Bir neçə il öncə Türkiyədə Dəniz Səki həbs edildi. Sənəti dağ boyda olan bir ifaçı narkotik satmaqda günahlandırılırdı. Nə qədər qanundan qaçmaq istəsə də, qonşuluqda yaşayan bir qadının onu satması ilə azadlıqdan məhrum olundu.

Amma türk sənətçiləri nə etdilər? Dənizin “bulanma”sına, “quru”masına izn vermədilər. O həbsdə olarkən müğənniyə klip çəkdilər, ziyarətinə getdilər.

Analoji hal ötən il bizdə də yaşandı. Müğənni Fədayə Laçının sevgisinin qurbanı olduğunun şahidi olduq. Cinayətkar sevgilisini həbsdən qaçırmağa əl atdı. Gözlərini yumub eşqi uğrunda cinayət işlədi. Artıq bir ildən artıqdır Fədayə həbsdədir, məhkəmə isə davam edir.

Ötən günlərdə isə prodüser Təranə Səmədova iki qadını fahişəliyə cəlb etməkdə günahlandırılaraq bir il müddətinə azadlıqdan məhrum edildi.

Məsələnin hüquqi tərəfi ilə məhkəmə məşğul olur. Apellyasiya məhkəməsində iş ortaya çıxacaq və günahının olub-olmamağı hər kəsə məlum olacaq.

Məsələnin digər tərəfi ilə maraqlanaq. Sosial şəbəkədə onu söyənlər, qınayanlar görəsən bir dəfə də olsun əllərini vicdanlarına qoyub, Təranənin kiçik qızını, şəkər xəstəsi olan anasını düşünürlərmi?

Anasının günahı olsa belə, kiçik bir qıza dil uzatmaq hansı vicdana sığır? Səhəri gün balaca qızcığaz bütün bu təzyiqlərə tab gətirə bilməsə nə olacaq? Bunu düşünürsünüzmü? Əminəm ki, “düşünürsünüz”, ona görə də asıb-kəsirsiniz.

Gələk, Təranəylə eyni qazanda qaynayan şou-biznes nümayəndələrinə. Bir-iki qalmaqal yaşadığı məşhurları saymasaq, onun hamıya can yandırmağı, işində köməklik etməyi heç kimə yad deyil.

Amma görünür şou nümayəndələrinə yaddır. Yad olmasa belə çətin zamanlarda ona dəstək olar, ağır günlər keçirən ailəsinin yanında olardılar.

Bəlkə adlarının qadın al-verində günahlandırılan Təranəylə yan-yana çəkilməsini istəmirlər?

Halbuki, Təranənin pulu olsaydı, indi ona “can-can” deyib, qarşısında baş əyərdilər. Necə ki, çox yaxşı tanıdıqları, onlarla aktrisa, rəqqasə və müğənniləri pul müqabilində başqalarına təklif edənlərə baş əyirlər. Onu ehtiramla qarşılayıb, hörmətlə yola salırlar, “bir” sözünü “iki” etmirlər. Nə deyək? Onlara imkanı olan “fahişə”ni “Həci xanım” etmək xoşdur, amma fahişəliyə cəlb etməkdə günahlandırılan birinə dəstək vermək qarın ağrısıdır. Bu da onların seçimidir.

Düzdü, bu aralar onun ailəsinə “sahib çıxan”, anasının halına “yanan” iki nəfər var. Bunlar da hər zaman gündəm arxasınca qaçan, Təranənin həbsdə olmasını bəhanə edib özünü reklam edən və bundan piar güdən müğənnilər Rəqsanə İsmayılova və Kərim Abasovdur.

Kərim deyib ki, Təranə həbsdən çıxana kimi onun anasına və qızına sahib çıxar. Çünki xətirlərini çox istəyir və onların halına acıyır. “İradə xalası” (Təranənin anası – red.) onun paltarını yuyub, qarşısına yeməyin ən gözəl yerini qoyub.

Bu məqamda Abasovun aylar öncə Təranəyə yazdığı status yada düşür:

“Gedib lazımı orqanlara ananla qaynatdığın zibillərdən danış, ay qüsursuz insan. Qızın dünyaya gələndə efirə çıxib dedin ki, qoy bu Kərimə göz dağı olsun. Ay Səmədova, mənimsə oğlum oldu, qoy bu sənə göz dağı olsun. Oğlum vaxt gələcək, bütün qisasımı necə lazımdırsa, alacaq. İndi görüm kim kimə göz dağı olacaq”.

Yəqin ki, artıq sözə ehtiyac yoxdur. Suelin (Təranənin qızı – red.) gələcəyini düşünən və “İradə xalası”nın halına acıyan birinin bu gün yazdığı paradoksal fikirləri izah etməyə və bunun ucuz reklam olduğunu anlamağa çox güclü “iq” lazım deyil.

Rəqsanə İsmayılovanın statusuna gəldikdə isə, o boyda qalmaqallardan, qırğınlardan sonra bu yazının da reklam üçün olmağı hər kəsə aşkardır.

Hamını qınamaq asandır, təhqir və tənqid etmək də, amma insan olmaq çətindir. Əsl insanlar isə bu dünyaya gec-gec gəlir.

Qarşınızdakının kim olduğu fərq etmir – günahkar, cinayətkar, fahişə və ya başqası. Öncə özünüzün kim olduğunuza baxın və unutmayın qınadığınızı yaşamadan bu dünyadan köçməzsiniz…