Səkkiz ayda ölkəyə 251min baş diri qoyun idxal edilib; ölkədə heyvandarlıq üçün şərtlər ağırlaşıb

Azərbaycanda iribuynuzlu mal-qara və qoyunların sayında son illərdə müşahidə olunan azalma daha da sürətlənib. Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, 2023-cü il oktyabr ayının 1-nə Azərbaycandan 2 milyon 533,1 min baş iribuynuzlu heyvan, 7 milyon 223.2 min baş xırdabuynuzlu heyvan olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayında 4.3 faiz və ya 113.4 min baş, xırdabuynuzlu heyvanların sayı isə 8.9 faiz və ya 705.1 min baş azalma deməkdir. Bu, həmçinin ölkədə xırda və iribuynuzlu heyvan sayında son 10 illik dövrdə ən kəskin azalmadır.

Rəsmilər bildirirlər ki, cins olmayan mal-qaranın, xırdabuynuzlu heyvanların sayının azalması cins tərkibin genişlənməsi ilə müşayiət olunur və bu, müsbət tendensiyadır. Çünki dövlət cins tərkibli intensiv fermaların yaradılmasını stimullaşdırır, bu sahəyə 3 istiqamətdə dəstək verir. Birincisi, intensiv fermaları qurmaq üçün cins mallar və zəruri avadanlıqlar fermerlərə 60 faiz güzəştlə satılır. İkinci dəstək, süni mayalanma sisteminin qurulmasıdır. Burada iki istiqamət var: birincisi, dövlət süni mayalanma üçün texnoloji-elmi bazanı yaradır, ikincisi, süni mayalanma yolu ilə əldə edilən hər buzova görə fermerə 100 manat subsidiya ödənilir. Heyvandarlığa üçüncü dəstək mexanizmi bütün növ sənaye yemlərinin idxalının, satışının ƏDV-dən azad olunmasıdır. Bundan əlavə, bir sıra bitkiçilik sahələri üçün verilən subsidiya elə heyvandarlıq sahəsi üçün əlverişli şərtlər formalaşdırır. Məsələn, arpa, soya, qarğıdalı və sair heyvandarlıqda yem kimi istifadə olunan bitkilərin əkini subsidiyalaşdırılır. Bu da heyvandarlıq üçün dəstək mexanizmi hesab oluna bilər.

Ətin qiyməti o halda ucuzlaşa bilər ki...” - MÜSAHİBƏ | marja.az

Rəsmilər bildirirlər ki, Azərbaycanda heyvandarlığa dövlət dəstəyi sırf məhsuldarlığın  artırılması, intensiv ferma modelinə keçidin stimullaşdırılmasına yönəlib. Lakin proses çox ləng gedir, intensiv ferma təsərrüfatlarının sayındakı artım ölkədə ətə olan tələbatın artım sürətindən qat-qat aşağıdır. Rəsmi statistikaya görə, ölkə üzrə illik adambaşına ət və ət məhsulları istehlakı 42 kiloqrama yaxınlaşır. Bu istehlakın tərkibində ən yüksək paya 16 kq ilə mal əti sahibdir. Qoyun və keçi əti istehlakı adambaşına 9 kq, quş əti istehlakı isə 15,4 kq civarındadır. Əhali sayının da artımını nəzərə alsaq, Azərbaycanda ət istehsalının artan tələbatı qarşılamaq üçün sürətlə çoxaldılması gərəkir. Lakin 2015-ci il devalvasiyalarından sonra kənd təsərrüfatında ağırlıq bitkiçiliyin üzərinə salınıb. Heyvandarlıq sektorunun istifadəsində olan yüz minlərlə hektar örüş-otlaq, qışlaq sahələri əkin altına salınıb. Otlaq və qışlaq yerlərindən məhrum olan heyvandarlar məcburən təsərrüfatlarını kiçiltməli olublar. Ölkədə mal-qara, qoyun-keçi sayının sürətli azalması da məhz bununla bağlıdır.

Son illərdə mal-qara sayının azalması xaricdən diri heyvan idxalının kəskin artımı ilə müşayiət olunur. Çoxsaylı fiziki şəxslər xaricdən azyaşlı mal-qara və qoyun alıb bir neçə ay bəslədikdən sonra kəsimə verirlər. Çoxsaylı təsərrüfatlar əsasən Gürcüstan, Rusiya və Ukraynadan diri heyvanı alıb gətirərək, onları müəyyən müddətdə kökəldir və kəsimə verirlər. Rəsmi statistikadan aydın olur ki, 2022-ci ildə ölkəyə kəsim üçün 41 min 997 baş diri iribuynuzlu heyvan idxal olunub ki, bu da 2021-ci ildəkindən 4071 baş, yaxud 8,8 faiz azdır. Çox maraqlıdır ki, ötən il Azərbaycana 194 min 562 baş, yəni əvvəlki ildəkindən 76 988 baş və ya 65,5 faiz çox qoyun gətirilib.

Bu ilin ötən dövründə isə diri heyvan idxalında çox böyük artım var. Belə ki, bu ilin yanvar-avqustunda ölkəyə 26 milyon 186,42 min dollarlıq 47 313 baş kəsim məqsədli  iribuynuzlu heyvan idxal olunub. Qoyun idxalı isə 19 milyon 412,36 min dollar dəyərlə 251 min 79 baş təşkil edib. Ötən ilin eyni dövründə idxal müvafiq olaraq 10 milyon 429,27 min dollarlıq 21 440 baş, 6 milyon 969,17 min dollarlıq 73 193 baş təşkil etmişdi. Bu isə diri mal-qara idxalının dəyər ifadəsində 2,5 dəfədən, say baxımından 2,2 dəfədən çox, diri qoyun idxalının isə müvafiq olaraq 2,8 dəfədən və 3,4 dəfədən çox artması deməkdir. Göründüyü kimi, ölkədə qoyun sayının azalması diri qoyun idxalının artımı ilə eyni gedir. Bu isə intensive ferma təsərrüfatına keçid iddialarının reallığı əks etdirmədiyini göstərir.

Bu tarixdə ətin qiyməti 20 MANAT OLACAQ — AÇIQLAMA

Məhz yerli mal-qara tələbatı təmin etmədiyi üçün artıq ölkəyə mal ətinin idxalı da sürətlə artır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin 8 ayında mal əti idxalı 4 542,99 ton təşkil edib. Buna 18 milyon 503,33 min dollar vəsait sərf edilib. Ötən ilin eyni dövründə mal əti idxalımız 8 milyon 622,1 min dollar dəyərində 1 883,65 ton olmuşdu. Beləliklə, mal əti idxalında çəki ifadəsində 2,4 dəfədən çox, dəyər ifadəsində isə 2,1 dəfədən çox artım var.

Mal ətinin 2486,54 tonu Ukraynadan, 645 tonu Belarusdan, 932 tonu Hindistandan, 355 tonu Braziliyadan, qalanı digər ölkələrdən gətirilib.

Statistikadan da aydın görünür ki, məhz xaricdən gətirilən diri heyvanların hesabına Azərbaycanda heyvandarlıq məhsulları istehsalında artım baş verir. Statistika Komitəsinin məlumatına əsasən, bu ilin doqquz ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,5 faiz, bitkiçilik məhsulları üzrə isə 2,5 faiz artıb. 2023-cü ilin yanvar-iyul aylarında quş əti də daxil olmaqla, diri çəkidə 424,5 min ton ət istehsal olunub. 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,2 faiz artıb.

Statistikadan o da aydın olur ki, bu ilin birinci yarısında diri heyvan idxalında qiymətlərin ciddi şəkildə azalması baş versə də, iyuldan bu, etibarən kəskin bahalaşma ilə əvəz olunub. Belə ki, 2023-cü ilin yanvar-avqustunda diri iribuynuzlu heyvanın 1 başı 553,5 dollara idxal olunub. Halbuki yanvar-iyunda bu göstərici 389,7 dollar, ötən ilin eyni dövründə 446,5 dollara bərabər olub.

İdxal olunan qoyunların qiymətində isə azalma davam edir: bu ilin 8 ayında 1 qoyun 77,3 dollara, 6 ayda 87,7 dollara, ötən ilin 6 ayında isə 107,1 dollara alınıb. Lakin bu ucuzlaşmanı biz pərakəndə ət satışında hələ də görmürük. Əksinə, qiymətlər artmağa davam edir. Ötən ildən indiyədək Azərbaycanda mal ətinin 1 kiloqramı 11 manatdan 14-15 manata, qoyun əti isə 13 manatdan 17 manata qədər bahalaşıb. Bu bahalaşma daha çox Ukraynadakı müharibənin daşıma zəncirində yaratdığı problemlərlə izah olunur. Məsələ burasındadır ki, Azərbaycan 2022-ci ilədək Ukraynadan çoxlu sayda mal-qara və qoyun idxal edirdi. Müharibə başlayandan – Ukraynanın Qara dəniz limanları Rusiya tərəfindən mühasirəyə alınandan bu, mümkünsüz olub. İdxalda ağırlıq Rusiyaya, Gürcüstana və qismən Qazaxıstana düşüb.

Lakin Azərbaycan hökuməti ərzaq bazarını Ukraynada başlayan müharibənin  qlobal bazarlara təsirindən qorumaq üçün 2022-ci ildə bir sıra addımlar atıb. 2022-ci ilin may ayından Nazirlər Kabinetinin qərarı ilə yem və yem əlavələrinin idxalı gömrük rüsumundan azad edilib. Nazirlər Kabinetinin  30 iyun tarixli  “Satışı Əlavə Dəyər Vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı”nın təsdiq olunmasına dair qərarına əsasən, 72 növdə yem və yem əlavələrinin satışı Əlavə Dəyər Vergisindən azad olunub.

İyulda isə Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə” fərman imzalayıb. Bu fərmanla quşçuluq və heyvandarlıq sahələrində istifadə olunan əsas yem məhsullarıın idxalı da ƏDV-dən azad edilib.

Bu ilin aprel ayında Nazirlər Kabineti bu məhsulların idxalını 2030-cu ilədək ƏDV və gömrük rüsumundan azad edib.

Hazırda ət qiymətlərinin azalması deyil, artması üçün zəmin yarandığını söyləmək olar. Belə ki, rəsmi statistikaya görə, 2023-cü ilin sentyabr ayında əvvəlki ayla müqayisədə heyvandarlıq təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi 1,2 faiz, ötən ilin sentyabrı ilə müqayisədə 9,7 faiz, bu ilin yanvar-sentyabrında ötən ilin yanvar-sentyabrı ilə müqayisədə isə 12.6 faiz artıb. Bundan əlavə, diri heyvan idxalında iki əsas bazarımızdan biri Rusiyadır: bu ilin 8 ayında iribuynuzlu heyvanın 15697 başı, diri qoyunların isə 87 166 başı Rusiyadan, 29 min 307 baş və 163 min 323 başı Gürcüstandan alınıb. Daha 2246 baş diri iribuynuzlu heyvan Qazaxıstandan idxal edilib. Diri qoyunlar üzrə əsas idxal bazarımız olan Rusiyada son 3 ayda inflyasiya sürətlənib. Bu müddətdə mal və qoyun əti istehsalçı qiymət indeksi 25 faizə yaxın bahalaşıb. Bu isə ən azı Rusiyadan diri mal-qoyun idxalının bahalaşacağı deməkdir.