Türkiyənin Cocuq Oyunları və Spor Federasiyası (COSKF) iki ölkə arasındakı münasibətlərin gücləndirilməsi üçün Azərbaycanda ənənəvi uşaq oyunları üzrə yarışmalara start verib. 

Musavat.com xəbər verir ki, bu gün “Sərhədçi” İdman Klubunda tədbirin açılış mərasimi baş tutub. Tədbirdə Türkiyə və Azərbaycan rəsmiləri, media nümayəndələri iştirak edib. Tədbirə qatılan rəsmi şəxslər Türkiyə-Azərbaycan dostluğundan söz açıb və bu cür tədbirlərin önəmindən danışıblar.

Ilk olaraq söz Türkiyənin Cocuq Oyunları və Spor Federasiyasının başqanı Mehmet Mutluya verilib. O, tədbiri açıq elan edərək bildirib ki, federasiyanın məqsədi uşaqları xoşbəxt etmək, iki ölkə arasındakı dostluğu gücləndirməkdir: “Hörmətli qonaqlar hamınızı salamlayıram. Dəyərli uşaqlarımız, sizinlə bağlı bir festival gerçəkləşdiririk. İnşallah məqsədimizə nail olar, sizlərin üzündə bir təbəssüm yarada bilərik. Xoş gəlib, səfalar gətirmisiniz. Biz Türkiyədə “Oyun karvanı” adlı sosial layihə həyata keçiririk və bölgələri dolaşırıq. Uşaqlarımız ilə milli oyunları oynayırıq. Uşaqlarımız çox xoşbəxt olur. Biz də düşündük ki, bu ildən Azərbaycanda da bu festivalı keçirək və Azərbaycandakı uşaqlarımızı da sevindirək. Sizlərin müxtəlif oyunlar oynamağınızı çox istəyirik. Çünki bizim şüarımız “Uşaqlar oyunla böyüyər”dir. Arzumuz uşaqların oyunlar oynayaraq böyüməsidir.

Bu işdə federasiyamıza dəstək olan hər kəsə təşəkkür və şükranlarımızı bildirirəm”.

Daha sonra Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimovun müavini Oruc Məmmədov çıxış edib. O bildirib ki, COSKF-in atdığı bu addım iki ölkənin uşaqları arasındakı münasibətləri daha da möhkəmləndirəcək: 

“Cənab Azad Rəhimov adından hamınızı salamlayıram və “xoş gəlmisiniz” deyirəm. Bu tədbir Azərbaycan-Türkiyə uşaqları və yeniyetmələri arasında dostluğu, qardaşlığı möhkəmləndirəcək. Oyun karvanı bölgələrimizi gəzəcək. Sabahdan Lənkəranda, Şəkidə, Qəbələdə, Gəncədə, Qazaxda tədbirlər davam etdiriləcək. Başda Mehmet bəy olmaqla, hər kəsə təşəkkür edirik və uğurlar arzulayırıq” .

Azərbaycan Məktəb İdmanları Federasiyasının prezidenti, millət vəkili Sevinc Hüseynova qonaqları salamlayaraq, tədbirin önəmindən bəhs edib: 
“Hər insan həyatında bu oyunları oynayaraq böyüyür. Azərbaycana gələn bu federasiyanın fəaliyyətini yüksək dəyərləndirirəm. Bu gün COSKF ilə Azərbaycan Məktəb İdmanları Federasiyasının arasında memerandum imzalanacaq. Düşünürəm ki, gələcək illərdə daha geniş şəkildə fəaliyyət göstərəcəyik. Bu isə öz növbəsində Türkiyə-Azərbaycan arasındakı dostluğun və əlaqələrin geniş şəkildə inkişafına zəmin yaradacaq, qardaşlığımız daha da sıx olacaq. İstəyirik ki, gənclərimiz öz soy-kökünə, adət-ənənələrinə hörmətlə yanaşsın, gənc nəsil hansı kökdən gəldiyini bilsin. Hər iki ölkə gəncləri eyni kökdən gəldiyini bilməlidir”.

Çıxışlar bitdikdən sonra rəsmilərə və federasiyanın tədbirinə dəstək olanlara plaketlər təqdim edilib.

Daha sonra rəsmilər uşaqlar ilə bərabər gələnəksəl uşaq oyunları oynayıblar.

Sonda Türkiyənin Cocuq Oyunları və Spor Federasiyasının başqanı Mehmet Mutlu ilə Azərbaycan Məktəb İdmanları Federasiyasının prezidenti Sevinc Hüseynova arasında memerandum  imzalayıb.

Qeyd edək ki, tədbir ölkənin 7 rayonunda keçiriləcək və oktyabrın 24-də Qazax şəhərində başa çatacaq.