiya prosesində aşkar olunan nöqsanların nəticəsi olduğunu bildirib. Onun sözlərinə görə, Bakı Qızlar Universitetinin bağlanması qərarı da aparılan yoxlamaların nəticəsinə əsaslanıb. “İqtisadiyyat Nazirliyi tərəfindən aparılan yoxlamalar zamanı maliyyə problemləri və tapşırıqların vaxtında yerinə yetirilməməsi kimi məsələlər üzə çıxıb,” deyə o qeyd edib.

Ekspert əlavə edib ki, ali təhsil müəssisələrinin akkreditasiyadan keçməməsinin müxtəlif səbəbləri ola bilər. Dövlət qurumlarının apardığı yoxlamalar zamanı müəyyən çatışmazlıqlar aşkarlanarsa, əvvəlcə xəbərdarlıq edilir. Nöqsanlar aradan qaldırılmadıqda isə lisenziyanın məhdudlaşdırılması və ya təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması kimi qərarlar qəbul edilə bilər.

Ramin Nurəliyev vurğulayıb ki, belə hallarda əsas diqqət tələbələrin təhsil hüququnun qorunmasına yönəldilir. Elm və Təhsil Nazirliyi tərəfindən tələbələrin köçürülməsi prosesi həyata keçirilir. Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında iştirak edərək müvafiq bal toplayan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi təmin edilir. Bu prosesin praktiki nümunələri “Naxçıvan” Universiteti və Qafqaz Universiteti bağlandıqdan sonra müşahidə edilib.

Ekspert, həmçinin, lisenziyanın məhdudlaşdırılması və ya akkreditasiya zamanı nöqsanların aşkar olunmasının əsas səbəblərinin qanunvericilikdə müəyyənləşdirildiyini bildirib. Tədris planından kənara çıxılması, maliyyə hesabatlarının düzgün təqdim edilməməsi və təhsil mühitində ciddi nöqsanların olması kimi məsələlər bu səbəblər arasındadır. Bundan əlavə, maddi-texniki bazanın zəifliyi də akkreditasiya prosesində əsas meyarlardan biridir.

Ramin Nurəliyev qeyd edib ki, əvvəllər də qanunsuz tələbə qəbulu ilə bağlı fəaliyyətinə xitam verilən universitetlər olub. Təfəkkür Universiteti və Beynəlxalq Universitetdə aşkarlanan qanunsuz tələbə qəbulu halları buna misaldır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: