07.08.2026 - 00:41
Ölkə 13 baxış

Türkologiyanın Sabahı: Dosent aynur i̇brahimovanın Ankarada diqqət çəkən məruzəsi

Ankarada təşkil olunan beynəlxalq simpoziumda Qeyri-Maddi Mədəni İrsin İnkişafına Dəstək İctimai Birliyinin sədri və Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elmi işçisi dosent Aynur İbrahimova elmi məruzə ilə çıxış edib.

Minval.info xəbər verir ki, 2-3 mart tarixlərində keçirilən tədbir, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Türk Tarix və Mədəniyyət Vəqfi (TÜRKTAV), Azərbaycan Milli Elmlər Akademiyası və AMEA Folklor İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub. Simpozium “1926 Bakı Türkoloji Qurultayının 100-cü ili – Türkologiyanın sabahına hazırlıq” mövzusuna həsr olunub və Ankara Rəsm və Heykəl Muzeyində keçirilib.

Dosent İbrahimova “Birinci Türkoloji Qurultay kontekstində Vəli Xuluflunun folklor irsi və türkologiyaya töhfələri” mövzusunda məruzə təqdim edərək, Vəli Xuluflunun türk xalqlarının folklor irsinin toplanması və elmi tədqiqi sahəsindəki xidmətlərini ətraflı təhlil edib. O, Xuluflunun Azərbaycan folklorşünaslığının və ümumilikdə türkoloji elmin inkişafına verdiyi töhfələri vurğulayıb.

Çıxışda Vəli Xuluflunun “Koroğlu” dastanı ilə bağlı nəşrlərinin əhəmiyyəti xüsusi qeyd olunub. Bu nəşrlər, dastan mətninin qorunması ilə yanaşı, folklor terminologiyasının və janr təsnifatının öyrənilməsi baxımından da mühüm elmi mənbə kimi dəyərləndirilib. Onun topladığı folklor nümunələri qədim türk mifoloji düşüncəsinin izlərini yaşatmaqla xüsusi əhəmiyyət kəsb edir.

Sonda, Xuluflunun zəngin elmi irsinin Azərbaycan folklorşünaslığı və türk xalqlarının ortaq mədəni irsinin öyrənilməsi üçün əvəzsiz bir qaynaq olduğu vurğulanıb. Beynəlxalq simpozium çərçivəsində türk dünyasının ortaq elmi-mədəni irsi və gələcək türkoloji tədqiqatların perspektivləri müzakirə edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: