03.09.2026 - 14:37
Ölkə 25 baxış

Trendyol sifarişlərində gecikmə: Səbəblər açıqlandı

Azərbaycanda Trendyol-dan sifariş verən müştərilər bağlamaların gecikməsi, izləmə məlumatlarının yenilənməməsi və çatdırılma müddətinin uzanmasından narahatdırlar. Gömrük Komitəsi bildirir ki, Trendyol və digər xarici platformalardan gələn bağlamalar gömrük zonasına daxil olduqdan sonra qısa müddətdə nəzarətdən keçirilərək daşıyıcı şirkətə təhvil verilir.

Minval.info xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli gecikmənin əsas səbəblərindən birinin daşıyıcı şirkətin anbarında çeşidləmə və ölkə daxilində ünvanlara bölüşdürülmə mərhələsi olduğunu qeyd edir. Onun sözlərinə görə, xaricdən eyni vaxtda çoxlu sayda bağlamanın daxil olması onların qəbul edilməsi, çeşidlənməsi, bölgələr üzrə ayrılması və kuryerlərə ötürülməsi prosesində yüklənmə yarada bilər. Xüsusilə kampaniya və endirim dövrlərində sifarişlərin kəskin artması çatdırılmanı gecikdirə bilər.

Ekspert əlavə edir ki, izləmə məlumatlarının yenilənməməsi texniki və informasiya problemi ola bilər. Bağlama fiziki olaraq bir mərhələdən digərinə keçsə də, daşıyıcının sistemində status vaxtında yenilənmədikdə istehlakçı sifarişin hərəkətsiz qaldığını düşünə bilər. Müxtəlif logistika şirkətlərinin sistemləri arasında məlumat mübadiləsinin gecikməsi də izləmə məlumatlarının real vəziyyəti əks etdirməməsinə səbəb ola bilər.

Nəsirli vurğulayır ki, gecikmənin hansı mərhələdə yarandığını müəyyən etmək üçün bağlamanın bütün logistika zənciri üzrə hərəkətinə baxmaq lazımdır. Bağlama gömrükdən keçərək daşıyıcıya təhvil verilib, lakin günlərlə istehlakçıya çatdırılmırsa, əsas diqqət daşıyıcının anbar, çeşidləmə və son çatdırılma imkanlarına yönəldilməlidir. Gecikməyə görə məsuliyyətin hansı tərəfdə olduğunun istehlakçı üçün aydın olmaması da əsas problemlərdən biridir. Platforma, daşıyıcı şirkət və gömrük sistemi arasında məlumat mübadiləsinin daha şəffaf və operativ olması, izləmə sistemində bağlamanın konkret hansı mərhələdə olduğunun real vaxtda göstərilməsi vacibdir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: