29.08.2026 - 14:43
Ölkə 43 baxış

Təhsil haqları artırıldı: Tələbələr narazı, güzəştlər gündəmdə

Azərbaycanda bəzi universitetlərdə təhsil haqlarının artırılması yeni qəbul olan tələbələr və onların valideynləri arasında narazılığa səbəb olub. Artan təhsil haqları fonunda sosial həssas qruplara hansı güzəştlərin tətbiq oluna biləcəyi də gündəmə gəlir.

Minval.info xəbər verir ki, Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənli bu məsələdə əsas diqqətin yalnız təhsil haqqının artırılmasına deyil, artımın əsaslandırılmasına və tələbəyə təqdim olunan təhsilin həmin məbləğə adekvat olub-olmamasına yönəldilməli olduğunu bildirib. O qeyd edib ki, universitetlər təhsil haqqını artırırsa, tələbələr haqlı olaraq bu artımın qarşılığında təhsilin keyfiyyətində, müəllim heyətində, laboratoriyalarda, resurs və imkanlarda, təcrübə proqramlarında və karyera dəstəyində nə dəyişəcəyini soruşurlar.

Əmrah Həsənli əlavə edib ki, sosial həssas qruplara xüsusi yanaşma vacibdir. Hazırda qanunvericilikdə şəhid ailəsi üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, müəyyən əlillik kateqoriyalarına aid şəxslər, müharibə veteranları və digər sosial qruplar üçün təhsil haqqından azadolmalar nəzərdə tutulur. Maddi çətinlik yaşayan tələbələr üçün təhsil təqaüdü mexanizmi də mühüm alternativdir.

Ekspert vurğulayıb ki, universitetlərin daxili imkanları hesabına akademik göstəricilərə, sosial vəziyyətə və ailənin maddi durumuna görə əlavə endirimlər tətbiq etməsi təşviq olunmalıdır. Məsələn, yüksək nəticə göstərən tələbəyə təqaüd, aztəminatlı ailədən olan tələbəyə sosial güzəşt, qardaş və bacılar eyni universitetdə təhsil alırsa, ailə güzəşti və ya təhsil haqqının hissə-hissə ödənilməsi kimi mexanizmlər tətbiq edilə bilər.

Təhsil haqqının təhsil səviyyəsinə uyğunluğu məsələsinə gəldikdə isə, Əmrah Həsənli bildirib ki, bütün universitetlər haqqında eyni fikir söyləmək olmaz. Eyni məbləğdə təhsil haqqı ödəyən tələbələr eyni keyfiyyətdə təhsil almırsa, burada ciddi bir problem yaranır. Universitetlər təhsil haqqının formalaşmasına təsir edən amilləri daha şəffaf izah etməlidirlər. Tələbə bilməlidir ki, ödədiyi məbləğ hansı xidmətlərə, hansı akademik resurslara və hansı imkanlara yönəlir. Təhsil haqqı artırılırsa, bunun tələbə üçün real və ölçülə bilən keyfiyyət artımı ilə müşayiət olunması vacibdir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: